Bakıda yayılan görüntülər narahatlıq yaratdı: reallıq fərqli imiş, amma…

Bu gün, 12:52           
Bakıda yayılan görüntülər narahatlıq yaratdı: reallıq fərqli imiş, amma…
Azyaşlıların pişiyi yandırması ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub. Əksəriyyət hadisənin Azərbaycanda olduğunu düşünərək, müvafiq qurumlardan məsələnin araşdırılmasını da tələb edib. Lakin bəlli olub ki, sözügedən olay ölkəmizdə baş verməyib. Bununla belə, görüntülər icitimaiyyət arasında narahatlıqla qarşılanıb, hətta oxşar situasiya ilə rastlaşdıqlarını iddia edənlər var. Yəni son zamanlar azyaşlıların “əyləncə” anlayışı dəyişib, heyvanlara mərhəmət hissinin yerini necə deyərlər, şiddət alıb. Son yayılan kadrlar fonunda bu cür hallar müəyyən edildikdə qanunvericilikdə sərt tədbirlərin olması da təklif edilir. Bildirilir ki, yalnız bu halda Azərbaycanda da oxşar hadisələr yaşanmaz.

Uşaqların belə davranışlara meyilli olmasının arxasında hansı psixoloji amillər dayanır? Onların bu hərəkətinə görə məsuliyyət daşıyan kimdir – özü, yoxsa valideynləri?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, uşaqların davranışına görə birinci dərəcəli məsuliyyəti valideynlər daşıyır:

“Uşaq bir anda qəddar, sərt və aqressiv olmur. Belə davranışların təməli ailədə qoyulur. O, evdə aqressiya, dava-dalaş görür və nəticədə psixoloji vəziyyəti bu fonda formalaşır. Uşaqların yanında söyüş söymək, bir-birini təhqir etmək və ya şiddət göstərmək olmaz. Bu gün bir heyvana qarşı amansızlıq edən uşaq, sabah insanlarla bağlı da eyni rəftarı göstərəcək. Beləliklə, uşaq potensial cinayətkara çevrilə bilər”.

Sosioloqun fikrincə, valideynlər uşaqları şiddət məzmunlu informasiyalardan da qorumağa çalışmalıdır:

“Tədqiqatçılar qeyd edir ki, aqressiv və şiddətli hadisələri uşaqların yanında danışmaq olmaz. Məsələn, küçədə dava-dalaş, qəza və ya xoşagəlməz bir hadisə gördükdə, evdə onu bütün detalları ilə danışmaq düzgün deyil. Belə hadisələr uşaqların əhval-ruhiyyəsinə çox pis təsir edir. Valideynlər, həmçinin övladlarını sosial şəbəkələrdə, televiziyada və ya filmlərdəki şiddət səhnələrindən də qorumağa çalışmalıdırlar. Bəzi Hollivud filmlərində ölümlə nəticələnən səhnələr, cinayətlər, zorakılıq görüntüləri yer alır. Bu cür məzmunlara baxmaq uşaqlar üçün olduqca zərərlidir. Ona görə də valideynlərə müraciət edirəm – uşaqlarınıza nəzarət edin. Onlar bizim gələcəyimizdir və bunu qorumaq birbaşa sizin məsuliyyətinizdir”.

Vəkil Mehman Muradlı isə belə hadisələrdə valideynlərin hüquqi baxımdan məsuliyyət daşıdığını qeyd edib:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimənin maddi hissəsini valideyn ödəyir. Azyaşlıya qarşı həbs tədbiri nəzərdə tutulmasa da, valideynlər inzibati məsuliyyətə cəlb edilir və cərimələnirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru