"İsasız nə çıxar bu eşşəklərdən” - Əli Nağıyev
23-11-2016, 11:03
“İndi o qədər danışanlar var ki, mənim danışdıqlarım da hazır süfrəyə yekə çömçəsiylə dürtülənlərə tikan kimi gəlir. Çünki onlar haram yeyənlərdir. Ona görə mən bu mövzuda heç danışmaq istəmirəm”.
teref.az xəbər verir ki, bunu keçmiş nazir və səfir olan Əli Nağıyev hakim Yeni Azərbaycan Partiyasının 24 illiyi ilə bağlı moderator.az-a açıqlamasında deyib. Ə. Nağıyev bildirib ki, danışanlar da ağzılarına gələni, bildiklərini də, bilmədiklərini də danışırlar: “Allah rəhmət eləsin, Cavid Əfəndi demişkən, “Söyləşərlər, anlaşılmaz sözləri, Həp baxarlar, görməz ancaq gözləri.” Ona görə də qoy danışsınlar, mən bu mövzuya heç qayıtmaq istəmirəm. Qoy haram yeyənlər yesinlər, o yem güdənlərin məqsədi dövlət deyil, millət deyil, onların məqsədi ancaq yemdir. Mən bu iyrənc sifətlərin qarşısında nə danışmalıyam ki?!
Nizami babamız gözəl deyib,
“Nizami, İsa tək çəkil bir yerə,
Xırmanı burax sən ot yeyənlərə,
Günəş kimi od vur bu dünyaya sən,
İsasız nə çıxar bu eşşəklərdən”.
Görün indi bu kişi ətrafındakı simasızlardan nə qədər yanıb…”