Büdcə müzakirələrində pul davası - ikinci gün...
2-12-2016, 10:53
Dekabrın 1-də Milli Məclisin daha 5 komitəsi (Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət və Əmək və sosial siyasət) 2017-ci ilin büdcə zərfini hökumət nümayəndələri ilə birlikdə müzakirə etdi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, 2017-ci ilin dövlət büdcəsi sosialyönümlüdür: “Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə cari illə müqayisədə 1.8 faiz artıq vəsait ayrılıb. Ümumilikdə bu sahəyə 2 milyard 53 milyon manat vəsait cəlb edilib”. Komitə sədri qeyd etdi ki, gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması nəzərdə tutulur.
Maliyyə naziri Samir Şərifov dedi ki, 2017-ci ildə Dövlət Neft Fondundan büdcəyə 6 milyard 100 milyon manat vəsait transfert ediləcək, bu da cari illə müqayisədə 1,5 milyard manat azdır. Nazir əlavə etdi ki, 2016-cı ildə neftin büdcədə qiyməti bir barel üçün 25 dollardan götürüldüyü halda, gələn il bu rəqəm 40 dollar olacaq. S.Şərifov büdcə ilə bağlı narahatlığını da gizlətmədi: “Devalvasiyalara baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır. Xərclərin optimallaşdırılaraq səmərəliliyi daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub. Lakin xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 1 barel üçün 40 dollardan aşağı düşməsi, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, artımın gec olması və xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkündür. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”.
Bununla belə, S.Şərifov bildirdi ki, bütün çətinliklərə baxmayaraq, büdcəyə daxilolmalar artıq olacaq. “Bu daxilolmalar isə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəldiləcək. 2017-ci ildə ehtiyac meyarı 105 manatdan 116 manat səviyyəsində, yaşayış minimumu isə 14,5 faiz artırılaraq 155 manata, əmək qabiliyyəti olan insanlar üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat səviyyəsində müəyyənləşdiriləcək”.
“Nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır”
Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin aşağı olmasına diqqət çəkdi: “Maliyyə naziri Samir Şərifov və baş nazir Artur Rəsi-Zadə mədəniyyətə bağlı nəsillərdən çıxıblar və onlar mədəniyyət sahəsinə vəsait ayrılarkən, bu məsələni nəzərə almalıdırlar”. O xatırlatdı ki, Azərbaycanın düşmənləri torpaqlarımızı işğal etməzdən öncə mədəniyyətimizi işğal edib: “O baxımdan da nə musiqi məktəbləri, nə də teatrlar bağlanmalıdır! Buna yol vermək olmaz! Mədəniyyət sahəsində hansısa qırılma olanda mütəxəssisi qısa zamanda yetişdirmək mümkün deyil. Odur ki, bu sahəyə diqqət yetirilməlidir. Onlara lazımi səviyyədə vəsait ayrılmalıdır. İqtisadiyyatın dağılmış sahəsini qısa zamanda bərpa etmək olar. Ancaq təhsil və mədəniyyətin dağılmasını bərpa etmək üçün uzun illər tələb olunur”.
Xəstələr niyə xaricə gedir?
“Mənim seçildiyim rayonun ən böyük ikinci kəndində prezident sərəncamı ilə böyük bir məktəb tikilib. Ancaq dekabrın 1-dir, bu məktəbin hələ də istilik sistemi yoxdur”.
Bu sözləri isə deputat Qənirə Paşayeva söylədi. Xanım deputatın sözlərinə görə, məktəbə istilik sistemi çəkilib, ancaq kənddə qaz olsa da, məktəb mavi yanacaqla təchiz olunmayıb: “Deyirlər ki, qaz xəttini çəkmək üçün vəsait yoxdur. Bəs bu məktəb, ordakı müəllimlər problemi necə həll edə bilərlər? İstilik sistemi olmasa, böyük vəsaitlərlə tikilmiş o məktəb bir ildən sonra hansı vəziyyətə düşəcək?” Daha sonra Q.Paşayeva səhiyyə sahəsi ilə bağlı təkliflərini səsləndirdi: “Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin. Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”. Deputat bildirdi ki, gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir.
Deputat Hesablama Palatasını ittiham etdi
Deputat Bəxtiyar Əliyev isə bədxərclik edən qurumları günahlandırdı: “Maliyyə Nazirliyi vəsaitləri toplayır, amma digər qurumlar onu xərcləyir. O təşkilatlar cavab verməlidirlər ki, dövlətin ayırdığı vəsait niyə səmərəli istifadə edilmir?”
B.Əliyev daha sonra elm və təhsilə ayrılan vəsaitin azlığına diqqət çəkdi. O, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun “dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır” fikrinə qarşı da çıxdı. Deputatın sözlərinə görə, Hesablama Palatasının rəyinə qulaq asarkən orada dövlət siyasətinin ziddinə olan fikirlərə rast gəlib: “Hesab edirəm ki, Hesablama Palatasının bu mövqeyi dövlət siyasəti ilə uyğunluq təşkil etmir. Əksinə, biz elmə daha çox vəsait ayırıb, onun inkişafına nail olmalıyıq”.
Deputat Jalə Əliyeva mədəniyyətin inkişafı və təbliği üçün büdcə vəsaitlərinin artırılmasını zəruri saydı.
Tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudov xəstələrin xaricə axın etməsinə diqqət çəkdi: “Bu gün ölkədən xaricə gedən ən böyük valyuta hissəsinin kanallarından biri də səhiyyə sahəsidir. Bütün ölkələrdə təhsillə səhiyyə arasında 2 qat qiymət fərqi mövcuddur. Amma bizdə isə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya var”. Deputatın sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pul üçün xarici yatırımların miqdarı hər il artır: “Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə edək ki, Azərbaycandan xəstələr xaricə çox da getməsin və kapital da ölkədən çıxmasın”. R. Mahmudov səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif etdi: “ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-nin 18 faizdən 8-ə endirilməsi əslində xəstələrdən gələn gəlirləri və büdcə daxilolmalarını artıracaq .Vergi yükü azalsa, xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.
“Elmlə bağlı azalmalar mövcuddur. Amma Elmin İnkişaf Fondu yaradılıb və hər il bu quruma kifayət qədər vəsait veririk. Ancaq ildən-ilə həmin vəsait növbəti illərə qalır. Fondda iki illik ehtiyat vəsaiti var və xərclənməyib. Ehtiyat vəsait olduğu üçün biz əlavə vəsait ayırmamışıq”. Maliyyə naziri bu fikirləri elm və təhsilə ayrılan vəsaitin artırılması barədə təkliflərə reaksiyasında dedi. Nazir daha sonra deputat Qənirə Paşayevanın Tovuzdakı yeni tikilən məktəbin istiliklə təmin olunmaması barədə qaldırdığı problemlə bağlı danışarkən bildirdi ki, əslində məktəb tikilərkən bütün məsələlər kompleks həllini tapmalıdır: “Əgər hansısa sahədə problem varsa, deməli, tapşırıqlar düzgün icra olunmayıb və hansısa sahədə əyintilər olub. Ona görə də sifarişçi və icraedici qurumlarla məsələlərin araşdırılmasına ehtiyac var. Biz bu məsələ ilə məşğul olacağıq”.
S.Şərifov dedi ki, cari ildə 10 milyon manat, növbəti ildə isə 20 milyon manat vəsaitin icbari tibbi sığortaya ayrılması nəzərdə tutulub.
Maliyyə nazirinin sözlərinə görə, məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər: “Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da prezidentin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək.
Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə, ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər".
S.Şərifov B.Əliyevin Hesablama Palatası ilə bağlı səsləndirdiyti fikirlərə də reaksiya verdi. Bildirdi ki, Hesablama Palatasının 2017-ci ilin büdcəsi ilə bağlı verdiyi rəydə ali təhsil ocaqlarının mənfəət vergisinə cəlb olunması təklifinə hökumət tərəfindən baxılmır. Onun sözlərinə görə, hökumətdə nə belə bir fikir var, nə də belə bir düzəlişə baxmaq barədə məsələ gündəmdədir.
Komitə sədri Hadı Rəcəbli uzun illərdir şəhid ailələrini və Qarabağ qazilərini narahat edən sığorta haqları ilə bağlı problemi də hökumət üzvlərinə xatırlatdı. “Biz şəhid ailələrinin övladlarının ödənişli ali məktəblərdə təhsil haqqından azad olunması barədə qanun qəbul etmişik. Amma orada göstərilir ki, həmin tələbələr 23 yaşa qədər təhsil haqqından azad olunur. Bu da magistratura pilləsində problem yaradır”-deyə, komitə sədri bildirdi.
H.Rəcəbli hökumət üzvlərinə üz tutaraq şəhidlərə və Qarabağ əlilləri üçün müəyyənləşdirilən sığorta haqları ilə bağlı da problemlərdən də danışdı: “Gələcək büdcə hazırlanarkən mütləq bu məsələ gündəmə gəlməlidir. Çünki bu məsələ çoxdan ortadadır”.
Səlim Müslümov: “Artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək”
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında dedi ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun xərcləri 81,8 milyon manat olacaq, bu da ötən illə müqayisədə 13,4 mln. manat və ya 19,6 faiz yüksəkdir: “Bu sahədə xərc artımı əsasən fondun aparatının saxlanılması istiqamətində proqnozlaşdırılıb. Belə ki, fondun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və ya hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Əgər birləşməyə qədər Fondun işçilərinin sayı 2700 nəfər idisə, hazırda bu göstərici 4790 nəfər təşkil edir. Gördüyünüz kimi, bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək”.
S.Müslümovun sözlərinə görə, 2017-ci ilin sonunadək orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 508 manat təşkil edəcək. Nazir əlavə etdi ki, gələn ilin sonuna kimi ölkə əhalisinin sayı 9,822 milyon nəfər təşkil edəcək. Onun sözlərinə görə, 2017-ci ilin sonuna kimi doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, həmçinin gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.
Bu gün büdcə müzakirələri davam etdiriləcək.