ABŞ-da prezident seçkiləri: niyə Tramp? – Ərəstun Oruclu Vaşinqtondan yazır
17-11-2016, 09:48
Bu, sadəcə, milyarder Trampın qələbəsi deyil, bu, həm də ABŞ siyasi istebleşmentinin ağır məğlubiyyətidir
Bir neçə aydır ABŞ-a köçən, mediada və sosial şəbəkələrdə də görünməyən politoloq Ərəstun Oruclu özəl olaraq “Yeni Müsavat” üçün məqalə hazırlayıb. Onun yazısını təqdim edirik:
***
ABŞ-dakı son seçkilərdən bir həftə keçdi, amma ölkə və dünya mətbuatı hələ də bu seçkilərlə bağlı emosional notlardan uzaqlaşa bilmir. Donald Trampın prezident kürsüsünə yiyələnməsinin səbəbləri və ehtimal olunan nəticələri ilə bağlı ən müxtəlif şərhlər, dəyərləndirmələr və proqnozlar verilir. Halbuki 8 noyabr seçkiləri əslində daha geniş və konseptual müzakirələrin predmetidir. Ona görə ki, bu, sadəcə, milyarder Trampın qələbəsi deyil, bu, həm də ABŞ siyasi istebleşmentinin ağır məğlubiyyətidir. Bəlkə də bu yerdə “iflasıdır” demək daha yerinə düşərdi. Bəli, məhz demokratlara və respublikaçılara bölmədən bütövlükdə isteblişmentin, həm də ABŞ siyasi elitasının son 25-30 ildə yürütdüyü, artıq cəmiyyətə də həzm etdirə bildiyini düşündüyü yanlış strategiyanın iflasıdır.
8 noyabr seçkilərini və onun nəticələrini, həmçinin bu nəticələrin səbəblərini bir qədər daha dərindən anlamaq üçün ABŞ siyasətinin son 25-30 ilinə ötəri bir diqqət yetirməli olacağıq. Zənnimcə, həmin dövrü ölkə siyasətinin durğunluq dönəmi kimi qiymətləndirsək çox da yanılmarıq. 1988-ci ildə respublikaçı Corc Herbert Uolker Buş (ata Buş) ABŞ-ın 41-ci prezidenti seçildi və cəmi bir prezidentlik müddətindən sonra öz yerini 42-ci prezident demokrat Bill Klintona təslim etməli oldu. Bu illərdən də başlayaraq ABŞ siyasəti faktiki olaraq 2 partiyanın, başqa sözlə isə 2 ailənin inhisarına keçdi - Respublikaçılar Partiyası Buş ailəsinin təmsilçisinə, Demokratlar Partiyası isə Klinton ailəsinin maraqlarının reallaşdırılması vasitəsinə çevrildi. Hətta 2008-ci ilin praymerizində Hillari Klintonun Barak Obamaya məğlub olması da klintonların Demokratlar Partiyasına inhisarına son qoya bilmədi. Paralel olaraq, həmin dövrdən bu partiyalara yaxın bir sıra beyin mərkəzləri “Elitaların dialoqu” anlayışını dövriyyəyə buraxmağa və siyasi leksikona daxil etməyə başladı. “Elitaların dialoqu”, sadəcə, siyasi anlayış və ya siyasi terminlə məhdudlaşmırdı, o, böyük bir strateji xəttin siyasi leksikonda ifadəsi idi. Strateji xəttin əsas mahiyyəti isə ikiqütblü siyasi sistemin daxilində hakimiyyətin mütəmadi olaraq bir qütbdən (daha doğrusu, qrupdan) digərinə ötürülməsindən ibarət idi. Həmin strategiyadan doğan elita maraqlarının üst-üstə düşməsi fonunda üçüncü tərəf tamamilə unudulurdu.
Unudulan tərəf ABŞ siyasi sisteminin verdiyi geniş hüquq və azadlıqlara malik olan xalq və ya seçicilər idi. Tədricən siyasi elitaların xalqdan uzaqlaşması başladı ki, son nəticədə bu, faktiki olaraq ölkənin bir çox sosial-iqtisadi problemlərinin də arxa plana keçməsinə gətirib çıxardı. Əhalisinin 40-45 milyona yaxını yoxsul sayılan ABŞ üçün isə belə bir dinamika perspektivdə yaxşı heç nə vəd eləmirdi. Siyasətdə hər zaman olduğu kimi, “Elitaların dialoqu”nun da qısamüddətli cəlbediciliyi onun uzun vadəli baxdıqda ortaya çıxaracağı neqativ effektləri kölgədə qoymuşdu.
Qeyd edim ki, adıçəkilən strategiyanı diqqətlə izlədikdə asanlıqla görmək olur ki, o, elə ABŞ siyasətinin son illərdə digər ölkələrə də fəal şəkildə ixrac etdiyi modeldir. Təsadüfi deyildi ki, bir sıra ABŞ beyin mərkəzlərinin təmsilçiləri keçən əsrin 90-cı illərinin sonlarında Bakıda da bu mövzuda dəyirmi masalar və digər tədbirlər təşkil edib, müzakirələr aparırdılar. Analogiya üçün çox da uzağa getməyə ehtiyac yoxdur - elə 1993-cü ildən başlayan elitaların dialoqu (söhbət Azərbaycansayağı dialoqdan gedir, əlbəttə) və həmin vaxtdan bugünədək mövcud olan siyasi sistem həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyişməz qalmaqdadır. Həmin model spesifik formalarda Rusiya da daxil olmaqla, postsovet məkanda və həmçinin Avropa ölkələrində son 25-30 ildə mövcud olan oturuşmuş və sabit kimi görünən siyasi idarəçilik sisteminin də sütununu təşkil edir. İctimai-siyasi və sosial-iqtisadi sabitlik nəzər nöqtəsindən ilk baxışdan cəlbedici görünən bu modelin yuxarıda qeyd etdiyim kimi, çatışmayan bir iştirakçısı da vardı ki, əslində o, elə ən həlledici iştirakçıdır. Təbii ki, söhbət xalqdan gedir.
Demokratik sistemdə isə xalq həm də seçicidir. Gördüyümüz kimi, mövcud model xalqın seçim imkanını məhdudlaşdırmışdı və uzun illər idi ki, xalq öz seçimində demokratlar və respublikaçılar tandemi arasında məhdudlaşmaq zorunda qalmışdı. Başqa sözlərlə, ABŞ seçicisi öz iradəsinə zidd olaraq “Elitaların dialoqunun” passiv iştirakçısına çevrilmişdi. Amma ABŞ seçicisinin bir çox digərlərindən əsas fərqi onun öz səsinin sahibi olmasıdır ki, bu da seçici əhvalının hansı durumda olmasını artıq 2016-cı il prezident seçkiləri ərəfəsində qabarıq şəkildə nümayiş etdirməyə başlamışdı. Bu da təsadüfi deyildi ki, həm respublikaçıların, həm də demokratların prezidentliyə namizədinin müəyyənləşdirilməsi prosesində (praymeriz) məhz bu partiyalara aidiyyəti olmayan potensial namizədlər əsas favoritlər kimi görünürdülər.
Həmin mərhələdə demokratların praymerizində partiyanın əsas namizədi kimi nəzərdə tutulan Hilları Klintona ciddi rəqabət təşkil edən senator Berni Sandersə və respublikaçılar partiyasının potensial namizədlərini bir-bir sıradan çıxaran milyarder Donal Trampa kütləvi seçici rəğbətini görməmək mümkün deyildi. Bu da səbəbsiz deyildi. Bir-birindən prinsipial fərqi olmayan hər iki düşərgə xalqdan (seçicidən) xeyli uzaqlaşmışdı və onların nəinki geriyə dönmək, hətta boylanmaq fikrində olduqları belə görünmürdü.
Məhz ona görə də həmin mərhələdə siyasi sistemin təmsilçiləri olmayan müstəqil senator Sanders və milyarder Tramp liderlik edirdilər. ABŞ seçiciləri onların simasında öz çabalarının ifadəçisini görürdü. Bu yerdə onu da qeyd edim ki, bir çox yerli analitiklər demokratların Klinton ailəsinin siyasi iddialarına müqavimət göstərə bilib senator Sandersi namizəd vermiş olduqları halda seçkidən qalıb çıxacaqlarını söyləsə də, bu, artıq tarixdir. Amma hakimiyyətdə olan demokratlar görünür, məhz iqtidarda olmalarına, ABŞ maliyyə elitasının dəstəyinə və digər amillərə arxalanaraq, israrla Hillari Klintonun namizədliyini irəli sürdülər. Sadalanan resursların təsiri də bütün seçki kampaniyası boyu özünü çox qabarıq şəkildə göstərirdi. Məsələn, ABŞ-ın 80-ə yaxın aparıcı media resursundan cəmi 2-si Donal Trampa rəğbət göstərirdi, bütün kampaniya dövründə milyarderi ifşa edən müxtəlif faktlar üzə çıxarılırdı. Ədalət naminə onu da qeyd edim ki, qeyri-ordinar (çox yumşaq desək) bəyanatları ilə Donald Tramp özü də bu işə hərtərəfli imkan yaradırdı. Aparılan sosioloji rəy sorğuları isə Klintonun prezident seçiləcəyinə heç bir şübhə yeri qoymurdu. Amma bütün bunlara rəğmən Donal Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. O, hətta demokratların ənənəvi dayaqları sayılan Miçiqan, Viskonsin və bu kimi bir sıra digər ştatlarda belə opponentinə heç bir ümid yeri qoymadı.
Sosioloji sorğular haqqında bir qədər detallı yazmaq istərdim, çünki bir çox hallarda onların obyektivliyi şübhə altına alınır. Əslində isə istənilən sorğunun idealdan uzaq olması ilə yanaşı, prezident seçkiləri ərəfəsində ABŞ-da keçirilən sorğuların ilk baxışdan görünməyən bir özəlliyi də vardı.
Donald Trampın bir sıra hallarda açıq şəkildə verdiyi ksenofob, islamofob və digər bu ruhlu bəyanatları demokratların siyasi texnoloqları tərəfindən məharətlə istifadə edildi və milyarder “irqçi sentimentlərin” daşıyıcısı kimi qabardılmağa başladı. Bərabərlik, azadlıq və hüquq kimi dəyərlərin üstünlük təşkil etdiyi Amerika cəmiyyətində isə belə şəxsə etimad göstərmək alqışlanan mövqe deyil.
Görünür, elə bu səbəbdən də bir çox rəyi öyrənilən amerikalılar Donald Trampa simpatiyalarını gizlətməyə məcbur olurdular. Amma gizli səsvermədə onların öz seçimini reallaşdırmasına heç bir maneə yox idi və olmadı da. Yeri gəlmişkən, seçkilərin heç kəsin və o cümlədən Donal Trampın özünün də gözləmədiyi nəticələri elan olunan kimi onun saytındakı seçki proqramından müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlə bağlı bənd “buxarlandı”. Bunu müsbət dinamika kimi qeyd etmək olar, məncə: deməli, milyarder Tramp prezident Trampın məsuliyyət çərçivələrini artıq ilk dəqiqələrdən duymağa başlamışdı.
Bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də seçkiqabağı kampaniya dövründə Tramp-Rusiya münasibətləri ilə bağlı daim qabardılan müzakirələr idi.
Şübhəsiz ki, biznesmen Trampın Rusiya ilə iqtisadi əlaqələri olmamış deyil və Rusiyadakı kapitalın əsasən hakim oliqarxiyaya yaxın və ya birbaşa məxsus olduğunu nəzərə alsaq, demək, Rusiya siyasi dairələri ilə də. Amma zənnimcə, bu mövzunun gündəmdən düşməməsinin başlıca səbəbi Donald Trampın guya az qala Rusiyaya işləməsi haqda dəlilsiz-sübutsuz iddialar deyildi. Mövzunun istismarı həm Rusiya hakimiyyətinin, həm də ABŞ siyasi dairələrinin marağında idi.
Birincilər bununla daxili auditoriyaya Putin hakimiyyətinin hətta ABŞ seçkilərinə təsir edəcək dərəcədə güclü olmasını, ikincilər isə uğursuzluğun səbəblərinin ölkədən kənarda olduğunu vurğulamaqda (xarici “düşmən” faktoru) maraqlı idilər. Şübhəsiz ki, bu məsələdə “qara piar” elementləri də yox deyildi. Amma gördüyümüz kimi bu “tezis” də işləmədi.
Ümumiyyətlə, Hillari Klintonla Vladimir Putinin şəxsi münasibətlərində neqativ çalarların üstünlük təşkil etməsinə baxmayaraq, Rusiya hakimiyyətinin ABŞ-da respublikaçı prezidentin olmasını arzuladığını düşünmək bir qədər çətindir. Unutmayaq ki, respublikaçıların xarici siyasətində ənənəvi olaraq sərt xətt üstünlük təşkil edir ki, bu da indiki şəraitdə heç də Rusiyanın milli maraqlarına cavab vermir.
Beləliklə, amerikalı jurnalistlərin, ekspertlərin və müşahidəçilərin təbirincə desək, ABŞ tarixində ən qalmaqallı və ən bölücü seçki prosesi başa çatdı. Ölkədə az qala hər gün keçirilən etiraz aksiyalarına baxmayaraq, Donal Tramp ABŞ prezidenti seçilib və gələn ilin yanvarından bu vəzifənin icrasına başlayacaq. ABŞ siyasi sistemi yavaş-yavaş şokdan çıxmağa başlayır. Prezident Obama Donald Trampla görüşdü və hər iki tərəf bir-birinə yetərincə pozitiv mesajlar verdi. Bu da təbiidir, Barak Obamanın “Donal Trampın uğursuzluğu ABŞ-ın uğursuzluğu olardı” tezisi ölkə maraqlarının hər şeydən yüksəkdə durmalı olmasına ciddi siqnaldır. Yeni seçilmiş dövlət başçısının “Mən gözləyirdim ki, prezident mənə 10-15 dəqiqə vaxt ayıracaq, amma bizim düz 90 dəqiqəlik ətraflı fikir mübadiləmiz oldu” mesajı da Barak Obamanın fikrini gücləndirməyə yönələn cavab idi.
ABŞ siyasəti tədricən öz ənənəvi siyasi etika çərçivəsinə qayıdır və bunun hər iki prezident səviyyəsində bu şəkildə nümayiş etdirilməsi həm də seçkilərin nəticəsini qəbul edə bilməyənlər üçün çox zəruri mesaj idi. Demokratlar Partiyası artıq struktur islahatlarına başladı və bu işdə senator Sanders əsas liderlərdən biri kimi görünür. Sandersin təklifinin nəzərə alınacağı halda Demokratlar Partiyasının rəhbərliyinə Minnesotadan olan afroamerikalı konqresmen Keith Ellisonun gətiriləcəyi gözlənilir. Ellison həm də Konqresin ilk müsəlman üzvüdür.
Bu, təkcə partiyanın keyfiyyətcə yenilənməsi deyil, həm də cəmiyyətdə baş qaldırmağa cəhd edən ayrı-ayrı irqçi, ksenofob, antisemit və islamofob meyllərə ciddi xəbərdarlıqdır. Görünür, ideyanın müəllifləri həm də demək istəyirlər ki, biz Amerika dəyərlərini kimlərinsə bölücü baxışlarına qurban vermək fikrində deyilik. Bəli, Amerikada yaşayan bütün insanları amerikalı edən də elə həmin dəyərlərə hörmət və riayət etmələridir.
Sonra nə olacaq? İndi bu sual çoxlarını düşündürür. Əslində, heç nə baş verməyəcək, çünki bütün baş verməli olanlar artıq baş verib. Dünya bir gündə dəyişdi. Bəlli oldu ki, seçicilərin iradəsini anlamayan, onların istəklərini görə bilməyən siyasi idarəçilik modeli ağır məğlubiyyətlə üzləşə bilər və bu baxımdan da Avropanın demokratik dövlətlərindən tutmuş avtoritar-antidemokratik rejimlərin mövcud olduğu ölkələrədək hakim zümrələrdə yaşanan diskomfort anlaşılandır.
Deməli, uğursuz modelin demontajı hələ davam edəcək. ABŞ seçkilərindən çıxan əsas nəticəni heç kəs səsləndirmək istəməsə də, zənnimcə, hər kəs çox yaxşı anlayır. Nəticə isə budur: istənilən siyasi idarəçilik modelində bütün ictimai-siyasi proseslərdə daim mövcud olan bir tərəf də var ki, onun fəal iştirakının və maraqlarının təmin olunmaması ciddi fəsadlara yol açır. Sadəcə bir fərqlə ki, demokratik və hüquqi şəraitdə həmin tərəf öz iradəsini seçki yolu ilə həyata keçirə bilirsə, bu hüquqlardan məhrum olunduqda o, iradəsini zorakı yollarla reallaşdırır. Deməli, ənənəvi yanaşmalardan ayrılıb həmin tərəfi nəzərə almaq, onu dinləmək və onun ayağına getmək lazım olacaq. Əks halda, formasından asılı olmayaraq məğlubiyyət qaçılmaz olacaq. ABŞ-da olduğu kimi.
Demokratlardan əsas kürsünü, respublikaçılardan isə az qala bütün sosial bazanı alan Donald Tramp prezident oldu, Hillari Klinton isə ola bilmədi və bunlara dair əsas qərarları verən Amerika seçicisi, yəni Amerika xalqı oldu. Bu mübarizədən yeganə qalıb çıxan tərəf də elə odur. Deməli, qalib həm də Amerika demokratiyası və ABŞ dövləti oldu, çünki Amerikanın “atalarının” təsəvvür etdikləri və yaratmağa çalışdıqları güclü dövlət konstitusion hüquq və azadlıqları təmin olunmuş özünə inamlı vətəndaşın çiyinlərində dayanan dövlətdir.
P.S. Zənnimcə, 8 noyabr seçkiləri saxtakarlığın hakim kəsildiyi ölkələrdə tez-tez səsləndirilən “ABŞ-da da seçkilər saxtalaşdırılır” kimi iddialara da net cavab oldu. Yuxarıda qeyd elədiyim kimi, Donald Trampın prezident seçiləcəyini özü də daxil olmaqla, heç kəs gözləmirdi və həm siyasi, həm də iqtisadi elitada mütləq əksəriyyət arzulamırdı da. Amma seçici iradəsi öz sözünü dedi. ABŞ seçicisi göstərdi ki, özünün də, ölkəsinin də taleyinin həllində əsas söz sahibi O-dur. Seçki günü Virciniya ştatında səhər saat 6-da açılmalı olan seçki məntəqələrinin qarşısında yarım saat əvvəldən növbəyə düzülmüş yüzlərlə seçicini görəndə artıq buna heç bir şübhəm qalmamışdı. Bu da təsadüfi deyildi ki, Donald Trampın seçki kampaniyasında səsləndirdiyi “Mən yalnız qalib gəlsəm seçkilərin nəticələrini qəbul edəcəyəm!” bəyanatı ABŞ-ın həm respublikaçı, həm də demokrat siyasi dairələrilə yanaşı, sadə amerikalılarda da hiddət doğurdu. Ölkənin fundamental dəyərlərindən olan azad və ədalətli seçkini şübhə altına almaq başqa reaksiya doğura bilməzdi də.
Ərəstun Oruclu,
xüsusi olaraq “Yeni Müsavat” üçün