MTN generalından istintaqa şərt - İmtina etdi

3-12-2016, 13:09           
MTN generalından istintaqa şərt - İmtina etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətova barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Təxminən bir aya yaxındır davam edən tanışolma mərhələsinin uzanmasının səbəbi isə Sübahir Qurbanov olub.

Belə ki, general S.Qurbanovun həbsindən sonra bir neçə dəfə vəkilləri və özü tərəfindən səhhətinin yaxşı olmadığı, xəstə olduğu məsələsini qaldırıb və prokurorluqdan müalicə olunmasını istəyib. Bu dəfə isə S.Qurbanov cərrahiyyə əməliyyatı olunmasını istintaq qarşısında şərt kimi qoyub. Əks təqsdirdə isə materiallarla tanış olmayacağını bildirib. Onun istəyi yerinə yetirilmədiyi üçün S.Qurbanov və vəkilləri tanışolmadan imtina ediblər.

Yaxın günlərdə 3 generalın başçılıq etdiyi 10 nəfərlik dəstənin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Həmin dəstəyə Teymur Quliyevin işçisi olmuş Fərhad Atayev, Sübahir Qurbanovun işçiləri, Baş İdarənin 1-ci idarəsinin rəisi Fizuli Əliyev və əməkdaş Natiq Alıyev də daxildir.

S.Qurbanov Dövlət Bayraq Meydanının sabiq sədri Rəşad Məmmədovun əmlaklarının ələ keçirilməsi və özünün həbs edilməsi epizodu üzrə də ittiham edilir. Bu il may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzası çəkilmiş hesab edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, general-mayor Teymur Quliyev ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Sübahir Qurbanov nazirliyin IV Baş İdarəsinin rəisi, general-mayor Natavan Mürvətova isə nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi olub.

Qeyd edilən şəxslər Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 320-ci (saxta sənəd hazırlama və istifadə etmə) və 178.3.1-ci (dələduzluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.