Azərbaycan Ermənistanı Bern Konvensiyası pozmaqda ittiham edir
14-02-2025, 16:44

Azərbaycan bir zamanlar Ermənistan qoşunlarının nəzarətində olmuş Azərbaycan ərazilərində genişmiqyaslı ekoloji dağıntılara dair sübutlar təqdim edərək, Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində Ermənistana qarşı iddia qaldırdığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 12-də verdiyi məlumata əsasən, Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədi təqdim edib.
Azərbaycanın çərşənbə günü Haaqa məhkəməsində qaldırdığı iddia, Ermənistanı 1979-cu il Bern Konvensiyasını – Avropada və Afrikanın bəzi hissələrində təbiət ərazilərini qoruyan beynəlxalq müqaviləni pozmaqda ittiham edir.
Azərbaycan bu konvensiyanı 2000-ci ildə, Ermənistan isə 2008-ci ildə ratifikasiya edib.
“Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib”, məlumatda deyilir.
Rəsmi Yerevan Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına hələ münasibət bildirməyib.
Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.