Əfv müzakirələrində son nöqtə

22-12-2017, 09:27           
Əfv müzakirələrində son nöqtə
Novella Cəfəroğlu: “Düşünürəm ki, yanvar ayında hökumət bu məsələləri çözəcək”

Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının verilməyəcəyi artıq dəqiqləşib. Əfv Komissiyasının iclaslarının keçirilməməsi və komissiya üzvlərinin birmənalı açıqlamaları bunu deməyə əsas verir. Amma sərəncamın verilməsi birbaşa ölkə başçısının müstəsna səlahiyyətinə aid olduğu üçün azacıq olsa da ümidlər var.

Əfvin verilməməsi, üstəgəl REAL sədri İlqar Məmmədovla bağlı Avropadan Azərbaycana gələn təzyiqlər dalğasının durmadan artması yanvarın sonlarında keçiriləcək AŞ PA-nın qış sessiyasında ölkəmizə ciddi başağrısı ola biləcəyi vurğulanır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfv olmayacağını tam əminliklə söylədi: “Əfv olmayacaq, bu birmənalıdır. Amma unutmayaq ki, ölkə başçısının verdiyi son qərarla 9 mindən çox məhbus azadlığa buraxılacaq. Yanvardan yəqin ki, bu proseslərə start veriləcək. Bizim siyahıda olan şəxslərdən çox güman ki, 70%-i azadlığa çıxacaq. Hazırda bu istiqamətdə proseslər gedir. Düşünürəm ki, yanvar ayında hökumət bu məsələləri çözəcək. Yanvarın axırına, yəni AŞ PA-nın qış sessiyasına qədər elə də ciddi qlobal məsələnin qalmayacağını düşünürəm. Martda əfv olacaq”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ilin sonuna az müddətin qaldığını bildirərək, əfvin verilməmə ehtimallarının yüksək olduğunu qeyd etdi: “Bu qərarı vermək prezidentin müstəsna səlahiyyətinə aiddir. Amma nəzərə alaq ki, ilin sonuna çox az qalıb və bu günə qədər hələ Əfv Komissiyasının iclası keçirilməyib. Onu da unutmaq olmaz ki, bu ilin martında çox böyük əfv sərəncamı imzalanıb. Digər tərəfdən, ölkə başçısı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin olunması barədə sərəncam imzalayıb. Həmin qanun da dekabrın 1-dən qüvvəyə minib. Nəticədə çoxsaylı məhbusların cinayət işlərinə yenidən baxılıb. 9 mindən artıq məhbusu əhatə edib. Bu da əfv sərəncamını təxirə sala bilər. Qarşıdan Cümhuriyyətimizin yaradılmasının 100 illiyi gəlir, digər tərəfdən, mərhum prezidentimiz Heydər Əliyevin 95 illiyidir. 2018-ci il çoxsaylı tədbirlərin keçirilməsi və əlamətdar günlərin olması ilidir. Bu baxımdan üzümüzə gələn ildə əfv və amnistiya aktlarının olmasını istisna etmirəm. Təəssüf ki, Avropa Şurasında ölkəmizə qarşı daim qərəzli mövqedən çıxış edən qüvvələr var. Öz müxtəlif maraqlarına görə, ermənin lobbisinin təsir altında Azərbaycanın müstəqil xarici siyasət yürütməsinə qarşı çıxırlar. Onların önə çəkdikləri məsələlərin hər biri Ermənistanda baş verib, sadəcə, bunlara sərf etmədiyi üçün heç qabartmırlar. AŞ PA-nın qış sessiyasında qeyri-adi şeylərin baş verəcəyini düşünmürəm. Adəti üzrə proseslər davam edəcək. Azərbaycan bu strukturda fəaliyyətini davam etdirir və etdirəcək də. Azərbaycanla Avropa arasında danışıqlarda ciddi irəliləyişlərin olduğunu avropalı komissarlar da deyirlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş istiqamətində işlər başa çatmaqdadır. AŞ PA-dakı nümayəndə heyətimiz orada bizə qarşı olan ittihamlara daim layiqli cavab verirlər. Əminəm ki, bir aydan sonrakı AŞ PA-nın qış sessiyasında yenə ölkəmiz əleyhinə qərəzli münasibət olacaqsa, ittihamlar səsləndiriləcəksə, layiqli cavabını alacaqlar. Azərbaycana qarşı hər hansı bir xoşagəlməyən qərarın qəbul ediləcəyini istisna edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.