Gürcüstanın neytrallıq siyasəti sona çatır -ŞƏRH
Bu gün, 00:13

Tbilisinin sanksiyalara qoşulması Qərbə reveransdır, Moskva ilə münasibətlər gərginləşə bilər
Gürcüstan Bankının kartlarına sahib olan Rusiya vətəndaşları üçün 300 avrodan çox alış-verişə məhdudiyyət tətbiq edilib. Gürcüstan Bankının mətbuat xidmətinin TASS-a açıqlamasında bunun beynəlxalq sanksiyalara əməl etmək öhdəliyi ilə bağlı olduğu bildirilib. Bankdan bildirilib ki, "Bank of Georgia” ABŞ, AB və Böyük Britaniyanın tətbiq etdiyi sanksiya tələblərinə əməl edib".
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, Gürcüstanın xarici siyasətində müşahidə olunan ziddiyyətli meyillər, onun beynəlxalq münasibətlərdəki mövqeyini də qeyri-müəyyən hala gətirib:
“Uzun müddət neytrallıq siyasəti yeritməyə çalışan rəsmi Tbilisi bir tərəfdən Rusiya ilə münasibətləri bərpa etməyə, digər tərəfdən isə Qərblə əməkdaşlığı davam etdirməyə çalışdı. Lakin bu balans siyasəti davamlı ola bilmədi. Son dövrlərdə Qərbdən uzaqlaşan “Gürcü Arzusu” hökuməti, Rusiyaya yönəlik daha yumşaq yanaşma sərgiləməyə başladı ki, bu da Qərb dairələrinin kəskin reaksiyasına səbəb oldu”.
Politoloqun sözlərinə görə, Gürcüstan Bankının bu məhdudiyyəti Qərbin Gürcüstana iqtisadi və siyasi təsir imkanlarını genişləndirdiyini, Tbilisinin isə bu təzyiqlər qarşısında geri çəkildiyini göstərir:
“Gürcüstan da artıq qərbin təzyiqləri qarşısında geri çəkilərək Rusiyaya qarşı sanksiyalara qoşulmaq məcburiyyətində qalıb. Gürcüstan Bankının Rusiya vətəndaşlarının kartlarına alış-veriş məhdudiyyəti qoyması birmənalı olaraq Tbilisinin Qərbə reveransıdır”.
M.Əsədullazədənin fikrincə, Rusiyanın Abxaziya ilə bağlı siyasəti Gürcüstanı ciddi şəkildə narahat edir: “Bu bölgənin Rusiya tərəfindən işğal olunması və de-fakto tanınması, Gürcüstanın milli suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhdid olaraq qalır. Bu səbəbdən, Rusiyaya yönəlik hər hansı güzəşt addımı ictimai və siyasi müstəvidə böyük narahatlıq doğurur. Qərbin Gürcüstandan sanksiyalara qoşulma tələbini artırması da məhz bu kontekstdə baş verir”.
Prosesin təkcə Gürcüstanla məhdudlaşmadığını, demək olar ki, bütün MDB ölkələrinin Rusiyaya pul köçürmələri məsələsində ciddi əziyyət çəkdiyini vurğulayan siyasi ekspert bildirib ki, Azərbaycanın bir neçə bankında da Rusiya banklarına pul köçürmələrində texniki və hüquqi çətinliklər müşahidə edilir:
“Bu, Qərbin maliyyə sisteminə yönəlmiş sanksiyalarının MDB ölkələri üzərində yaratdığı əlavə təzyiqlərin göstəricisidir. Rusiyaya pul köçürmələrinin məhdudlaşdırılması, bu ölkələrlə Rusiya arasında maliyyə əlaqələrini zəiflədir və iqtisadi asılılığı azaldır.
Nəticə etibarilə, Gürcüstan Bankının qərarı təkcə maliyyə sektorunda atılmış texniki bir addım deyil, həm də ölkənin geosiyasi orientasiyasının göstəricisidir. Gürcüstan, yenidən Qərbə yaxınlaşma mesajı verir və bu yolla həm beynəlxalq sanksiyalara əməl etdiyini nümayiş etdirir, həm də gələcəkdə Qərbdən iqtisadi və siyasi dəstək almaq niyyətini ifadə edir. Lakin bu seçim Tbilisinin Rusiya ilə münasibətlərini daha da gərginləşdirə və regionda yeni siyasi çəkişmələrə yol aça bilər. Bu şəraitdə Gürcüstanın qarşısında duran əsas məsələ balanslı və milli maraqlara əsaslanan siyasət yürütmək, Qərb və Rusiya arasında seçim etməyə məcbur qalmadan öz suverenliyini qorumaqdır. Lakin hazırkı addımlar göstərir ki, Tbilisi artıq seçim etmək məcburiyyətindədir və bu seçim Qərbyönümlü görünür”.