Siyasi məhbus Tahir Naqəviyə doktorantura imtahanında iştirak etməyə icazə verilmir
18-02-2025, 16:18

İranın Evin həbsxanasının rəhbərliyi və təhlükəsizlik qurumları azərbaycanlı siyasi məhbus, vəkil Tahir Naqəvinin doktorantura imtahanında iştirak etməsinə mane olub.
Hüquq müdafiəçisi Sina Yusifinin X sosial şəbəkəsində paylaşdığı məlumata görə, artıq bir ildən çoxdur həbsdə olan Tahir Naqəvi fevralın 20-də keçiriləcək doktorantura imtahanına hazırlaşsa da, həbsxana rəhbərliyi onun imtahana aparılmasına icazə verməyib.
İranda həbsxanaların daxili qaydalarına əsasən, məhbusların təhsil almaq və elmi imtahanlarda iştirak etmək hüququ təmin olunmalıdır.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Naqəvi ötən il də eyni imtahana qatılmaq üçün hazırlaşmışdı, lakin həmin vaxt həbs olunaraq İranın Kəşfiyyat Nazirliyinin təcridxanasına yerləşdirilmiş və dindirilmə prosesi keçirilmişdi.
Siyasi məhbusun yaxınlarının verdiyi məlumata əsasən, Evin həbsxanasının məsul şəxsləri bir neçə həftə əvvəl Naqəvinin imtahanda iştirakına şərait yaradacaqlarını vəd etmişdilər. Lakin son günlərdə Naqəvinin imtahana buraxılması ilə bağlı müraciətləri müxtəlif bəhanələrlə rədd edilib və ona məzuniyyət verilməyib.
Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi keçən il fevral ayının ilk həftəsində Kərəc şəhərində həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb. O, "ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" və "sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək" ittihamları ilə ümumilikdə 6 il həbs cəzasına məhkum edilib. Məhkəmə prosesi Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə keçirilib.
Nəqəvi həbsxanada təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Lakin fiziki vəziyyətinin pisləşməsi və infarkt riski səbəbindən, həbsxana həkiminin xəbərdarlığı və ailəsinin xahişi ilə aclıq aksiyasını dayandırıb. Bu müddət ərzində o, dəfələrlə həbsxana klinikasına yerləşdirilib.
Həbs müddəti ərzində Nəqəvi dəfələrlə Evin həbsxanasının müxtəlif bölmələrinə köçürülüb və bəzi məhbuslar tərəfindən təhqir və fiziki hücumlara məruz qalıb. Bu hadisələrdən sonra ailəsi və yaxınları onun saxlanma şəraiti və sağlamlıq vəziyyətindən ciddi narahatlıqlarını ifadə ediblər.
Tahir Nəqəvi 2024-cü ilin fevral ayının ilk həftəsində Kərəc şəhərində həbs edilib və o zamandan bəri məzuniyyətə və ya zaminə buraxılmadan məhkəməsi keçirilib. Hazırda o, Tehranın Evin həbsxanasında 5 il həbs cəzasının bir ilini çəkib.