“Oğlumun gələcək seçimi özündən asılıdır” - İlham Əliyev

18-11-2016, 13:13           
“Oğlumun gələcək seçimi özündən asılıdır” - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, prezidentlə qonaqlar arasında maraqlı dialoqlar yaşanıb.

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Bura çox gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox təsirləndirici şəhərdir, Azərbaycan çox təsirləndirici ölkədir. “TT” agentliyinin baş icraçı direktoru və Avropa Xəbər Agentlikləri Alyansının prezidenti olmağımla yanaşı, mən həm də atayam. Mənim iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər mənim uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini seçsəydilər bu, mənim üçün çox sevindirici hal olardı. Sizin uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?

Prezident İlham Əliyev:

Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. Mənim oğlum tələbədir. Onun gələcək seçimi özündən asılıdır. Oğlum Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.