Kremlin qara təbliğat maşını Fransada fəaliyyətə başladı
22-12-2017, 09:37
“Russia Today” 212 milyonluq fransızdilli auditoriyaya səslənməyə hazırlaşır
Dünya mətbuatında daha çox Kremlin qara təbliğat maşını kimi tanınan “Russia Today” kanalı ingilis, ərəb və ispan dillərindən sonra fransız dilində də verilişlər yaymağa başlayıb.
Kanalın Fransadakı fəaliyyət şüarı belədir: “Müxtəlif rəylər üçün meydan vermək”.
Fransa mətbuatı isə Putin rejimi tərəfindən maliyyələşdirilən bu mətbu qurumun əsl simasının ölkədə baş verə biləcək istənilən kəskin siyasi hadisələr fonunda aşkara çıxacağını yazır.
Ölkənin ən böyük qəzetlərindən “Le Monde”un yazdığına görə, telekanal Paris ətrafında Bulon Biyankur bölgəsində fəaliyyət göstərməyə başlayacaq. Həmin rayonda TF1 və France24 kimi böyük telekanalların ofisləri yerləşir.
“RT France” 1800 kvadratmetrlik “Arc de Seine” komleksində işə başalayacaq. Məkanın icarə müddəti 9 ildir ki, bu da kanalın uzun müddət Fransada rahatlıqla yerləşəcəyinə əmin olduğunu göstərir.
“Russia Today” Fransada 20 milyon avroluq büdcə və 150 jurnalistlik kadrla çalışmaq niyyətindədir. Kanalın Fransadakı ofisinin rəhbəri və informasiya redaktoru Kseniya Fyodorovadır.
Kseniya Fyodorova kanalın fəaliyyətinə Kremlin müdaxiləsini hər vəchlə inkar edib. “Əgər kanal bu gün ağır tənqid zərbələri altındadırsa, bu, onun digər fikir və rəylərə meydan verməsinə görədir”, - Fyodorova bildirib.
Kanal öz verilişlərini bütün gün ərzində, o cümlədən 10 saatlıq canlı yayımla həyata keçirəcək. Burada 8 aparıcının köməyi ilə hər yarım saatdan bir yenilənən xəbərlər buraxılışı və hər gün 30 dəqiqəlik sənədli film, debatlar nümayiş olunacaq.
RT ölkədə fəaliyyət göstrən təcrübəli jurnalistlərin əməyindən də istifadə edəcək. Bunlardan biri də 44 yaşlı, daha öncə BFMTV-də aparıcılıq etmiş Stefani de Mürodur.
Qeyd olunur ki, RT-nin həqiqi üzü elə onu ilk verilişindən sonra aşkar edilib. Kanal elə ilk yayım günündə ABŞ əleyhinə veriliş yayımlayıb. Maraqlıdır ki, Vladimir Putinin may ayında Fransaya səfəri zamanı Fransa prezidenti Emmanuel Makron RT və Sputnik kimi Kremlə yaxın kanalları “iftira təbliğatı aparmaqda” və “təsir orqanları” olmaqda ittiham etmişdi. RT-nin fransız ofisinin rəhbəri Kseniya Fyodorova bu cür ittihamların yersiz olduğunu bildirib. Fyodorova hətta Fransa prezidentinə meydan da oxuyub.
“Bizi nə qədər ittiham edirlərsə, etsinlər, onsuz da heç bir sübutları yoxdur. Biz rus deyil, fransız kanalı qururuq. Jurnalistlərin əksəriyyəti ya fransız, ya da başqa dildə danışan peşəkarlardır. Lakin biz Fransada, xüsusilə daxil siyasətlə bağlı ayrı nöqteyi-nəzərləri çatdıran kanala çevriləcəyik”, - xanım Fyodorova AFP agentliyinə verdiyi müsahibədə söyləyib.
Fransanın media araşdırmaçısı və “Fransadakı Kreml şəbəkələri” adlı kitabın müəllifi Sesil Vesye “France Culture” jurnalına verdiyi müsahibədə RT-ni Rusiya dövlətinin təbliğat tüfəngi adlandırıb.
Vesyenin sözlərinə görə, RT və Sputnik həmişə ilkin dövrlərdə özünü hər kəsin fikirlərinə yer verən telekanal kimi aparır. Lakn bütün büdcəsi Kreml tərəfindən qaşrılanan bu kanalın həqiqi mahiyyəti daha sonra bilinir.
Ekspertlər “Russia Today” kanalının Fransada yerləşməsi ilə bağlı ifadə olunan narahatlıqların əbəs yerə olmadığını bildirirlər. Çünki bu kanal media aləmində daha çox Rusiyaya qarşı çıxan Qərbyönümlü siyasətçilərə olmazın iftiralar atmaqla, onlar haqqında böhtan xəbərlər yaymaqla, habelə sırf Kremlin mövqeyini yalan informasiyalarla müdafiə etməklə məşğuldur. Kanalla bağlı media azadlığından sui-istifadə edərək demokratiyaya təhlükə olması barədə Avropa Birliyi Parlament Assambleyasının xüsusi qərarı var. Bundan başqa, “Russia Today” ABŞ-da artıq xarici agent kimi tanınmaqdadır.
Musavat.com