Azərbaycan rəsmən quberniyalara bölünür?
25-11-2016, 23:00
“Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün”. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya müsahibəsində deyib. O, daha sonra bildirib ki, mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur.
Bir müddət əvvəl Azəbaycanda quberniyaların yaradılacağı barədə iddialar səsləndirilirdi. Bəzi rayonların dotasiyadan məhrum edilməsi, daha sonra ölkə başçısının sərəncamı ilə orta məktəblər üzrə təhsil xərcləri yerlər xərclərin tərkibindən çıxarılması, şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi də bu planın tərkib hissəsi kimi qiymətləndirilirdi.
Akademik Ramiz Məmmədovun da bu məsələni xüsusi vurğulaması hakimiyyətin belə bir planının olması barədə ehtimalları möhkəmləndirir.
Amma məsələ burasındadır ki, Azərbaycan çoxdan qeyri-rəsmi şəkildə quberniyalara bölünüb. Rayon və şəhərlərin hakimiyyətdəki iri məmurların kurasiyasına verilməsi sirr deyil. Azərbaycan təcrübəsində hansı rayon hansı məmurun kurasiyasına verirlirsə oranın rəhbərliyi də həmin məmura yaxın şəxsə tapşırılır.
Rayonların əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov arasında bölüşdürüldüyü barədə iddialar var. Məsələn, aran və şimal zonasındakı rayonların Ziya Məmmədovun, Gəncəbasar zonasındakı rayonların Bəylər Əyyubovun, cənub zonasındakı bəzi rayonların Rövnəq Abdullayevlə Kəmaləddin Heydərovun nəzarətində olduğu barədə iddialar var.