İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

12-01-2017, 19:45           

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunmuş, nəticədə minlərlə iş yeri açılmışdır.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.

Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əliyeva Zərrin Tahir qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu – Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi”.

***

Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəcam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram.

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2013, № 12, maddə 1556; 2014, № 11, maddə 1414; 2016, № 5, maddə 907, № 6, maddə 1172) Əlavə 3 – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “İnzibati vəzifələrin təsnifatı üzrə” hissəsində:

1.1. “Ali təsnifat” bəndinin ikinci yarımbəndinə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri” sözləri əlavə edilsin;

1.2. “Birinci təsnifat” bəndi üzrə:

1.2.1. ikinci yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri,” sözləri çıxarılsın;

1.2.2. dördüncü yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatı rəhbərinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı rəhbərinin müavini” sözləri əlavə edilsin;

1.2.3. altıncı yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında təminedici şöbənin müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında təminedici şöbənin müdiri” sözləri əlavə edilsin;

1.2.4. səkkizinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin köməkçisi” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında yardımçı şöbənin müdiri, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müşaviri, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi” sözləri əlavə edilsin;

1.3. “İkinci təsnifat” bəndi üzrə:

1.3.1. üçüncü yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı rəhbərinin müavini,” sözləri çıxarılsın;

1.3.2. dördüncü yarımbənddə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında təminedici şöbənin müdiri,” sözləri “Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər müdiri,” sözləri ilə əvəz edilsin;

1.3.3. yeddinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında təminedici şöbənin müdir müavini,” sözlərindən sonra “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında təminedici şöbənin müdir müavini,” sözləri əlavə edilsin;

1.3.4. doqquzuncu yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin işlər müdirinin müavini,” sözlərindən sonra “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında yardımçı şöbə müdirinin müavini, Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər müdirinin müavini,” sözləri əlavə edilsin və həmin yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında yardımçı şöbənin müdiri,” sözləri çıxarılsın;

1.4. “Üçüncü təsnifat” bəndi üzrə:

1.4.1. birinci yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər müdiri,” sözləri, üçüncü yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında təminedici şöbənin müdir müavini,” sözləri çıxarılsın;

1.4.2. yeddinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri” sözləri əlavə edilsin;

1.4.3. səkkizinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında sektor müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri” sözləri əlavə edilsin;

1.4.4. onuncu yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində şöbə müdirinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdirinin müavini” sözləri əlavə edilsin;

1.4.5. on birinci yarımbənd ləğv edilsin, on ikinci-iyirmi beşinci yarımbəndlər müvafiq olaraq on birinci-iyirmi dördüncü yarımbəndlər hesab edilsin;

1.4.6. on ikinci yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında yardımçı şöbə müdirinin müavini,” sözləri çıxarılsın;

1.4.7. on beşinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində sektor müdiri, baş mühasib” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində sektor müdiri, baş mühasib” sözləri əlavə edilsin;

1.4.8. on səkkizinci yarımbənddə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında” sözləri “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında” sözləri ilə əvəz edilsin, həmin yarımbəndə “məhkəmə iclasının katibi” sözlərindən sonra “, hakimin köməkçisi” sözləri əlavə edilsin;

1.4.9. iyirmi ikinci yarımbəndə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində” sözləri əlavə edilsin;

1.4.10. iyirmi dördüncü yarımbənddən “Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi,” sözləri çıxarılsın;

1.5. “Dördüncü təsnifat” bəndinin dördüncü yarımbəndindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri,” sözləri, doqquzuncu yarımbəndindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” və “, hakimin köməkçisi, məhkəmə iclasının katibi” sözləri çıxarılsın;

1.6. “Beşinci təsnifat” bəndinin birinci yarımbəndi ləğv edilsin.

2. “Yardımçı vəzifələrin təsnifatı üzrə” hissəsində:

2.1. “Birinci təsnifat” bəndinə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında və İşlər İdarəsində” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında və İşlər İdarəsində” sözləri əlavə edilsin;

2.2. “İkinci təsnifat” bəndindən “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında və İşlər İdarəsində,” sözləri çıxarılsın”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 477-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 477-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2.1-ci, 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.