Azərbaycan “odla su arasında” qalıb?

12-01-2017, 11:01           
Azərbaycan “odla su arasında” qalıb?
Hərbi və siyasi ekspertlər şimal təhlükəsindən danışdılar

“Azərbaycanın xarici siyasət kursunu dəyişməsi hesabına Qarabağ münaqişəsinin həll olunacağına ümid bəsləmək köhnə versiyadır. Lakin həmin ideyanı irəli sürənlərin bütün köklü suallara cavabları yoxdur”.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc bu fikirləri rusiyalı politoloq Vitali Arkovun son açıqlamasını şərh edərkən bildirdi. Rusiyadan olan ekspertə görə, Kreml Dağlıq Qarabağ ətrafında kritik situasiyanın fərqindədir və vəziyyəti dalandan çıxarmaq barədə düşünür. Ancaq ekspert Kremlin məsələnin həllində aktiv rolunu Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulması kontekstində gördüyünü gizlətməyib.

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına dair yol xəritələrinin hazırlanması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir”, - deyə Arkov iddia edib.

Deputat Zahid Oruc isə “Yeni Müsavat”a açıqlamasında Bakının kursunun geridönməz xarakter aldığına diqqət çəkdi: “Söhbət müstəqillik illərində ölkəmizin beynəlxalq iqtisadi məkana dorğu apardığı inteqrasiya kursundan gedir. Bütün transmilli layihələrdəki - keçmiş və gələcək enerji strategiyasındakı tərəfdaşlarımız Qərb dövlətləridir. 90-cı illərdə Rusiya Xəzər üzərində inhisarçı mövqeyini itirməyə başlayanda ”Əsrin müqaviləsi"ndə kiçik payla iştiraka nail olsa da, sonradan həmin mövqeni də itirərək özü Avropa ilə nəhəng təbii ehtiyatlarının birgə işlənməsinə getməyi qərarlaşdırdı. Ona görə də iqtisadi fundamentlərin əsas inkişaf istiqamətlərini və onların maraqlarını bir kənara atıb, fərqli beynəlxalq formatlarda üzvlük meydanı axtaracağımız haqqındakı ehtimallara qatılmıram. Neft üzünü hara çevirirsə, dövlət ondan fərqli istiqamətlərə gedə bilməz. Məgər sanksiya rejimindən çıxmağa çalışan Moskva əhali sayı 750 milyon nəfərə çatan və dünyanın ən güclü texnologiyasına sahib olan Qərb bazarları uğrunda savaşmırmı?"

Deputat bir məqamı da xüsusi vurğuladı: “Bizi Avrasiya İqtisadi Birliyində gözləmirlər. Çünki cəmi 4 dövlətin üzvlüyü halında orada vahid iqtisadi-ticarət münasibətlərini formalaşdırmaq hələ də mümkün olmayıb. Belarus və Qazaxıstan daxili maraqlarını qorumaq üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Ona görə də Qarabağ münaqişəsini Azərbaycanın xarici siyasət kursu əleyhinə təzyiq alətinə çevirməkdə günahlandırılan Moskvanın həqiqi məqsədləri haqda deyilənlər xeyli fərqlidir. Doğrudur, Obama dönəmi Cənubi Qafqazda Amerika maraqlarının vurulması ilə yadda qaldı və həmin boşluğu Avropa Birliyi doldura bilmədiyindən Rusiya və İran aktiv şəkildə regionun üç dövləti ilə təmaslarını dərinləşdirməyə çalışdılar.

Hər halda, Kremlin çox mühüm strateji silahlarını son iki ildə Bakıya satmaq qərarını verərkən, məhz Qərbi regiondan çıxarmaq niyyətini güddüyü hər kəsə bəllidir. Nəticədə 2017-ci ildəki gözləntilərimiz Amerika-Rusiya münasibətlərinin hansı xətt üzrə inkişaf etməsindən, o cümlədən Suriya ətrafında yanvarın 23-də Astanada tapıla biləcək anlaşma formulundan, Rusiya-Türkiyə arasında formalaşan yeni alyansın dayanıqlığından asılı olacaq.

Donald Trampın xarici siyasət kursunda Qafqaz hansı yeri tutacaq, Kremllə anlaşma hesabına beynəlxalq siyasət necə dəyişəcək, Suriyada iflasa uğrayan Qərbin keçmiş siyasi elitası hansı qisas ssenarilərini işə salacaq və sair məsələlər eyni dərəcədə bizim regionun gələcəyi ilə əlaqəli problemlərdir. Ona görə də Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyi münasibətilə Moskvanın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizəyə qalxacağını və keçmiş müttəfiq respublikalara İttifaq müqaviləsini təklif edəcəyini gözləmirəm”.

Rusiyalı ekspertin digər iddiaları da diqqətdən kənara qoyula bilməz. Politoloqa görə, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi Azərbaycan və Ermənistan hərbiçiləri arasında toqquşmaları minimuma sala bilər.

“Ermənistan Dağlıq Qarabağda təmas xətti boyunca öz qoşunlarını geri çəkməklə bağlı öhdəliyi yerinə yetirməlidir. Sərhədçilər funksiyasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri üzərinə götürməlidir”. Bu isə Rusiyanın çoxdan reallaşdırmaq istədiyi variantdır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a xatırlatdı ki, biz zaman-zaman mətbuatda rusiyalı politoloq və siyasətçilərin rəsmi Moskvanın Kreml Dağlıq Qarabağla bağlı guya hansısa planlarının olması haqda narahatçılıq keçirməsi ilə bağlı şərhlərə, təhlillərə rast gəlirik: “Bu, artıq yavaş-yavaş çoxlarında qıcıq yaratmağa başlayıb. Çünki 20 ildən artıq bir müddətdir ki, rus-erməni təbliğat maşınının öz işini gördüyünün şahidiyik. Şəxsən mən bir neçə il bundan əvvəl Rusiyanın nəhayət ki, bu məsələdə prinsipiallıq nümayış etdirəcəyinə azca da olsa, inanırdımsa, artıq üstündən kifayət qədər vaxt keçdiyinə görə tamam əks fikirdəyəm və görünür, yanılmıram da. Görünən real vəziyyət - xüsusən də 2016-cı ilin məlum aprel hadisələrindən sonra - məhz rəsmi Moskvanın hiylələri və qeyri-səmimiliyi nəticəsində problemin çözülməsi bir qədər də geriyə atılmış oldu”.

Bu mənada Ü.Cəfərov ötən il ərzində bir sıra qeyri-ciddi açıqlamaları ilə gündəmdə qalan rus politoloq Sergey Markovu xatırlatdı: “Ötən il az qala sensasiya və şok kimi təqdim edilən bir açıqlaması oldu ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər ilin sonuna kimi öz yurd-yuvalarına dönəcəklər. Bu adamı indiyədək də ”Rusiya prezidentinin yaxın ətrafı kimi" bizə sırımaqda davam edirlər. Belə “ağır çəkili” rus politoloqları və siyasətçiləri də, görünür, müəyyən maraqlara xidmət edərək belə hoqqabazlıqla məşğul olurlar. İndi də Arkov soyadlı bir politoloq yenə rəsmi Moskvanın mövqeyindən çıxış edərək guya ölkəsinin kritik situasiyanın fərqində olmasından, vəziyyəti dalandan çıxarmaq barədə düşündüyündən dəm vurur. Yalandır və mənə elə gəlir ki, 2 nəfər girovu əclaf və bədnam qonşularımızdan geri ala bilməyən bir dövlətdən bütöv bir Qarabağın qaytarılmasını gözləməyin özü belə məntiqsizdir".

Hərbi ekspert bu açıqlamaların arxasında konkret məqsədin olduğunu zənn edir: “Bunları düşündürən yeganə məqsəd və məram Rusiyanın Azərbaycanı Putin layihələri deyilən hansısa Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı, KTMT kimi yarıcan təşkilatlara qatmaqdır. Və guya bundan sonra Qarabağla bağlı bunlar hansısa addımlar atacaqlar. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı rəsmi Moskva, eləcə də Qazaxıstan, Belarus, İran və digər regional ölkələr əməli addımlar atsaydılar, mənə elə gəlir ki, çoxdan bu məsələ həllini tapmışdı. Diqqət yetirdinizsə, bu rus politoloqun da çıxışının əsas qayəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi İttifaqına Azərbaycanın nə yolla olursa-olsun cəlb edilməsi və ən başlıcası münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi mövzusudur ki, guya bunun Azərbaycan və Ermənistan hərbçiləri arasında toqquşmaları minimuma sala biləcəyini düşünür”. Ü.Cəfərov səslənənləri “boş və mənasız fikirlər” adlandırdı: “Onların əsas məqsədi bölgəyə sülhməramlı qüvvələr qismində KTMT və ya Avrasiya Birliyi qüvvələrini yerləşdirməyə nail olmaqdır. Bunu anlamaq üçün heç də böyük siyasi savada malik olmağa ehtiyac yoxdur. Kreml nə edir-etsin, sözdə Azərbaycanı dəstəkləsələr də, əməldə işğalçı Ermənistanın yanındadır, onu hər addımda müdafiə edir və ən dəhşətlisi, münaqişənin daha da alovlanması üçün təcavüzkarı silahlandırmaqda davam edir”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.