İlham İsmayıl: “Ölkəmiz beynəlxalq terrorizmin hədəfində deyil, amma təhlükəsizlik qurumları hədələri ciddiyə almalıdır”
7-02-2017, 09:12
Azərbaycana artan terror hədələri - İŞİD daxilində mövqe qazanmaq, yoxsa...
Son vaxtlar Azərbaycan təhlükəsizlik orqanları uğurlu əməliyyatlar keçirərək xeyli sayda terrorçu məhv edib. Bugünlərdə Türkiyədə keçirilən əməliyyatlar zamanı da bir neçə azərbaycanlı İŞİD-çi saxlanılıb. Buna baxmayaraq, bəzən internet üzərindən ölkəmizə yönəlik hədə dolu videomüraciətlərə də rast gəlinir.
Bu hədələrin məqsədi nədir? Arxasında hansı niyyətlər dayanır?
Sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, Azərbaycan beynəlxalq terrorçuluğun hədəfində deyil.
“Daha çox Türkiyə, Avropa ölkələri, ərəb ölkələrinin özündə terror aktları baş verir. Ərəb ölkələrinin hamısında deyil, İraqda, Suriyada, yeri gələndə Əfqanıstanda, Pakistanda terror törədilir. Azərbaycan böyük mənada hədəfdə deyil. Azərbaycanda müsəlmanların çox yaşadığını nəzərə alırlar, bu baxımdan, həmişə plan tərtib ediləndə ölkəmizin adı orada yer alır. Bir qayda olaraq müsəlman ölkələrinin hamısını hədəfə götürürlər” - deyə ekspert bildirib.
İ.İsmayıl deyir ki, İŞİD-in tərkibində, vaxtilə Şimali Qafqazdakı radikal İslam birləşmələrində azərbaycanlılar döyüşüblər, bu adamlar yeri gələndə gedib “Əl-Qaidə”yə çıxıblar: “Bu gün də beynəlxalq terror təşkilatlarının sıralarındadırlar. Bu adamlar öz vətənlərini hədəfdə saxladıqlarını rəhbərlərinin diqqət mərkəzinə daxil etmək üçün müəyyən addımlar atırlar. Belə videoların yayılması da bu məqsədə xidmət edir. Belə videolarla narahatçılıq yaradır, öz güclərini göstərməyə çalışırlar. Hətta hesab edirlər ki, belə videolarla kimlərisə həbsdən azad etdirə biləcəklər, cəmiyyətdə nüfuz qazana biləcəklər. Bu cür videolar sanksiyalaşdırılmış şəkildə yayılır. Yəni terrorçu dəstələrin, təşkilatların başında dayanan rəhbərlərlə məsləhətləşib, onların icazəsini alıb, yayırlar. Bu adamların qarşısına tələb qoyulur ki, hər hansı bir şəkildə fəaliyyət göstərsinlər. İstənilən halda Azərbaycanın təhlükəsizlik qurumları belə hədələri ciddiyə almalıdır. Daimi olaraq o cameənin içərisində əməliyyat tədbirlərini gücləndirməlidir. Çünki biz oradan informasiya əldə etməsək, qarşı tərəf hansısa xoşagəlməz addımlar ata bilər. Həmin təşkilatlar böhranın gərginləşdiyi bir vaxtda əhalinin hətta yüngül bir etirazından yararlana bilərlər”.
İ.İsmayıl son bir neçə ayda ölkəmizdə həyata keçirilən və terrorçuların yerindəcə məhv edilməsi ilə başa çatan antiterror əməliyyatlarına da münasibət bildirib: “Terrorçuların diri tutulması hansısa mənbələrə çıxmaq üçün daha əlverişlidir. Bundan əlavə, fikrimcə, əməliyyatın keçirilməsi, terrorçuların tutulması, məhv edilməsi əks olunan videoların yayılması doğru olardı. Bu, cəmiyyətdə rahatlıq yaradar, terrorçular cəmiyyətdə narahatlıq yaratmaq məqsədlərinə nail ola bilməzdilər. Terror cəmiyyətləri daim gərginlik içində saxlamaq, qorxu altında idarə edib öz istəklərinə çatmaq üçün bir üsuldur. Bu baxımdan, belə əməliyyatların videoları yayılmalıdır. Bu həm də təhlükəsizlik orqanı əməkdaşlarının özlərini daha inamlı hiss etmələri üçün vacibdir”.
Qeyd edək ki, bir müddət əvvəl DTX rəisi Mədət Quliyev qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlərdən danışmışdı. Demişdi ki, təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir: “Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilmişdir. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi "Əl-Qaidə", İŞİD və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar”.
DTX tərəfindən keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulamışdı: “Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.