Bakıdan İmamoğlunun həbsi ilə bağlı iki əks qütblü yanaşma
29-03-2025, 11:48

Türkiyədə baş verənlər dünyanın diqqətindədir. Azərbaycanda da qardaş ölkədəki proseslər həssaslıqla izlənir. Əkrəm İmamoğlunun həbsini ədalətsiz sayanlarla yanaşı, bunu hüquqi hadisə kimi dəyərləndirənlərə də rast gəlinir.
Ağ Partiya başqanı Tural Abbaslı Globalinfo.az-a açıqlamasında mövzunu ətraflı şərh edib:
“Əkrəm İmamoğlunun həbsi siyasi deyil, daha çox hüquqi hadisədir. Burada cinayət şübhələri var. İstintaq gedir. Heç bir siyasətçi hüquqdan yüksəkdə durmadığı üçün İmamoğlu həbs edilə, cəzalandırıla bilər. AKP hakimiyyətdə olduğu zamanı bu partiyanın bağlanılması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət daxil olmuşdu. Bir səs fərqi ilə AKP bağlanmadı. Hakim partiya qanun qarşısına çıxıb dayanır, partiyanın ləğvi müzakirə predimeti olursa, hansısa müxalifət partiyasının, bələdiyyə sədrinin fəaliyyəti ilə bağlı cinayət işi açılıb, milyardlarla dollarlıq yeyinti şübhəsi altında həbs edilməsi niyə bu qədər ajiotaj yaradır? CHP tərəfdarları hazırda məsələni siyasiləşdirməyə çalışırlar. Guya İmamoğlu prezidentliyə namizəd olduğu üçün onu həbs etməyə çalışdıqlarını vurğulayırlar. Lakin İmamoğlu keçən seçkilərdən prezidentliyə namizədliyini irəli sürmüşdü. O, hər zaman özünü Ərdoğana rəqib göstərməyə çalışırdı. Niyə həmin müddətdə həbs olunmamışdı? Hazırda bir faktdır ki, ortada şikayətlər, yeyintilər, axtarışda tapılan milyonlarla pullar var. Müxalifət özünü qorumaq üçün təbii ki, etiraz aksiyaları edəcək. Lakin bunlar da qanun çərçivəsində olmalıdır. Türkiyəni daxildən zəiflətməməli, həm də xarici beynəlxalq qüvvələr arasında zəif duruma salmamlıdır. 2024-cü ildə AKP -li 24 bələdiyyədə yoxlamalar aparılıb, onlardan təxminən 2-3-ü həbs olunub. O zaman gərək AKP də mitinq edərdi ki, niyə bələdiyyələr həbs olunub. Ortada cinayət varsa, istintaq da aparılacaq, həbslər də olacaq. Siyasi kimlik heç kimə qanunları istədiyi kimi pozmağa imtiyaz vermir.
Tural Abbaslı deyib ki, sözügedən proses fonunda kimlərinsə Türkiyə ilə hədə dilində danışmağa cəhd edəcəyini düşünmür:
“Orada ədalətli məhkəmə sisteminin olduğuna inanıram. Çünki bir çox hallarda müxalifət elə həmin məhkəmələr vasitəsilə hakimiyyət üzərində qələbə qazanıb. Hər bir halda qanunlara uyğun istintaq aparılmalı, haqq, ədalət yerini tapmalıdır”.
Politoloq Zeynal Əmrəliyev isə qeyd edib ki, Əkrəm İmamoğlu ilə bağlı məsələ bir neçə ilə dayanır:
“2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyini qazananda mövcud iqtidar ona qarşı sərt yanaşma sərgilədi. Seçkinin nəticələri ləğv edildi, sonradan yenidən seçkilərin keçirilməsi ilə bağlı AKP çıxış etdi. Bu zaman İmamoğlu daha böyük üstünlüklə Binəli Yıldırımı məğlub edərək İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi. Bu bələdiyyə çox geniş maliyyə imkanlarına malik olan qurumdur. Həmin bələdiyyəni ələ keçirən partiya Türkiyədə milyonların dövriyyəsinə nəzarət edir. Yəni çox önəmli mövqeyə sahib olan bələdiyyədir. Ona görə də İstanbul uğrunda mübarizə normal xarakter daşıyır. Hələ o zaman AKP -yə yaxın olan media qurumlarında, ekspertlər camiyəsində belə bir fikir səsləndirilirdi ki, bir müddətdən sonra onsuz da İmamoğlu həbs ediləcək və bələdiyyənin idarəsi yenidən AKP-yə qaytarılacaq. İmamoğlunun diplomunun ləğv edilməsi və həbsi bu prosesin başlanğıcını qoydu. Bu, İmamoğlunu prezidentlik yarışından kənarlaşdırmaq niyyəti də daşıyır. Çünki o, kifayət qədər populist, nüfuzlu bir siyasətçidir.
Türkiyə siyasətində Ərdoğan kimi bir şəxsin qarşısında populist bir siyasətçinin çıxması tələb olunur. Özgür Özəl isə belə bir ustalıq nümayiş etdirməyib. İmamoğlunun həbsi siyasi sayıla bilər. Çünki AKP rüşvət, korrupsiya məsələlərinin üzərinə gedirdisə, bundan əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Məlik Gökçekin dövründə bu bələdiyyədə kifayət qədər çox korrupsiya faktları olub. AKP-nin quruculuarından biri, uzun illər parlament sədri olmuş Bülent Arınç belə Məlik Gökçekin korrupsiya məsələsinə işarə edərək “Ankaranı parça-parça satdı” demişdi. Bəs həmin vaxt Gökçekin fəaliyyəti niyə araşdırılmadı? Kadir Topbaşın dövründə İstanbul Böyükşəhər Bələdiyyəsi camaata nəzarət edirdi, şəffalıq yox idi. Həmin dövrdəki tender siyasəti araşdırılmalı idi. Rza Zərraba rüşvət verən nazirlər qalmaqlı yaşanmışdı. AKP hökuməti həmin nazirləri mühakimə edən hüquq mühafizə orqanlarının əməkdaşlarını belə vəzifədən uzaqlaşdırdılar. İmkan vermədilər ki, nazirlərin fəaliyyəti araşdırılsın. Əgər həqiqətən AKP hüquq sisteminə söykənən siyasət yürüdürsə, həmin nazirlərin fəaliyyəti də araşdırılmalı idi.
İmamoğlunun həbsi tamamilə siyasi, Türkiyənin demokratik inkişafına xələl gətirən, heç bir əsası olmayan yanaşmadır. Türk gəncliyi də buna görə küçələrə çıxaraq etiraz edir. Türkiyə hüquq sistemi düzgün qərar verərək bu məsələni tamamilə aradan qaldırmalıdır. Bu addım AKP-nin nüfuzuna ciddi şəkildə zərbə vurdu”.