Azərbaycanlı “siyasi mühacirlər” Avropanı necə aldatmaq istədi...
7-08-2015, 12:34
BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı İdarəsinin məlumatına görə, 2013-cü ildə 2425 Azərbaycan vətəndaşı Avropaya siyasi sığınacaq üçün müraciət edib. Bu rəqəm artmaqda davam edir, çünki bu ilin ilk 6 ayı ərzində həmin rəqəm artıq 1145 nəfərdir. Yəni ölkəni siyasi motivlərlə hər il tərk edənlərdən iki siyasi partiya toplamaq olar.
Beləliklə, elə təəssürat yaranır ki, ölkəmiz rejimə qarşı mübarizlərlə doludur və onlar ən ağır məşəqqətlərə tab gətirməyərək vətəni tərk edərək canlarını xilas etməyə çalışırlar. Və bu cəhətdən müraciətlərin sayına görə Azərbaycan dünyada 35-ci yerdədir. Bizdəkindən daha çox müraciət Eritreyadan olunur, bizdən daha az isə parça-tikə olunmuş, vətəndaş müharibəsinin davam etdiyi Liviyadan.
Bu günlərdə hüquq müdafiəçisi Eldar Zeynalov öz bloqunda azəri “siyasi mühacirlər”in Avropa məhkəmələrində sığınacaq üçün çəkişmələrini ümumiləşdirərək çoxsaylı faktlar əsasında geniş bir məqalə yerləşdirib. Onun “azulant fenomeni”nə həsr etdiyi yazıdakı çeşidli faktların hamısı ilə müəllifin bloqunda oxuya bilərsiz, mən isə cəmisi iki faktı təsvir edəcəyəm. Onları oxuyandan sonra belə bir təəssürat yaranır ki, həmin şəxslərin taleyi Hollivud filmləri üçün hazır ssenaridir, bu talenin daşıyıcaları isə mövcud rejimə qarşı son damla qanlarına qədər vuruşmağa hazır olan partizanlardır. Yaxud onlar son 10-15 il ərzində Azərbaycanda siyasi mübarizəni çiyinlərində daşımış nəhənglərdir. Lap Kisa Vorobyaninov sayağı “demokratiyanın ataları və fikir titanlarıdır”.
Belədirmi? Əlbəttə, yox. Həmin adamlara görə yalnız xəcalət çəkmək, ya da onları patoloji yalançılar cərgəsinə salmaq olar.
Ancaq xalq öz “qəhrəmanları”nı tanımalıdır. Odur ki, Eldar Zeynalovun bəhs etdiyi çoxsaylı “siyasi mühacirlər” ordusundan cəmisi ikisi ilə tanış olmaq da yetərlidir ki bilək - onların siyasətə də, mübarizəyə də heç bir dəxilləri yoxdur.
***
Beləliklə, birinci fakt: “A.H. İsveçə qarşı” işinə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində baxılıb. A.H. orada başına gələn məşəqqətləri bu cür təsvir edir: 1971-ci ildə doğulub, əvvəlcə “talış separatçıları”na qoşulub, 1994-cü ildən isə Demokrat Partiyasının (ADP) fəal üzvünə çevrilib. İddia edir ki, “rejimə qarşı nümayişlərin təşkili ilə məşğul olub”.
Bundan sonrası isə əsl detektiv romandır. Belə ki, 2001-ci ildə onu dəfələrlə həbs ediblər, işgəncələr veriblər və Ələkrəm Hümbətova qarşı ifadə verməyini tələb ediblər (həmin vaxt Hümbətov artıq çoxdan həbsdə idi). Sonra polis idarələrindən birinin zirzəmisinə salıblar, burada təxminən 1 il saxlayıblar, dəfələrlə döyüblər, ancaq nədənsə məhkəmə önünə çıxarmayıblar (!).
2002-ci ilin mayında o, xəstələnib və “MTN-in hospitalı”nda (!) bir neçə ay müalicə olunub. Burada ona atası ilə bərabər ADP-nin sədri Sərdar Cəlaloğlu baş çəkib. Sərdar bəy ona gizli şəkildə ADP-nin üzvlük biletini və sürücülük vəsiqəsi verib.
Hələ bu harasıdır! Sərdar bəy onun hospitaldan qaçışını təşkil edib - rüşvət müqabilində təbii ki. Və bizim “qəhrəman” da hərbi forma geyinərək bir hərbçinin yardımı ilə hospitaldan qaçıb.
Elə həmin gecə A.H. Azərbaycandan Rusiyaya keçib və bir neçə gün sonra saxta Hollandiya pasportu ilə İsveçə gələrək sığınacaq üçün müraciət edib.
Sonralar bəlli olub ki, o, hələ 1995-ci ildə Almaniyada olarkən də siyasi sığınacaq istəyib, 6 ay orada qalıb, ancaq rədd cavabı alaraq deportasiya olunub.
Tezliklə “qəhrəman”ın qardaşı da İsveçə gəlib və həmçinin sığınacaq istəyib. Sən demə, A.H. Azərbaycanda axtarışa verilib, üstəlik atası da oğlu qaçandan iki ay sonra həbs olunub...
İsveçin miqrasiya orqanları tərəfindən aparılan araşdırmalarda yalnız bircə fakt (A.H.-nın ADP üzvü olması) təsdiqini tapıb, qalanlar isə uydurma çıxıb. Sərdar Cəlaloğlu da bu adda şəxsi tanımadığını bildirib. Azərbaycan DİN bu adda adamı heç vaxt həbs etmədiyini və axtarışa vermədiyini açıqlayıb. İsveç hakimiyyət orqanları A.H.-nın siyasi motivlərlə təqib olunduğunun və siyasi fəal olduğunun yalan olduğunu nəzərə alaraq ona sığınacaq verməkdən imtina edib.
BMT-nin İşgəncələr Əleyhinə Komitəsi də onun Azərbaycana deportasiyasını düzgün sayıb.
***
Digər “azulant”ın işində isə ADP-nin yox, Müsavat Partiyasının adı keçir. “R.K. İsveçə qarşı” (16 may, 2008-ci il) adlanan işdəki “qəhrəman” 1998-ci ildə Müsavat Partiyasına üzv yazıldığını (bu, təsdiqini tapıb) və partiyanın Füzuli rayon təşkilatında katib kimi fəallıq göstərdiyini söyləyir.
O, mitinq və nümayişlərdə iştirak etdiyini, üstəlik “Yeni Müsavat” qəzetində çoxsaylı siyasi məqalələr yazdığını bildirir. Məqalələr o qədər kəskin olub ki, R.K.-nı hakimiyyət təqib etməyə başlayıb. Sonra o, “Reytinq” qəzetini yaradıb və buradan hakimiyyətin tənqidini davam etdirib.
2003-cü ilin mayında o, prezident Heydər Əliyevin xəstəliyinə dair kəskin məqalə yazıb və bu məqalədən dərhal sonra hakimiyyət nə az, nə çox - “Yeni Müsavat” qəzetini də, Müsavat Partiyasını da bağlayıb (!).
Məlum oktyabr hadisələri zamanı Norveçin Azərbaycandakı səfiri “qəhrəman”ı onu gözləyən təhlükələrdən xəbərdar edib və səfirlik binasına çağırıb. R.K. gecəni səfirlikdə qalıb, sonra isə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılıb.
2004-cü ilin 16 sentyabrında o, “müsavatçılar”ın məhkəməsində ifadə verərək etirazçıları nümayişə məhz özünün çağırdığını söyləyib, ancaq həbs olunmayıb. Həmin ilin oktyabrında təzyiq və təqiblərə dözməyərək ailəsini də götürüb İsveçə gəlib və siyasi sığınacaq istəyib.
İsveç hakimiyyət orqanları R.K.-nın söylədiklərinin sübuta yetmədiyini əsas götürərək ona sığınacaq verməyib. Üstəlik, bəlli olub ki, o, heç vaxt partiyada rəhbər vəzifələr tutmayıb, siyasətlə məşğul olmayıb və fəaliyyəti yalnız qəzetdə məqalələr yazmaqdan ibarət olub. Nəticədə R.K.-ya sığınacaq verilməyib.
***
Burada cəmisi iki misal nəzərdən keçiirildi. Digər “siyasi triller nümunələri” ilə buradan tanış ola bilərsiniz