Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
Bu gün, 17:14
![Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib](/uploads/posts/2025-02/1738955687_1.jpg)
ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ABŞ vətəndaşları və ya İsrail kimi ABŞ müttəfiqləri ilə bağlı təhqiqatlarında işləyən insanlara qarşı iqtisadi və səyahət sanksiyalarına icazə verib. Beləliklə o, ilkprezidentlik dövründə etdiyi hərəkətləri təkrarlayıb.
Bu addım keçmiş müdafiə naziri və Fələstinin HƏMAS silahlı qruplaşmasının lideri ilə birlikdə Qəzza zolağındakı müharibəyə görə BCM tərəfindən axtarışa verilən İsrailin baş naziri Benajmin Netanyahunun Vaşinqtona səfəri ilə üst-üstə düşüb.
ABŞ-ın sanksiyalara məruz qalan insanların adlarını nə qədər tez elan edəcəyi bəlli deyil. 2020-ci ildə ilk Tramp administrasiyası zamanı Vaşinqton o vaxtkı prokuror Fatou Bensouda və onun baş köməkçilərindən birinə qarşı BCM-nin Əfqanıstanda Amerika hərbçiləri tərəfindən törədilən hərbi cinayətləri təhqiqatına görə sanksiyalar tətbiq etmişdi.
BCM şərh sorğusuna hələl cavab verməyib. Sanksiyalara məruz qalan şəxslərin ABŞ-dakı aktivlərinin dondurulması, onların və ailələrinin ABŞ-a səfərinin qadağan edilməsi daxildir.
125 üzvdən ibarət BCM daimi fəaliyyət göstərən məhkəmədir və fərdləri hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırım və üzv dövlətlərin ərazisinə və ya onların vətəndaşlarına qarşı təcavüz cinayətlərinə görə təqib edə bilər. ABŞ, Çin, Rusiya və İsrail üzv deyil.
Tramp bu sərəncamı ABŞ Senatının Demokratlar Partiyasının keçən həftə müharibə cinayətləri məhkəməsini hədəf alan sanksiya rejimini təyin etmək üçün Respublikaçıların rəhbərlik etdiyi qanunun qəbuluna mane olmasından sonra imzalayıb.
Mənbələrin keçən ay Reuters-ə verdiyi məlumata görə, məhkəmə hərbi cinayətlər tribunalına mane ola biləcək maliyyə məhdudiyyətlərinə hazırlaşdığı üçün maaşları üç ay əvvəl ödəməklə işçiləri ABŞ-ın mümkün sanksiyalarından qorumaq üçün tədbirlər görüb.
Dekabrda məhkəmənin sədri, hakim Tomoko Akane xəbərdarlıq etmişdi ki, sanksiyalar “bütün hallarda və işlərdə məhkəmənin fəaliyyətinə ciddi zərbə vuracaq və onun mövcudluğunu təhlükə altına salacaq”.
Rusiya da məhkəməni hədəf alıb. 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi prezident Vladimir Putini yüzlərlə uşağı Ukraynadan qeyri-qanuni deportasiya etməsinə görə hərbi cinayətdə ittiham edərək onun həbsinə order verib.
Rusiya BCM-nin baş prokuroru Kərim Xanın ölkəyə girişini qadağan edib və onu və iki BCM hakimini axtarışa verib.