Mesaja cavab verən TƏHLÜKƏLİ VİRUS - Harda gördünüz, SİLİN!
28-12-2017, 02:00
“Feysbuk” sosial şəbəkəsinə məxsus messencer tətbiqi üzərindən “Digmine” virusu yayan yeni sistem buraxılıb.
Publika.az xəbər verir ki, bir neçə gündür sistemə buraxılan virus artıq bir çox ölkələrdə istifadəçilərin sosial hesablarını ələ keçirib. Ölkələr sırasında Azərbaycan, Cənubi Koreya, Vyetnam, Ukrayna, Tailand və Venesuela yer alır.
Sözügedən zərərverici proqram messencerin bütün versiyalarına göndərilə bilir. Xüsusilə “Chrome” brauzerindən istifadə edən kompyuter istifadəçilərinə videoçarx, pdf, zip, word fayllar adı altında ismarıclar göndərilir. Bu fayllar açılan zaman sistem birbaşa komputerin sistem blokuna virus yeridir. Artıq bundan sonra sizin hesabınız avtomatik olaraq bütün dostluğunuzda olan istifadəçilərə bu ismarıcları göndərməyə başlayır. Digər viruslardan fərqli olaraq, bu sistem android və İOS sistemlər üçün eyni dərəcədə təhlükəlidir.
Mütəxəssislər bildiriblər ki, hazırda virus maynerin funksionalı bununla da məhdudlaşmır. İstifadəçilər qeyd edir ki, virus istifadəçilərin primitiv suallarına şəxs kimi cavab yaza bilmə funksiyasına malikdir. Bununla da istifadəçilər ismarıcın virus olduğunu və ya şəxs tərəfindən göndərildiyini müəyyən edə bilmirlər.
"Feysbuk" şəbəkəsi bu virusun qarşısını almaq üçün bir sıra təhlükəsizlik kodları hazırlayır. Hələ ki, virus sisteminin qarşısını almaq mümkün deyil.