"Avropada separatizm təhlükəsi daha böyükdür" - Prezidentin köməkçisi
23-12-2017, 15:15
"Bu dünyada bu gün çatmayan bir ədalət var. Beynəlxalq hüquq sanki kənara atılıb".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, bunun konkret nümunəsi tək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi deyil: "Bütün məsələlərdə bunu görmək olur. Bütün dövlətlər öz imkanlardan istifadə edib demək istəyir ki, mən buyam və bu məsələni belə həll etməliyəm. Bu, ən böyük təhlükədir. Böyük müharibə təhlükəsi daha da yaxınlaşır. 21-ci əsrin ikinci onilliyində bu dövlətlər, onların rəhbərləri müəyyən ictimaiyyət nümayəndələri daha diqqətli olmalıdırlar. Ədalət prinsipindən uzaqlaşmaq olmaz. Ədalət prinsipi yoxdursa, universal dəyərlər yalnız sözdən ibarət olacaq. Niyə Avropada gözləməli idilər ki, onlarda separatizmlə bağlı hadisə baş versin və daha sonra onlar ədalətli mövqe göstərsinlər? Bu səhv yanaşmadır. İlk vaxtlardan ədalətli mövqe sərgiləmək lazım idi. Beynəlxalq hüquqa, müvafiq sənədlərə, qətnamələrə onlara riayət etmək lazımdır. Aİ ölkəsində separatizm baş qaldırandan sonra qərar verirlər ki, separatizmə mübarizə aparaq. Bu düzgün deyil. Münaqişə başlayan zaman Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret mövqe olsaydı, ədalətli mövqe nümayiş etdirilsəydi, digər münaqişə ocaqları yaranmazdı. Bütün dünya birliyi görəcəkdi ki, beynəlxalq hüquq çərçivəsindən kənar addım atılanda, bunun perspektivi olmayacaq. Avropada separatizm təhlükəsi daha böyükdür. Ən azı orada ən böyük hadisə - II Dünya müharibəsi olub və bu proseslə bağlı çoxlarının ürəklərində müəyyən hisslər qalıb. Ona yaxın Avropa ölkəsində konkret problemlər var, sakitcə gözləyirlər ki, imkan düşən kimi ciddi addımlar atsınlar. Onların qarşısını güclə almaq mümkün olmayacaq. Faciə bundan ibarətdir. Ədalət prinsipinə riayət etmək lazımdır. O zaman dünyada təhlükəsizlik, sabitlik, davamlı inkişaf təmin olunar.