Moskva və Tiflis razılaşdı: İrəvana silah daşınacaq?
23-12-2017, 01:34
Gürcüstan hakimiyyəti Moskva ilə əlaqələri bərpa etmək üçün separatçı ərazilərdən Ermənistana quru yolunu açmaqla regionda silahlanmanın artmasına şərait yaradacaq və regionun ağrılı problemi olan Qarabağ münaqişəsinin həllini uzadacaq. Çünki Rusiya bu quru yolla Ermənistana silah və zirehli texnikanı daşımaqla, bu ölkənin silahlanmasını sürətləndirəcək.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə qeyd edib. O bildirib ki, Gürcüstanda hakimiyyətdə olan Bidzina İvanişvilinin kölgəsində Gürcü Arzusu Partiyası Ermənistanla Rusiya arasında quru yolun açılmasına icazə verir:
“Bu dəhliz Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya ərazisindən keçir. Gürcüstan hakimiyyəti Rusiya ilə Cenevrədə apardığı danışıqlardan sonra belə bir qərara gəlib. Rusiya Gürcüstan hakimiyyətinə Ermənistana hərbi yüklərin daşınması və Gümrüdəki 102-ci hərbi bazasının logistik imkanlarını genişləndirmək üçün dəfələrlə təzyiq edərək, quru yolun açılmasını tələb edib”.
Politoloq vurğulayıb ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin Ermənistandan gələn yüklərin fors-major hallarda Cənubi Osetiya və Abxaziyadan keçməklə Rusiyaya çatdırılmasına icazə verməsi Ermənistanla Rusiya arasında quru hərbi əlaqələrin bərpası deməkdir:
“Burada Ermənistandan Rusiyaya gedən yüklərin daşınması nəzərə tutulur. Əsas məqsəd Rusiyadan Ermənistana daşınan hərbi yüklərin çatdırılmasını təmin etməkdir. Son aylar rəsmi Tiflis separatçı Abxaziya və Cənubi Osetiyanın rəhbərliyi ilə danışıqlara getmək üçün müəyyən siyasi yollar da axtarır. Görünür, bu quru dəhlizi açmaqla Rusiyaya jest edir və düşünür ki, Abxaziya və Cənubi Osetiya ilə normal əlaqələr nəticəsində Gürcüstanın ərazi bütövlüyü təmin ediləcək. Faktiki olaraq 2008-ci ildən Gürcüstanın bu separatçı regionları Rusiya tərəfindən nəzarətə alınıb. Vurğulamaq lazımdır ki, Kreml Tiflisə təzyiq etmək üçün bu regionların işğalını davam etdirəcək və nə vaxtsa bu ərazilərin Gürcüstanın tabeçiliyinə verilməsi real görünmür”.
Politoloqun sözlərinə görə, Gürcüstan hakimiyyətinin bu siyasəti Azərbaycanla strateji tərəfdaşlığa ziddir və ölkəmizin təhlükəsizliyinə təhdid yaradır:
“Gürcüstanın avrointeqrasiya kursu, NATO ilə genişlənən əlaqələri fonunda Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə verməyəcək. Ancaq göründüyü kimi, Moskva və İrəvan Tiflislə razılaşaraq bu dəhlizin açılmasına nail olur”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili parlamentdəki çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilərlər(axar.az).