TEHRAN KONFRANSININ GİZLİNLƏRİ - Son dərəcə məxfi sənəd almanların əlinə necə keçdi?
26-11-2016, 21:04
XX əsrdə gerçəkləşmiş böyük siyasi olaylar içərisində yaddaqalan hadisələrdən biri 28 noyabr-1 dekabr 1943-cü il tarixində ilk dəfə olaraq üç böyük dövlət rəhbərinin – SSRİ, ABŞ və Böyük Britaniyanın – Tehranda görüşməsi faktıdır. II Dünya müharibəsinin və ümumilikdə, dünyanın siyasi mənzərəsini dəyişmiş bu tarixi görüşmə haqqında çox yazılmasına baxmayaraq, Tehran konfransı haqqında bütün olub-bitənlər təfərrüatı ilə ictimailəşdirilməmişdir.
Almaniyaya qarşı ikinci cəbhə açmaq üçün ABŞ prezidenti F.Ruzveltin, Böyük Britaniyanın Baş naziri U.Çörçilin israrlı şəkildə Qahirədə, Manilada, Sürihdə, Alyaskada, Ankarada bir araya gəlmək istəklərini hər dəfə ciddi arqumentlər və məntiqi əsaslarla diplomatik etiket çərçivəsində məsləhət bilməyən İ.V.Stalin, gözlənilmədən 1943-cü ilin sentyabr ayının sonunda onlara Tehranda görüşmək təklifi irəli sürəndə F.Ruzvelt də, U.Çörçil də dərhal bu təkliflə razılaşmışdılar. Əslində, onları bu təkliflə razılaşmağa sövq edən əsas amil alman-sovet cəbhəsində hərbi vəziyyətin birmənalı şəkildə SSRİ-nin lehinə dəyişməsi idi: Moskva ətrafındakı məğlubiyyətin əvəzini Stalinqradda və Kurskda çıxmaq istəyən almanlar sarsıdıci zərbə almış, strateji əhəmiyyətli məntəqələrin çoxunu itirmişdilər. SSRİ-nin Almaniyanı yenəcəyi labüdləşincə Stalinin Şərqi Avropa və Balkanları təkbaşına ilhaqının qarşısını almaq məqsədilə Ruzvelt və Çörçilin Tehrana gəlməyi qəbul etmələri doğru qərar idi.
Xatırladaq ki, almanlar SSRİ-yə hücum edəndən qısa müddət sonra SSRİ üç dəfə rəsmi şəkildə İrana nota vermiş, ultimativ şəkildə bildirmişdi ki, İranda gizli fəaliyyət göstərən alman hərbi kəşfiyyatının -Abverin – təxribatlarının qarşını almaq və cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 1921-ci il müqaviləsinin 6-cı maddəsinə müvafiq olaraq sovet qoşunlarının məcburi qaydada İrana girməsi labüddür. 25 avqust 1941-ci ildə sovet qoşunları şimaldan, Böyük Britaniya hərbi birləşmələri cənubdan İran ərazilərinə daxil olmuşdu. Faktik olaraq İran SSRİ, İngiltərə və qismən də ABŞ əsgərlərinin nəzarəti altında idi. Üç dövlət başçısının mühafizəsi burada daha güvənilir şəkildə icra oluna bilərdi. Buna görə də Stalinin Tehranda görüşmək təklifi çox məqbul görünürdü.
Tehran konfransı Almaniyaya qarşı açılacaq ikinci cəbhənin vaxtını müəyyənləşdirməli idi. “Overlord” – “Hökmran”- kod adı ilə realizə olunacaq bu əməliyyat barədə yazışmalar son dərəcə məxfi şəkildə aparılsa da, ağılasığmaz bir təsadüf nəticəsində – Böyük Britaniyanın Ankaradakı səfirliyində xidmətçi işləyən alban əsilli Elyas Bazna adlı birisinin sayəsndə – almanlar dərhal ondan xəbərdar olmuş, amma bu məlumatı o qədər də ciddiyə almamışdılar. Dolayısıyla, Hitler Almaniyası özü üçün fəlakətli sonluğun qarşını almaq üçün yeganə şansı itirmişdi.
I Dünya müharibəsindən öncə çörək tapmaq ümidi ilə Albaniyadan Ankaraya gələn Elyas Bazna pul əldə etmək üçün mümkün olan bütün vasitələrə əl atmışdı: su satmışdı, arabacı işləmişdi, kabarelərdə müğənnilik, hətta fotoqrafçılıq peşəsində də özünü sınamışdısa da heç bir uğur qazanmamışdı. Başı daşdan-daşa dəyən Elyas sırf bir təsadüf nəticəsində ingilis səfirliyinin əməkdaşı Duqlas Baskın təmizlikçisi işinə qəbul olunur. Kütbeyin, heç nədən anlamayan, ingilis dilində ancaq beş-altı kəlmə bilən Elyas öz mütiliyi və sədaqəti ilə Duqlasın rəğbətini qazanmışdı. Gözlənilmədən səfir Hyu Neçbul-Haqessenin (Hughe Knatchbull-Hugessen) xidmətçisi xəstələnir və bu zaman Duqlas qulluqçu Elyasın əla xidmətçi olmasını səfirə bildirir və cənab səfirə də sədaqətlə qulluq edə biləcəyinə zəmanət verir. Nəcabətli əsilzadə olan olan Neçbul-Haqessen də Elyasın məzlum görkəminə, aman diləyən yalvarışlı gözlərinə baxıb onun xidmətçisi olmasına razılıq verir. Olduqca avam, cahil təsir bağışlayan Elyas öz işində səliqəli və işgüzar idi: otaqların döşəməsini, mebelin tozunu xüsusi canfəşanlıqla alması, daim boynu bükük durması, əmrə müntəzir olması cənab səfirdə ona qarşı mərhəmət hissi yaradır.
Hər gün müntəzəm şəkildə isti vanna qəbul etməyi xoşlayan səfir bu işə ən azı 40-45 dəqiqə sərf edirdi. Bir dəfə Elyas otaqları təmizlərkən səfirin diqqətsizliyindən siyirtmədə qalmış sənədin üstünə yazılmış “Top secret” (“Son dərəcə məxfi”) yazısını görür. Elyasda o dəqiqə zəngin olma arzusu oyanır və… fürsəti fövtə vermədən həmin sənədin şəklini çəkir. Kütbeyin və maymaq görkəmli Elyasın davranışları cənab səfirdə qətiyyən şübhə yaratmamışdı. Elyas ertəsi günlərdə səfirin seyfinin açarının surətini çıxartdırır və oradakı sənədlərin də şəkillərini çəkir. Elyas əldə etdiyi şəkilləri Türkiyə xüsusi xidmət orqanlarına verməkən çəkinir, SSRİ-nin Ankaradakı səfirliyində isə onunla maraqlanmaq belə istəmirlər və o, 27 oktyabr 1943-cü ildə Almaniya səfirliyinə müraciət edir. Onu alman səfirliyinin müşaviri ilə görüşdürürlər. Elyasın çəkdiyi şəkillərlə tanış olan almanlar bu cür son dərəcə məxfi məlumatın asanlıqla ələ keçirilməsini heç cür ağıllarına sığdırmasalar da Elyasa 20 min funt sterlinq ödəməyə razı olurlar. Elyasın təqdim etdiyi şəkilləri alman səfiri fon Papen “Təcili və önəmli” qrifi ilə Berlinə göndərsə də, Xarici İşlər naziri Ribbentrop əsla bu şəkillərə və məlumatlara inanmamış, onu ingilislərin dezinformasiyası hesab etmişdi. Ümumiyyətlə, Elyas səfirlikdə işlədiyi 5 ay ərzində almanlara bir çox sənəd və məlumat ötürmüş, qarşılığında 300 min funt-sterlinq pul almışdı. İngilisləri aldadan Elyas Baznanın özü də aldadılmışdı. Almanların ona verdiyi 300 min funtun hamısı qəlp pullar imiş. Möhtac günlər yaşayan, əlacsızlıqdan dəli olmaq dərəcəsinə gəlmiş Elyas Bazna Almaniya rəsmilərinə israrlı şəkildə müraciət etsə də, bütün səyləri nəticəsiz qalmışdır. Nəhayət, 1954-cü ildə ona “Adolf Hitler kanselyariyasına müraicət edin “ cavabı gəlmişdi…
Soldan: İ. V. Stalin, M. R. Pəhləvi və V. M. Molotov; 01. 12. 1943, Tehran
Tehran konfransında Almaniyanın, Yaponiyanın, Polşanın gələcək taleləri ilə bərabər İranın da siyasi quruluşunun, ərazi bütövlüyünün toxunulmazlığı və saxlanılması barədə gizli sövdələşmə imzalanmışdır. Həmin sazişə əsasən, SSRİ, ABŞ və Böyük Britaniya İran ərazisinin daim bütöv qalmasının qarantı olmağa təəhhüd olmuşlar. Burada bir məsələni qeyd etmək lazımdır. Tehran konfransı keçiriləndə İran şahı Məhəmməd Rza Pəhləvi çox gənç idi. O zaman onun cəmi 22 yaşı vardı və iqtidara gəlməsindən heç üç ay da keçməmişdi. Həmin Məhəmməd Rza Pəhləvi Böyük Britaniya və ABŞ-ın Tehrandakı səfirliyində saatlarca gözlədikdən sonra U.Çörçil və F.Ruzveltlə qısa müddətə görüşə, onlara “xoş gəldiniz” deyə bilmişdi. Sovet liderini də ziyarət etməyi özünə şərəfli borç bilən Məhəmməd Rza öz xüsusi elçisini sovet səfirliyinə göndərmişdi. Şahın səlahiyyətli nümayəndəsi sovet səfirliyində “İran şahı, Marşal İ.V.Stalini – əgər müsaid zamanları varsa – ziyarət etməyi rica edir. Marşal Stalin şahənşahı qəbul etmək istərlərmi?”- deyə soruşanda İ. V. Stalin gözlənilməz cavab verir: “İran şahı İ.V.Stalini nə zaman qəbul etmək istəyir?” Cavab o qədər gözlənilməz olur ki, şahın səlahiyyətli nümayəndəsi özünü itirir və sovet liderinin onu yanlış anladığını zənn edir. Təkrar eyni cümləni söylədikdə İ.Stalinin bu dəfəki cavabı şahın nümayəndəsini tam şok edir: “Şah, İ.V.Stalini indi qəbul edə bilərmi?”
Az sonra Stalin öz məiyyəti ilə bərabər şahın sarayına gəlir. 1 dekabr 1943-cü ildə baş vermiş bu hadisə gənc monarxı çox duyğulandırır. Stalinin zala daxil olduğunu görəndə Məhəmməd Rza Pəhləvi diz çökür, onun əlini öpmək istəyir. Sovet lideri buna müsaidə etmir. O zamanlar SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B. Q.Razin 02. 12. 1943-cü ildə Mərkəzə göndərdiyi şifroqramda Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi I dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir. Şifroqram İ.Stalinin çoxmənalı sözləri ilə bitir: “Внимательно смотрите за обстановкой и помогайте иранцам…” (“Şəraitə diqqətlə göz olun və iranlılara kömək edin” ). Həmin dövrdə SSRİ Uzaq Aviasiya Uçuşları komandanı olmuş A.Y.Qolovanovun sözlərinə görə, Stalinin bu jesti iranlıların rəğbətini qazanmışdı və tehranlılar uzun zaman saraya gedən küçəni “Stalin xiyabanı” adlandırmışlar.
02. 12. 1943-cü ildə Tehrandan Bakıya uçan Stalin oradan qatarla Moskvaya qayıdır. Sovet mətbuatı Tehran konfransı barədə ancaq 07. 12. 1943-cü il tarixində məlumat vermişdi. ABŞ prezidenti Ruzvelt Tehran konfransı barədə öz oğlu Elliota danışarkən Stalinin prinsipial məsələlərin hamısında təmsil etdiyi dövlətin mənafelərini təkid və inamla qoruduğunu xüsusilə qeyd etmişdir. Yeri gəlmişkən, Bakı kino-studiyasının 1950-ci il istehsalı olan “Bakının işıqları” (“Oqni Baku”) bədii filminin I variantında ( 1958-də film redaktə olunmuşdur) İ. Stalinin Tehran səfərinə xüsusi yer yer ayrılmışdır.