Kiyev Trampın nəbzini yoxlamaq üçün Vaşinqtona elçi göndərib
4-06-2025, 09:28

Ukraynanın Prezident ofisinin rəhbəri Andrey Yermakla baş nazirin müavini Yuliya Sviridenko birlikdə Vaşinqtona səfərə gedib. Yuliya Sviridenkonun bundan əvvəl Mineral sövdələşməsi bağlanarkən də Ukrayna nümayəndə heyətində yer aldığı məlumdur. Məhz bu məqam Ukrayna rəsmilərinin Vaşinqtona səfərinin əsl məqsədinə aydınlıq gətirir.
Təxminlərə görə, Amerikanın Ukraynaya verdiyi hərbi yardım paketlərinin tükənib. Ukraynaya onların yerini təcili doldurmaq lazımdır. Amma Ağ Ev yeni silah partiyası verməklə bağlı razılığa gəlməyib. Yermak yəqin ki, Trampı Mineral sövdələşmədən istifadə etməyə inandırmaq niyyətindədir, bu səbəbdən, Yuliya Sviridenko da onu müşayiət edir. Ukrayna rəsmilərinin Trampa bu təklifi sunacaqları təxmin olunur: Ukraynaya silahlar ya pulla, ya da Mineral Sövdələşmə vasitəsilə ödənilmək şərtilə borca verilsin.
Bəs, Tramp bu təklifə müsbət cavab verə bilərmi?
Qeyd edək ki, Tramp Ukraynanın rus hərbi strateji aviasiyasına qarşı həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı ilə bağlı indiyədək hər hansı mövqe açıqlamayıb. Halbuki, Tramp bu zamana qədər Zelenskinin ən xırda sərt mövqeyinə kəskin reaksiya verir, onu 3-cü Dünya Savaşı çıxarmaqda ittiham edirdi. Ukrayna prezidentinin müharibə başlayandan bəri indiyə qədərki ən sərt addımına Trampın səssiz qalması belə görünür ki, Kiyevdə müəyyən ümidlərin doğmasına səbəb olub, Andrey Yermakla Yuliya Sviridenko da onun nəbzini yoxlamaq və silah almaq niyyətilə Vaşinqtona yollanıb.
Heydər Oğuz
TEREF