Sərsəng su anbarının ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur
23-12-2017, 20:52
Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur.
teref.az Trend-ə istinadən bildirir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) rəhbəri Nidal Salimlə görüşdə deyib.
Q.Hüseynov bildirib ki, ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur:
"Erməni təcavüzü nəticəsində işğal altında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində narahatlığını ifadə edib".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları ilə tanış olduğunu deyən QSTSİ direktoru N.Salim Azərbaycan ərazilərinin işğalı nəticəsində su hövzələrinə vurulan mənfi təsirin qarşısının alınması üçün birgə əməkdaşlığın vacibliyindən danışıb.
O, 2013-cü ildə Bakı şəhərində keçirilmiş Su texnologiyaları sərgi və konfransında iştirakını xatırlayaraq, "Azərsu" ASC-nin fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini bildirib.
N.Salim qeyd edib ki, QSTSİ UNESCO Su Məsələləri üzrə İnstitutun, Dünya Su Şurasının, Asiya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının və İsveçrə Su Əməkdaşlığı Təşkilatının idarə heyətində təmsil olunur. O, 2018-ci ilin mart ayında Braziliyada keçiriləcək Beynəlxalq Su Forumuna hazırlıq tədbirləri barədə məlumat verib və əlavə edib ki, forum çərçivəsində birgə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.