Bakıya görə Kremlin başı dərddə - Azərbaycan davası böyüyür
27-12-2017, 10:20
Azərbaycan Rusiya-Türkiyə tandemi ilə Avropa arasında; Avropa ölkəmizi öz orbitində görmək istəyir, Moskva isə bu rəqabətdə həm də Ankaraya güvənir; həlli uzanan Qarabağ problemi və qaz bazarında gənc rəqib - qısqanc Moskvanın zəif yerləri kimi...; Rusiya nəşri: “Ümid yalnız Əliyevin sağlam düşüncəsinə qalır...”
Azərbaycan 2017-ci ildə də böyük güclər arasında balanslı siyasəti qoruyub saxlaya bildi. Bu güclərdən biri də, heç şübhəsiz, Avropa Birliyidir - Krımın ilhaqına görə ABŞ-la birgə Rusiyaya qarşı dördüncü ildir sərt sanksiyalar tətbiq edən təşkilat. Təkcə bu faktın özü Bakının qlobal güclərə münasibətdə tarazlı siyasət kursunu qəlizləşdirən mühüm amillərdəndir.
Gələn il ABŞ-Rusiya münasibətlərinin daha kəskin xarakter alacağını nəzərə alsaq, Azərbaycan üçün ənənəvi xarici siyasət kursunu saxlamaq asan olmaya bilər.
Lakin bu, heç də o demək deyil ki, Azərbaycan dünyaya, Avroatlantik məkana inteqrasiya kursundan imtina etməli, Rusiyanın maraqlarına cavab vermir deyə, istənilən çağırışa laqeyd olmalıdır. Sözsüz ki, qardaş Türkiyə kimi, Azərbaycan da Moskva əleyhinə sanksiyalara qoşulmaq niyyətində deyil. Bununla belə, milli maraqlarımız imkan düşdükcə xarici siyasətimizi də şaxələndirməyi diktə edir - ki, geridönməz şəkildə Rusiyanın orbitinə, təsiri altına düşməyək. Heç olmasa, Avropa Birliyi (AB), ABŞ timsalında Moskvanın bəzi məkrli planlarına qarşı etibarlı immunitet əldə edə bilək.
*****
Şübhə yox ki, Avropa Birliyi ilə 2017-ci ildə çərçivə sazişinə dair davam edən danışıqların əsas hədəfi məhz budur. Doğrudur, bu il tərəflər bir neçə səbəbdən real nəticə əldə eləmədilər. Lakin onu da nəzərə alsaq ki, artıq Rusiyanın satelliti Ermənistan da AB ilə bənzər sənəd imzalayıb, o zaman 2018-də Azərbaycan üçün bu xüsusda həlledici ola bilər.
Ən son məlumatlara, həm rəsmi Bakı, həm də Brüssel bu yöndə kifayət qədər nikbin ovqatdadır. Xüsusən də AB Bakının narahatlığını aradan götürəcək addımlara hazır görünür. Söhbət həm də Dağlıq Qarabağ məsələsinin həllinə yanaşmadan gedir. Avrokomissiyanın saytında yer alan son anlaşma mətnində AB-nin bu məsələdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi prinsipinə sadiqliyi qeyd olunur (bundan az öncə Avropa Birliyinin Brüssel sammitinin yekun bəyannaməsində və Avropa Parlamentinin 13 dekabr qətnaməsində analoji prinsipial mövqe əksini tapıb).
O da vurğulanır ki, “Azərbaycan AB-nin mühüm tərəfdaşı, o cümlədən iqtisadi tərəfdaşıdır”. Bundan əlavə, mətndə Azərbaycan multikulturalizmi təşviq eləməsi və dini tolerantlığa görə təqdir edilir. Eyni zamanda Bakı ilə energetik əlaqələrin inkişafı, qanunun aliliyinin güclənməsi də daxil, islahatlara dəstək vəd edilir.
Qeyd edək ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Avropa üçün ilk növbədə zəngin karbohidrogen qaynağı kimi önəm kəsb edir. Belə görünür ki, bu amil də elə ən çox Rusiyanı narahat edir. Çünki hər necə olmasa, Azərbaycanın təbii qazı yekun etibarilə Avropanın Rusiyadan energetik asılılığının azalmasına aparır. Bundan əlavə, qaz bazarında yeni gənc oyunçunun, daha dəqiqi, rəqibin peyda olması, Rusiyanın ildən-ilə kasadlaşan büdcəsi üçün də itki deməkdir. Ən əsası, Moskvada bilirlər ki, Qərblə, AB ilə iqtisadi, energetik bağlar həm də siyasi və geosiyasi bağlar yaradır və nəticə etibarilə, Azərbaycanın Rusiya orbitindən uzaqlaşmasına gətirəcək.
*****
Sadalanan səbəblərdən Bakının Brüssellə münasibətləri və bu münasibətlərin mümkün perspektivi Rusiyada daim diqqətlə izlənir. Bu xüsusda rosbalt.ru saytında getmiş və daha çox Rusiya maraqlarından qaynaqlanan, bir az da Bakıya ünvanlı xəfif hədə tonunda yol göstərmək, “ağıl vermək” cəhdindən ibarət olan dünənki məqalə diqqət çəkir. “Yeni Müsavat” yazının əsas hissələrini təqdim edir.
“Azərbaycanın AB-yə həddən artıq yaxınlaşması ona Avropa qanunvericiliyi və həyat tərzinin, Azərbaycanın əhalisi və hakim iyerarxiyasının mentaliteti üçün yad olan ”dəyərlərin sırınması" təhlükəsi vəd edir. Azərbaycan isə öz daxili işlərinə qarışmasına dözməyəcək. O, Rusiya və Türkiyə də daxil, öz tərəfdaşlarının maraqlarına zidd olan siyasi alyanslara qoşulmaq istəmir. Bu üzdən, tam aydın deyil ki, AB ilə xüsusi anlaşma Azərbaycanın nəyinə lazım olub" - məqalədə deyilir.
Müəllifə görə, indilikdə yalnız bir şey aydındır: “Azərbaycanı ”Şərq Tərəfdaşlığı" proqramına cəlb edə bilməyən Avropa hələ ki, respublikaya “yumşaq güc” təsiri ideyasından əl çəkməyə hazırlaşmır... Azərbaycan hər halda, özü-özünü təmin edən ölkədir. Rusiyadan qaz asılılığını azaltmaqda və energetik təhlükəsizlikdə maraqlı olan AB-yə Bakının öz şərtlərini diktə eləməyə tam haqqı var".
Bu yerdə Azərbaycanla Avropa Şurası arasında insan haqları ilə bağlı son aylar yaranmış gərginlikdən söz açılır və prezident İlham Əliyevin təşkilatdan çıxmaqla bağlı məlum bəyanatı, “Azərbaycan bu qurumdan çıxsa, heç nə itirməyəcək” sözləri yada salınır. Müəllifin iddiasına görə, bu fonda Azərbaycanla əməkdaşlıq AB-yə ölkəni Rusiya-Türkiyə tandemindən daha da uzaqlaşdırmaq üçün lazımdır.
“Lakin məhz Türkiyə Qarabağ və erməni-Azərbaycan konflikti məsələsində Bakını möhkəm müdafiə edir. Bu fonda AB-nin Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiqliyi barədə deklarativ bəyanatları cılız görünür. Bakı Türkiyə ilə birgə Rusiyaya, hətta Ermənistanın müttəfiqi olsa da öz sərhədlərində qarışıqlıq olmasın deyə, konfliktin tezliklə həllini arzulayan İranla birgə Rusiyaya daha çox etibar edə bilər. Yeri gəlmişkən, ötən həftə Bakıda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirildi və bu görüş Ankaranın Qarabağ nizamlanması ilə bağlı əhvalında heç bir şübhə saxlamadı. Nazir Mövlud Çavuşoğlu bəyan elədi ki, ”Ermənistanın bəyanatları bizim üçün heç bir önəm kəsb eləmir". Bundan əlavə, Bakı təması üç ölkənin energetika sferasında da sıx əməkdaşlıq eləmək əzmini təsdiqlədi. Maraqlıdır, görəsən, Brüsseldə bu addıma necə yanaşdılar? Və bu, onun işarəsi deyilmi ki, Ankara bundan sonra AB-nin Azərbaycanla hansı əlaqələr qurmaq istəməsinə və bu əlaqələrin Bakının müstəqil qərarlar verməsinə necə təsir edəcəyinə olduqca diqqətli olacaq? Bir sözlə, AB-nin Azərbaycanı tovlamaq məsələsi Türkiyə üçün olduqca ağrılı görünür. Elə Rusiya üçün də. Bu yerdə yalnız Əliyevin sağlam düşüncəsinə və onun yad hökmü qəbul eləməyən “diktatorluğu”na bel bağlamaq qalır" - təhlili məqalənin sonunda vurğulanır.
*****
Göründüyü kimi, “nifaq alması” kimi görünən Azərbaycan uğrunda davada Avropaya qarşı Moskva qardaş Türkiyəyə də ümid edir. Bu “düyün”ün necə açılmasına isə yəqin ki, gələn ilə şahidlik edəcəyik. Hər halda, AB-Azərbaycan sazişinin son imzalanma müddəti 2018 göstərilir.
Bir şey yəqindir ki, Moskva Azərbaycanı həqiqətən və səmimi şəkildə itirməkdə maraqlı deyilsə, yaxud onu öz orbitində görmək istəyirsə, o zaman tələsməli və ən əvvəl Qarabağ məsələsində deklarativ bəyanatlardan real işə keçməli, əlindəki bənzərsiz rıçaqları, nəhayət ki, çözüm yönündə hərəkətə gətirməlidir. Əks halda, bu məsələdə Kremlə Ankara da köməkçi ola bilməyəcək və “qatar” gedəcək...
“Yeni Müsavat”ın analitik xidməti