Trampın adını Bakıdakı binanın üstündən sökdülər –ABŞ prezidenti Azərbaycandakı biznesinə son verdi

17-01-2017, 09:37           

Yanvarın 16-da «Trump International Hotel&Tower» lövhəsi Bakıdakı otelin üzərindən sökülüb.

Hələ bir ay öncə ABŞ prezidenti seçilən Tramp elan etmişdi ki, andiçmə mərasiminə qədər maraqların toqquşması riski yaradan layihələrə son verəcək.

“Trump Organisation”ın icraçı vitse-prezidenti və baş konsulu Alan Garten Azərbaycandan başqa, Braziliya və Gürcüstandakı lisenziyaların ləğvini maraqlar toqquşması riskindən daha çox şirkətdəki "təmizləmə" işləri ilə əlaqələndirmişdi. O bildirmişdi ki, lisenziya razılaşmanın şərtlərinə əməl edilmədiyinə görə, ləğv olunub.

Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.

İstər prezidentlik kampaniyası dövründə, istərsə də sonradan qərb mediası Tramp və onun Azərbaycanlı ortağı Anar Məmmədov haqda xeyli məqalələr dərc edib.

«The Washington Post» qəzeti yazırdı ki, neft ölkəsi olan Azərbaycanda Tramp 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib və bu əməkdaşlığından il yarımda azı 2.5 milyon dollar qazanıb.

İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu əməkdaşlıq anlaşmasında əsas maraq hər iki tərəfin pul qazanması olub. O, hesab edir ki, Azərbaycanlı nazir oğlunun Donald Trampla əməkdaşlıqda başqa maraqları da olub: “Pul qazanmaqdan başqa həm də ABŞ-ın elitası, siyasətçiləri ilə əlaqələr qurmaq və Azərbaycan hökumətinin maraqlarını təmin etmək də əsas məqsədlərdən biri olub”.

Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, adını ZQAN-dan Garant-a dəyişən holdinqə rəhbərlik edir. Bakıdakı Tramp hotelini də Garant Holding tikdirib.

Anar Məmmədov həm də Azərbaycan- Amerika Alyansının təsisçisidir. Alyans dörd ildə Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə azı 12 milyon dollar pul xərcləyib.

azadliqradiosu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.