“Pislərin ən pisi” Quantanamoya: -

Bu gün, 00:10           
“Pislərin ən pisi” Quantanamoya: -
İki gün əvvəl az sayda miqrant ABŞ-ın hərbi təyyarəsi ilə Texasdan Kubanın Quantanamo körfəzindəki təcridxanaya köçürülüb. Təyyarə Kubaya çatmadan öncə “Amerikanın Səsi”nə adının anomim qalması şərti ilə danışan ABŞ müdafiə rəsmisi deyib ki, adminsitrasiyasının “yüksək təhlükə” hesab etdiyi 20-dən az miqrant Fort Bliss bazasından Quantanamoya ilk C-17 reysi ilə aparılıb.

ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem çərşənbə axşamı “X” sosial media şəbəkəsində bəzi miqrantların hərbi yük təyyarəsinə minməyə hazırlaşarkən çəkilən fotolarını yerləşdirərək, onları "pislərin ən pisi" adlandırıb və onları deportasiya etmək səylərinin yeni başladığına dair xəbərdarlıq edib.

Daha sonra Daxili Təhlükəsizlik Departamenti Texasdan Quantanamo körfəzinə hərbi təyyarə ilə aparılan miqrantların hamısının Venesuelada transmilli əhatəyə malik olan “Tren de Araqua” küçə qanqster dəstəsinin üzvləri olduğunu bildirib. Rəsmilər onların ilk dəfə nə vaxt və necə saxlandıqlarını açıqlamayıb.

Ağ Ev “Tren de Araqua”nı xarici terror təşkilatı kimi təyin etmək planlarını açıqlayıb. Prezident Donald Trampın ötən ay imzaladığı sərəncamdan bəri, Pentaqon sənədsiz mühacirlərin saxlanma əməliyyatlarını dəstəkləmək üçün Quantanamodakı müəssisələri genişləndirmək məqsədilə ora 300 dəniz piyadasını göndərib. Mətbuatda yer alan məlumatlara görə, onlar miqrantları dəniz bazasının ayrıca hissəsində hasarlanmış ərazinin içərisində yerləşdirmək üçün çadırlar qurublar.

“Fox News” isə xəbər verir ki, həmin müəssisələr hələ miqrantlar üçün hazır deyil. “Amerikanın Səsi”nə danışan ABŞ rəsmisinin sözlərinə görə, çərşənbə axşamı ora aparılan miqrantlar ABŞ təcridxanasında saxlanılacaq. Təcridxanada əsasən hərbi əsirlər və terrorda şübhəli bilinən şəxslər, o cümlədən 2001-ci il 11 sentyabr hücumlarında iştirak edənlər və “Taliban” üzvləri saxlanılıb.

Tramp ötən ay imzaladığı sərəncamda Müdafiə və Daxili Təhlükəsizlik Departamentlərinə ABŞ-ın dəniz bazasını 30 minə qədər miqrantı saxlamağa hazırlamağı tapşırıb.

"Onların bəziləri o qədər pisdir ki, hətta ölkələrin belə onları saxlamasına güvənmirik. Çünki onların geri qayıtmasını istəmirik. Ona görə də onları Quantanamoya göndərəcəyik", Tramp deyib.

Barak Obama və Co Baydenin dövründəki administrasiyalar 2001-ci il 11 sentyabr hücumlarından qısa müddət sonra ABŞ-ın Əfqanıstana müdaxiləsinin ardınca 2002-ci ildə Corc Buş administrasiyası tərəfindən tikilmiş həbs düşərgəsini bağlamağa çalışıb.

“Human Rights First” təşkilatının prezidenti və baş icraçı direktoru Sü Hendrikson açıqlamasında bildirib ki, miqrantları Quantanamoya göndərmək “insan haqları fəlakəti yaradacaq”.

"Tramp administrasiyası miqrantların Quantanamoya göndərilməsinin simvolizmini cəlbedici hesab edə bilər. Amma onun praktiki nəticəsi daha çox ədalətsizlik, israfçılıq və öz-özünə səbəb olduğu etibarın itirilməsi olacaq", Hendrikson deyib.

Terrora Qarşı Qlobal Müharibənin ən qızğın vaxtında təcridxanada 680-ə yaxın məhbus saxlanılırdı. Pentaqonun bildirdiyinə əsasən, yanvarın 6-na olan məlumata görə, müəssisədə cəmi 15 məhbus olub.

Terrorda şübhəli bilinən şəxslərin saxlanması üçün istifadə edilmədən əvvəl ABŞ-ın dəniz bazası həmçinin 1990-cı illərin əvvəllərində Kuba və Haitidən olan miqrantların yerləşdirilməsi üçün istifadə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.