Qohumları Qənimət Zahiddən imtina etdilər - FOTO
9-11-2016, 00:57
Hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdə olan qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov Daxili İşlər Nazirliyinə və kütləvi informasiya vasitələrinə müraciət edib.
Rövşən və Rüfət Zahidovlar məktublarında qohumları Qənimət Zahiddən imtina etdiklərini bildiriblər. R. Zahidov anket məlumatlarında onun əmisi oğlu kimi göstərilən Qənimət Zahidin yaxın qohumluq əlaqəsinin silinməsini xahiş edib: “Həmin şəxs mənim özümə və yaxın qohumlarıma bir ləkədir. Əlavə olaraq bildirmək istəyirəm ki, Qənimət Zahidin və onun müxalifyönlü partiya yoldaşlarının tərtib etdiyi yalançı “vicdan məhbusu” kimi olan siyahıdan ad və soyadımın çıxarılmasını kütləvi informasiya vasitələrindən xahiş edirəm. Cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti mən və qohumlarım bəyənirik, dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Qənimət Zahid kimi dövlətimizi sevməyən şəxslərə qarşı həmişə haqq sözümüzü demişik və bundan sonra da deyəcəyik”.
Q. Zahidin həbsdə olan qardaşı oğlu Zahidov Rüfət Fərasət oğlu da oxşar bəyanatla çıxış edib. O da əmisi Qənimət Zahidlə olan qohumluq əlaqəsindən imtina etdiyini bildirib: “Əlavə olaraq bildirmək istəyirəm ki, Qənimət Zahidin və onun müxalifyönlü partiya yoldaşlarının məndən bir fiqur kimi istifadə etməsinə son qoyasınız. Hansısa yalançı vicdan məhbusu kimi düzəldilmiş qondarma siyahıdan da adımın çıxarılmasına köməklik edəsiniz. Kütləvi informasiya vasitələrinə də yuxarıda qeyd olunanlardan əlavə olaraq bildirmək istəyirəm ki, nəinki mən, hətta ailə üzvlərim respublikada gedən siyasi fəaliyyəti, inkişafı, cənab prezident İlham Əliyevin apardığı fəaliyyəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Qənimət Zahid kimi respublikamıza xələl gətirən şəxslərə qarşı haqq sözünü, dövlətimizin siyasətini həmişə nəzərə çatdırmışam və bundan sonra da öz ailə üzvlərimlə birgə çatdıracağam. Bu fikirlə atam Zahidov Fərasət Səlim oğlu da razıdır”.
Onlar müraciəti yazarkən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. (Apa)