"NƏ ÇALIRSAN ÇAL, “HEYVAGÜLÜ” OYNAYACAM" - HƏMMƏRUZƏÇİLƏRİN MÖVQEYİ

15-09-2017, 08:32           

Tofiq Abbasov: "Özlərinin əvvəlcədən müəyyən etdikləri qənaətləri üstün tuturlar. Bir qayda olaraq, Azərbaycanın arqumentlərinə, dəlillərinə, real vəziyyətlə bağlı məlumatlarına fikir vermirlər"

"Həmməruzəçilərin səfərindən konstruktiv nəticə gözləmirəm”.

Bunu "Sherg.az”a Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfərindən danışarkən politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, uzun illərdir özlərini demokratik adlandıran təsisatların gəlişi disanant xarakterli olur:

"Bu, o deməkdir ki, tərəflər masa arxasında oturub, uzun-uzadı söhbətlər apara bilərlər, fikir ayrılığı olar. Lakin onların söhbətləri məşhur xalq deyimini xatırladır: Nə çalırsan çal, "Heyvagülü” oynayacam. Çünki prinsip etibarı ilə həmin şəxslər ölkəyə gələndə qarşı tərəfi eşitmək istəmirlər.

Özlərinin əvvəlcədən müəyyən etdikləri qənaətləri üstün tuturlar. Bir qayda olaraq, Azərbaycanın arqumentlərinə, dəlillərinə, real vəziyyətlə bağlı məlumatlarına fikir vermirlər. Sözün əsl mənasında bu mövqe onların demokratik normalara nə dərəcədə uyğun olduqlarının göstəricisinə çevrilib.

Bütün hallarda demokratizmi, azad fikirliliyi zorla tətbiq etmək olmaz. Məsələn, ABŞ guya silah tətbiq etməklə İraqda demokratiya yarada bildi? Buna rəğmən uzun müddətdir dünya dəyişmir.

25 ildən artıqdır Azərbaycan digər ölkələrlə bərabər müstəqilliyini yaşayıb. Ola bilər, bu illər çətin olub, çox şeyi saf-çürük etdik, inkişafın özündə də xətalar var. Bunları yaşadıqdan sonra daha düzgün addımları müəyyənləşdirə bilirik.

Qərb tərəfdaşlarımız isə bir çox hallarda qaydaları pozmaqla öz işlərini həyata keçirirlər. Həmməruzəçilər masa arxasında dialoq qurmaq istəyirsə, bir-birlərini dinləmək normalarına riayət etməlidirlər. Hesab edirəm ki, yeni müzakirələrdə də əvvəlki mənfi təcrübə təkrarlanacaq”.

Qeyd edək ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Onların həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq niyətilə müraciət etdikləri də bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.