Rusiyada toqquşmalar olacaq – Seçki çağırışı

27-12-2017, 09:50           
Rusiyada toqquşmalar olacaq – Seçki çağırışı
Bu hadisələr Rusiyada keçiriləcək prezident seçkilərinə təsirsiz ötüşməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə rusiyalı müxalif bloger Aleksey Navalnının 2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot etməklə bağlı çağırışının Rusiyadakı seçkilərə necə təsir edəcəyini şərh edərkən deyib. O bildirib ki, Rusiyada son illər sistemdənkənar müxalifət müəyyən nüfuz qazanıb:

“Doğrudur, bu təsirlər çox azdır. Çünki Rusiyada müxalifət oyundankənar vəziyyətdə qalır. Çox güman ki, onlar bu vəziyyətlə barışmayacaqlar. Sistemdənkənar mitinqlərin keçirilməsinə çalışacaqlar. Burada proses iki müstəvidə - hüquqi çərçivədə və mitinqlərin keçirilməsi şəklində gedəcək. Müxalifətin hüquqi çərçivədə həyata keçirəcəyi işlər Mərkəzi Seçki Komissiyası tərəfindən tənzimlənəcək. Sistemdənkənar proseslərin daha da aktivləşəcəyinə görə isə burada hüquq-mühafizə orqanlarının rolu artacaq. Təbii ki, bu hal Rusiyada qarşıdurmalara gətirib çıxaracaq. Müxtəlif qrupların bir-biri ilə açıq şəkildə toqquşmasını müşahidə edəcəyik”.

Politoloq qeyd edib ki, Rusiyada seçki prosesi asan keçməyəcək:

“Eyni zamanda, Rusiyada toqquşmaların baş verməsində maraqlı tərəflər də var. Qərb və Rusiyadaxili elə siyasi qruplar var ki, Navalnının bu çıxışlarından istifadə edəcək. Bu da seçkiqabağı müddətdə ölkənin siyasi ritorikasının sərtləşməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, rusiyalı müxalif bloger Aleksey Navalnı öz tərəfdarlarına videomüraciətində 2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru