“Azərbaycan”ın Qərbi hədəfə almasının pərdəarxası

15-09-2017, 15:14           
“Azərbaycan”ın Qərbi hədəfə almasının pərdəarxası
Bu qəzetin adının “Azərbaycan” olması o demək deyil ki, dövlətimizin adından sağa-sola hədələyici mesajlar yağdıra bilər...

Sentyabrın 9-da “Azərbaycan” qəzetində “ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” sərlövhəli məqalə dərc olundu. Məqalədə Qərbin müəyyən dairələri ittiham edilir və ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərdən bəhs olunur. Məqalə haqda geniş məlumat verib dəyərli oxucularımızı yormaq istəmirik. Lakin müəllifin (yaxud müəlliflərin – red.) bir fikri xüsusilə diqqət çəkir. Məqalədə qeyd olunur ki, sentyabrın 4-də - eyni gündə “The Washington Post” və “The Guardian” nəşrlərində sifarişlə dərc olunmuş iki məqalə yeni hücum üçün siqnal oldu və dərhal “5-ci kolon” da daxil olmaqla nəhəng “diskreditasiya maşını” işə düşdü:

“Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla “5-ci kolon”u, öz “dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni “demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər”.

Ən maraqlısı isə odur ki, sanki yüksək səlahiyyətli dövlət məmuru tərəfindən qələmə alınan məqalədə Azərbaycan Respublikası adından Qərbə hədə-qorxu da gəlinir:

“Əlbəttə, görüləcək tədbirlərin siyahısı genişdir və təbii ki, təkcə sadalananları əhatə etmir. Ancaq bütün bunlara nə ehtiyac var? Azərbaycanı sıxışdıraraq özündən uzaqlaşdırmaq Qərbə yaxşı nə verə bilər?”.

“Azərbaycan” qəzeti, yoxsa Azərbaycan dövləti?

Qeyd etdiyimiz kimi, bu məqalə dövlətimizin adını daşıyan bir KİV-də dərc olunub. Lakin bu qəzetin adının “Azərbaycan” olması o demək deyil ki, Azərbaycan dövlətinin adından sağa-sola hədələyici mesajlar yağdıra bilər. Üstəlik, Kremlə pərəstiş, Qərbə qarşı kin-küdurət, aşkar qərəz üzərində qurulan bu məqalədə istər-istəməz siyasi səhvlərə də yol verilib. Öncə ondan başlayaq ki, Azərbaycanda Qərbi təmsil edən “5-ci kolon”un varlığından və fəaliyyətindən danışmaq mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan hakimiyyətinin daxilində Qərbmeyilli qruplaşma olmadığı kimi, ölkədə Qərbə bağlı institutların, təşkilatların fəaliyyəti də yox səviyyəsindədir. Bununla belə, müəllif “anti-milli ünsürlər” kimi qələmə verdiyi yuxarıda adları çəkilən jurnalistləri “5-ci kolon”a bağlayaraq, onları təxribatçılıqda ittiham etməyə çalışır.

Əlbəttə, bundan öncə müxtəlif məmurlar da Azərbaycanda Rusiyanın hegemonluğuna qarşı olan qüvvələri “5-ci kolon” kimi təqdim etməyə çalışıblar. Məsələn, Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan bəzi məmurların, eləcə də ruspərəst deputatların bu haqda açıqlamalarının dəfələrlə şahidi olmuşuq. Əslində, bunun da düşünülmüş şəkildə ortaya atıldığı sirr deyil və bu, zamanı gəldikdə onların maraqlarına qarşı çıxan şəxsləri “təxribatçı”(“5-ci kolon”) kimi asanlıqla həbs edə bilmək niyyətindən qaynaqlanır. Halbuki, Azərbaycanda böyükdən-kiçiyə hər kəsə bəllidir ki, “5-ci kolon”dan söhbət gedirsə, burda ancaq Rusiyaya bağlı şəbəkənin varlığından danışmaq olar. Çünki, faktiki olaraq, heç bir Qərb dövlətinin Azərbaycanda ciddi təxribat törətmək şansı yoxdur. Lakin əksər ekspertlər də etiraf edir ki, Rusiyanın ölkəmizdə təxribat törətmək üçün kifayət qədər geniş imkanları var. Məsələn, bu yaxınlarda Xızı rayonundakı hərbi hissənin partladılmasında da Rusiya xüsusi xidmət orqanlarının rolunun olduğu istisna edilmir...

Siyasi məhbusların varlığını etiraf etmək

Məqalənin yuxarıda qeyd olunan abzasında daha bir siyasi səhvə yol verilib: “...Bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni “demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər”.

Bəllidir ki, Azərbaycanda dövlət başçısı səviyyəsində siyasi məhbusların mövcudluğu inkar edilir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda söz azadlığı mövcuddur, insanlar hər bir şəkildə öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. “Azərbaycan” qəzetinin yazarı (?) isə “Qərbin “demarşı” preventiv tədbirləri daha da dərinləşdirə biər” – deyə beynəlxalq güclərə meydan oxuyur. Bununla da, dolayısı ilə Azərbaycanda siyasi məhbusların varlığını etiraf, hətta lazım gələrsə, daha kütləvi həbslərin həyata keçirilə biləcəyini bəyan edri. Bu isə “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarmaqdan" başqa bir şey deyil.

Təbii ki, biz bu məqalənin diletant bir yazar tərəfindən qələmə alındığını düşünmürük. Əksinə, müəllifin (yaxud müəlliflərin – red.) çox böyük ustalıqla öz niyyətini həyata keçirməyə cəhd etdiyi qənaətindəyik. Bu niyyət nədən ibarət olub?

Diqqətlə fikir versəniz, görərsiniz ki, məqalənin başlanğıcında ABŞ-Azərbaycan əlaqələrinin perspektivi ilə bağlı narahatçılıq ifadə olunur. Daha sonra isə “əgər ABŞ-da antiazərbaycan dairələri və lobbi maraqları üstün gələrsə və Rusiyaya qarşı tətbiq edilmiş “Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə tərəfdaşlıq siyasətinə yenidən baxa... Azərbaycan hakimiyyəti Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata bilər” - deyə Tramp administrasiyası “fakt” qarşısında qoyulur. Deməli, məqsəd heç də ABŞ-la əlaqələrin perspektivindən narahat olmaq deyil. Görünən odur ki, “Azərbaycan” qəzeti ruspərəst məmurların maraqları çərçivəsində, “narahatlıq” pərdəsi arxasında ABŞ-Azərbaycan əlaqələrini daha da kəskinləşdirmək siyasətinə xidmət edib. Zənnimizcə, məqalənin sərlövhəsinin “ABŞ-da Obama dövrünün stereotipləri yaşayır” seçilməsi də deyilənlərin bariz nümunəsi hesab oluna bilər.
hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.