Rusiya rublu ucuzlaşdırmaq niyyətindədir – Səbəb

11-11-2017, 10:25           

Rusiya hökuməti rublun möhkəmlənməsində maraqlı deyil və növbəti dövrlərdə neftin qiymətindən asılı olaraq bu möhkəmlənməni ölkə iqtisadiyyatı üçün riskli hesab edir.

Bu sözləri Axar.az-a 2018-ci ildə Rusiyada gözlənilən deflyasiya fonunda Moskvanın süni inflyasiyaya getməsi ilə bağlı danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, əgər hər hansı bir ölkədə deflyasiya riski yaranırsa, bu zaman yerli valyutanın dəyəri aşağı salınmaqla suni inflyasiya yaradılır:

“Bu, beynəlxalq praktikada rast gəlinən bir tendensiyadır. Məqsəd müəyyən qədər inkişaf meylini yaratmaqdır. Çünki deflyasiya əslində geriləmə anlamı daşıyır. Ancaq müəyyən tənzimlənən inflyasiya - 3 faizə qədər olan inflyasiya inkişafı müəyyən qədər dəstəkləyir. Dövriyyə vəsaitlərinin həcminin artması isə dinamikanı dəstəkləyir. Eyni zamanda, bunun üsullarından biri dövriyyəyə əlavə vəsaitin buraxılmasıdır. Yəni dövriyyədə pul kütləsinin artırılması ilə iqtisadi aktivliyin dəstəklənməsi son nəticədə müəyyən mənada inflyasiya doğuran səbəblərdən biridir. Bu praktikadan Rusiyada istifadə edilməsinə gəlincə, bu ölkə son illər, xüsusilə 2014-cü ilin sonu 2016-cı ilin əvvələrində ciddi inflyasiya ilə üzləşib. Bu baxımdan inflyasiya səviyyəsinin 3 faizdən aşağı olması əslində əhalinin alıcılığı baxımdan daha yaxşı olardı. Bu, həm də iqtisadiyyatda stabilləşmənin bir indikatoru kimi ortaya çıxa bilər”.

İqtisadçının sözlərinə görə, Rusiyanın suni inflyasiyaya getməsinin səbəblərdən biri də tədiyyə balansında üstün mövqenin qorunması və ixracat qabiliyyətinin dəstəklənməsidir:

“Bu üzdən mümkündür ki, Moskva rublun dəyərsizləşməsi siyasətinə üstünlük versin. Xüsusilə də hökumət rəhbərliyi, ölkə prezidenti və iqtisadiyyat nazirinin açıqlamalarından məlum olur ki, Rusiya rublun hazırkı möhkəmlənməsində o qədər də maraqlı deyil və növbəti dövrlərdə neftin qiymətindən asılı olaraq bu möhkəmlənməni ölkə iqtisadiyyatı üçün riskli hesab edir. Həmçinin hökumət Rusiyanın ixrac qabiliyyətinə neqativ təsirləri nəzərə alaraq daha çox rublun ucuzlaşmasında maraqlı görünür. Əgər bu yanaşma növbəti ildə Rusiya hökumətinin qəbul etdiyi qərarlara sirayət edərsə və rublun dəyəri müəyyən qədər ucuzlaşdırılarsa, bu, eyni zamanda, ölkədə inflyasiya səviyyəsinin də artmasını şərtləndirə bilər”.

Qeyd edək ki, 2018-ci ilin büdcəsində Rusiya hökuməti büdcə gəlirlərini xərclərdən daha çox artırıb. Belə ki, gələn il büdcə gəlirləri 3,7%, xərclər isə 1% artacaq. Bu isə 2018-ci ildə Rusiyada deflyasiyanı qaçılmaz edir. Bunun qarşısının alınması üçün Rusiyada dolların məzənnəsinin yüksəldilərək süni inflyasiya yaradılması proqnozlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.