Hesablama Palatası inzibati xətalarla bağlı materialları Baş Prokurorluğa göndərəcək
15-09-2017, 13:21
"Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
"APA-Economics" xəbər verir ki, 2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən ilk iclasında sözügedən qanun layihəsi müzakirə edilib.
Qanun layihəsində "Hesablama Palatası haqqında" qanunun Hesablama Palatasının əsas funksiyalarını nəzərdə tutan 2-ci maddəsinin 11-ci abzasına dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir.
İndiyə qədər qüvvədə olan qanuna görə, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.
Qeyd edək ki, "Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi “büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyatı üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.