Lukaşenko təcili Bakıya gəlir
25-11-2016, 23:55
Vladimir Putinlə nəticələri barədə məlumat verilməyən 5 saatlıq görüşdən sonra Aleksandr Lukaşenko təcili şəkildə rəsmi səfərlə Azərbaycana yollanır. Virtualaz.org Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 28-29-da baş tutacaq səfərin proqramına İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər daxildir.
“İki ölkənin liderləri Belarus-Azərbaycan münasibətlərinin inkişafının vəziyyətini və perspektivlərini, o cümlədən iqtisadi-ticari əməkdaşlıq məsələlərini, kooperativ layihələr, investisiyalar, aqrar-sənaye kompleksi və idman sahələrində əməkdaşlığı müzakirə edəcəklər”, - məlumatda deyilir.
Danışıqların yekununda bir sıra beynəlxaslq sənədlərin imzalanması gözlənilir.
Lukaşenkonun Bakıya səfəri Putinlə 5 saatlıq və güman ki, heç bir nəticə verməmiş danışıqlardan bir neçə gün sonra baş tutacaq. Belarus KİV qeyd edir ki, ola bilsin, iki ölkənin liderləri əsas iki problemli məsələni – neft və qaz məsələlərini həll edə bilməyiblər.
Artıq bir neçə aydır ki. tərəflər Rusiyadan Belarusa nəql edilən qazın qiyməti barədə razılığa gələ bilmirlər. Belarus tərəfinin birtərəfli qaydada qiyməti aşağı salması bu ölkənin “Qazprom” qarşısında 300 milyon dollarlıq borcunun yaranmasına səbəb olub. Minsk borclarını qaytarmağa tələsmir. Öz növbəsində, Rusiya bu ölkəyə nəql edilən neftin həcmini azaldıb. Eksperlərin fikrincə, bu addım Belarusda ÜDM-nin 0.2-0.3% geriləməsinə gətirib çıxarıb.
Bir çox mütəxəssislərin fikrincə, bütün bunların fonunda Azərbaycan neftinin Belarusa ixracı məsələsi artıq həll edilmiş məsələ kimi görünür və Lukaşenko Kremllə münasibətlərin indiki mərhələsində Bakıya bu məqsədlə gəlir.
İstisna olunmur ki, rəsmi Bakı bu dəfə də Minskə dost əlini uzadacaq. Əks halda, Belarus hakimiyyətinin Rusiya ilə neft münaqişəsini bir az da kəskinləşdirərək 2017-ci ilin yanvar ayının 1-dən tranzit qiymətlərinin 20% qaldırılması kimi qərarının məntiqini anlamaq çətindir.