Zelenski: "Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyik"

16-02-2025, 10:04           
Zelenski: "Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyik"
Ukrayna onun barəsində iştirakı olmadan əldə edilən sövdələşmələri qəbul etməyəcək.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Ukrayna heç vaxt bizim arxamızca və ya iştirakımız olmadan əldə edilən sövdələşmələri qəbul etməyəcək. Eyni qayda bütün Avropaya aid olmalıdır. Ukraynasız Ukrayna, Avropasız Avropa haqqında qərar ola bilməz", - o vurğulayıb.

V.Zelenski Ukraynanın dron müharibəsində dünya lideri olduğunu da vurğulayıb:

"Bu bizim uğurumuzdur, amma həm də sizin uğurunuzdur. Öz müdafiəmiz üçün qurduğumuz hər şey sizin təhlükəsizliyinizi də gücləndirir. Biz Avropanın silahlı qüvvələrini elə qurmalıyıq ki, onun gələcəyi yalnız avropalılardan asılı olsun və Avropa haqqında qərarlar Avropada qəbul edilsin".

Ukrayna Prezidenti ABŞ vitse-prezidenti Cey Di Vensin çıxışına da diqqət çəkib: "Vitse-prezident aydın şəkildə bildirdi ki, Avropa ilə ABŞ arasındakı qədim münasibətlərin onillikləri başa çatır. Bundan sonra hər şey fərqli olacaq və Avropa buna uyğunlaşmalıdır. Amerikanın Avropaya bazar kimi ehtiyacı var. Amma müttəfiq kimi ehtiyacının olub-olmadığını bilmirəm. Cavabın "bəli" olması üçün Avropanın tək bir səsi olmalıdır".

V.Zelenski Rusiyanın Belarusa qoşun göndərməyi planlaşdırdığını da bildirib: "Bizdə dəqiq məlumat var ki, bu yay Rusiya təlim məşqləri bəhanəsi ilə Belarusa qoşun göndərməyi planlaşdırır. Amma müharibədən əvvəl məhz belə qüvvə yerləşdirmişdilər. Rusiya hər həftə yeni ordu səfərbərlik mərkəzləri açır. Neft qiymətləri hələ də Putinin dünyanı görməzdən gəlməsi üçün kifayət qədər yüksəkdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.