İRANDA QƏFİL ETİRAZ AKSİYALARININ SƏBƏBLƏRİ:bir büdcə layihəsinin üzə çıxardığı gerçəklər... - TƏHLİL
1-01-2018, 12:08
Mehmet Koç
“İran Araşdırmaları Mərkəzi” (Türkiyə)
Prezident Həsən Ruhani İranın hicri-şəmsi təqvimə əsasən, 1397-ci ilin, miladi təqvimə görə isə 2018-2019-cu illərə müvafiq yeni büdcə qanunu layihəsini dekabrın 10-da parlamentə təqdim edib. Məclisin daxili nizamnaməsinə uyğun olaraq, millət vəkillərinə layihəni araşdırmaq və təkliflərini əlaqədar komissiyalara bildirmələri üçün on beş günlük möhlət verilib. Bundan əlavə, büdcə layihəsini qiymətləndirmək üçün qarışıq komissiya yaradılacaq. Bu əlahiddə komissiya on beş gün içərisində layihəni kafi bilməzsə, Məclis rəhbərliyindən əlavə on beş günlük müddət tələb edilə bilər.
Ruhani büdcə layihəsini Məclisə təqdim edərkən, plenar iclasda, əvvəlki illərdən fərqli olaraq, bu büdcənin yalnız bir il üçün tərtib edildiyini və hökumətin dördillik iqtisadi planını əks etdirdiyini bildirib.
Prezidentin bütün nikbin şərhlərinə baxmayaraq, büdcə qanununda göstərilən rəqəmlər İran iqtisadiyyatının daralmağa davam etdiyini və 2012-ci ildə başlayan mənfi iqtisadi gedişatın bu il də davam edəcəyini göstərir.
2011-ci ildə təxminən 600 milyard $ olan İranın ümumi daxili məhsulu (ÜDM) beş ildə 35% azalaraq 2017-ci ildə 386 milyard $ təşkil edib. İran, bu dövrdə, bir tərəfdən, nüvə proqramına görə BMT-nin sərt sanksiyalarına məruz qalıb; digər tərəfdən də, Yaxın Şərqdəki böhranların fəal iştirakçısı olub. Bu proseslər ölkənin iqtisadiyyatında birbaşa əksini tapıb.
2015-ci ildə imzalanan nüvə sazişi sayəsində mənfi istiqamətdəki artım əvəzinə, müsbət artımla birlikdə, razılaşmanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklər və ballistik raket proqramına görə İranın yeni sanksiyalara məruz qalma riskinin yüksək olması, İran iqtisadiyyatına dair nikbinliyin sərhədlərini məhdudlaşdırıb.
Hökumət yeni ilin büdcəsini hazırlayarkən, xarici qaynaqlı bütün bu riskləri və ölkə içindəki kövrək sosial-iqtisadi parametrləri nəzərə alıb və bəzi tədbirləri həyata keçirib. Qanun layihəsində daxili və xarici təhlükəsizlik, səhiyyə, təhsil və sosial sahələr üzrə xərclərdə mühüm dəyişikliklər edilib, maliyyə və bank sistemində də əhəmiyyətli islahatlar nəzərdə tutulur.
Büdcənin gəlirlər hissəsində isə yeniliyə gedən hökumət neft və qaz gəlirlərinin büdcədəki payını aşağı endirərək, onun yerinə vergi gəlirləri başda olmaqla, borc yolu ilə qaynaq yaratma səyindədir.
Üstəlik, investisiyalar da xeyli dərəcədə məhduddur.
Milli müdafiə xərcləri
İran Konstitusiyasına görə, güc strukturları Baş Qərargah, Ordu, İnqilab Keşikçiləri, Silahlı Qüvvələrə Dəstək Nazirliyi (“Bəsic”) və Təhlükəsizlik Nazirliyindən (“Ettelaat”) ibarətdir. İranın müdafiə, təhlükəsizlik və hərbi büdcəsi ötən illə müqayisədə 30% artıb (11,23 milyard $). 2017-ci ilin büdcəsində 49%-lik artımla İnqilab Keşikçiləri Korpusu aslan payını alarkən, Təhlükəsizlik Nazirliyinin payı da təxminən 50% artıb.
Son iki ildə daxili və xarici müdafiə və təhlükəsizlik xərclərindəki bu əhəmiyyətli tənzimləmənin İranın prioritetlərini əks etdirdiyini söyləmək mümkündür. Başqa sözlə, Daxili İşlər Nazirliyinin büdcəsində artım 2018-də də ölkədə daxili təhlükəsizliyin prioritet olacağını göstərir.
Ordu, müdafiə və təhlükəsizlik xərclərində 2016-2017-dəkinin üçdə biri nisbətində artım Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi tərəfindən tənqid olunub. Hökumətin qanun layihəsində müdafiə xərclərinin 2016-ya nisbətdə artırmasına baxmayaraq, Nəqəvi regional və qlobal təhdidlər nəzərə alınaraq, sözügedən artımın qeyri-kafi olduğu fikrini müdafiə edib və komissiya müzakirələrində lazımi müdafiə xərclərini artıracaqlarını dilə gətirib.
Neft gəlirləri
Hökumət yeni ilin büdcə layihəsində neft gəlirlərinə dair də dəyişikliklər edib. Layihədə büdcə qaynaqlarında neft gəlirlərinin payı 2016-2017-yə nisbətən azaldılıb. Buna görə də (keçən il ümumi neft gəlirlərindən büdcəyə 33,6 milyard $ vəsait daxil olub), bu il o, 28,9 milyard $ təşkil edəcək. Bu dəyişikliyə əlavə olaraq neft gəlirlərindən Milli İnkişaf Fonduna köçürülən məbləğ artırılaraq 30-dan 32%-ə çatdırılıb.
Eyni zamanda, ehtiyac halında bank və maliyyə sistemi sahəsində islahatlar, əhəmiyyətli investisiya layihələri üçün Milli İnkişaf Fondundan istifadə icazəsi tələb olunur. Bu icazəni Məclis verməlidir.
Həqiqətən, hökumətin siyasəti dolayı və ya birbaşa neft gəlirlərindən asılılığı aradan qaldırmır. Hökumət Milli İnkişaf Fondu və Mərkəzi Bankın payı nəzərə alınmaqla, neft gəlirlərinin 70%-indən istifadə edir. Bu da İran iqtisadiyyatının neftdən asılılığını göstərir. Bu asılılığın yaratdığı kövrəklik neft qiymətlərindəki dalğalanmalar və ya mümkün embarqo vəziyyətində İranın büdcəsinə və bu səbəbdən iqtisadiyyatına mənfi təsir edəcək.
İnvestisiya və məşğulluq
Hökumətin 2018-ci ilin büdcə layihəsində diqqət çəkən xüsusiyyətlərdən biri də keçən illə müqayisədə investisiya fondlarından 15% nisbətində məhdudiyyətə gedilməsidir. 2016-2017-də 71 kvadrillion tümən (21,5 milyard $) olan investisiya resursları yeni il üçün 60 kvadrillion tümən (17,2 milyard $) civarında qalıb.
İşsizlik və məşğulluq məsələləri hökumətin ən mühüm prioritetləri olsa da, investisiya qaynaqlarında məhdudiyyət tənqidlərə səbəb olub.
Hökumətin işsizlik problemini həll etməsi üçün ildə 980 min adam işlə təmin edilməlidir.
Subsidiyalarda azalma
2010-cu ilin dekabr ayından İranda ödənişi başlayan aylıq müavinətlər bu günə qədər verilir. Əhalinin 95%-inin aldığı nağd subsidiyalar neft gəlirlərinin ictimai paylanması prinsipinə əsaslanır. İqtisadçılar bu siyasəti tənqid edirlər.
Hər ay adambaşına 45.500 tümən (2010-cu ildə 43 $, indi 11 $) olaraq ödənilən nağd ödənişlər keçən illə müqayisədə müəyyən ixtisara məruz qalıb. Hicri-şəmsi 1396-cı illə müqayisədə (37,5 kvadrillion tümən – təxminən 11,4 milyard $) 1397-ci il üçün bu rəqəm 23 kvadrillion tümənədək (6,6 milyard $) məhdudlaşdırılıb.
Hökumətin qərarı ilə artıq təxminən 30 milyon nəfər aylıq müavinət almayacaq. Beləliklə, 4,5-5 milyard $ vəsaitə qənaət ediləcək.
2010-cu ildən etibarən İran öz vətəndaşlarına 110 milyard $-a yaxın müavinət verib.
Müavinət alacaq şəxslərin müəyyənləşməsində meyarın qeyri-müəyyənliyi cəmiyyətdə qayğılanmaya səbəb olub. İşsizlik, inflyasiya, alıcılıq qabiliyyətindəki eniş kimi faktorlarla yanaşı, iqtisadiyyat sahəsində mühüm qərarların tətbiqi ilə bağlı ictimai fikrin kifayət qədər məlumatlandırılmaması iranlılar arasında narahatlıqlar doğurub.
Mədəniyyət qurumları
Yeni ilin büdcəsində hökumətin mübahisəli maddələrindən biri də mədəniyyət müəssisələrinə ayrılan vəsaitdir. Ruhaninin büdcədə şəffaflaşmaya getməsi, yəni, maliyyə hesabatı verməyən təşkilatları hesabat verənlər statusuna qovuşdurması mühafizəkar dairələrdə tənqid mövzusu olub. Digər tərəfdən, bu tənzimləməni müsbət qarşılayan islahatçı və mötədil siyasi dairələr bəzi mədəni və dini təşkilatlara həvalə edilən vəsaitin nazirliklərin xərclərindən çox olduğuna görə hökuməti tənqid edirlər.
Mədəniyyət Nazirliyinin aparıcı təşkilatlarının büdcələrində 10-dan 20%-ə qədər artımlar var:
1. İslam İrşad (Təbliğat) Təşkilatı – 124 milyon $.
2. Dini Təhsil Ali Şurası (Mədrəsələr) –127.558.000 $.
3. İslam Mədəniyyət və Əlaqə Təşkilatı – 95.657.000 $.
4. Vəqflər və Xeyriyyə Təşkilatı – 115.423.000 $.
5. Cəmiatül-Mustafa əl-Aləmiyyə (daxildə və xaricdə xarici tələbələrə dini təhsil verən təşkilat) – 87 milyon $.
6. Universitetlərdə Ali Dini Rəhbərin nümayəndəlikləri – 40.000.000 $.
7. İmam Xomeyninin əsərlərinin nəşri və təbliği – 20.383.000 $
8. İran Radio və Televiziya Qurumu – 435 milyon $.
Digər sahələrdə qənaətə gedərkən, bu sahədə əksinin edilməsi Məclisdə əhəmiyyətli müzakirə mövzularından birini meydana gətirəcək. Çünki yalnız İslami İrşad Təşkilatına ayrılan vəsait Ədliyyə Nazirliyi və Neft Nazirliyinə ayrılan vəsaitdən daha çoxdur.
Həqiqətən, İranın dini siyasətinin mühüm bir hissəsi olan bu təşkilatlar bəzən xalq diplomatiyasında fəal şəkildə istifadə olunur.
Nəticədə, hökumətin 1397-ci il büdcəsi əvvəlki ilə nisbətən təxminən 10% artıb. Yeni ilin büdcəsində inflyasiya 9% və iqtisadi artım 7%, maaşlar üçün 10%-lik artım nəzərdə tutulub. Ötən il də hökumət 7%-lik artım tempi düşünürdü, amma o, 3,9% səviyyəsində qaldı.
İran "Müqavimət iqtisadiyyatı doktrinası" çərçivəsində göstərilən illik 8%-lik artım hədəfi hələlik xəyaldır. Ölkədə hər sahədə, xüsusən də sağlamlıq, təhsil, infrastruktur və enerji obyektlərində struktur islahatları tələb olunur.
Bu işlərin həyata keçirilməsi üçün kifayət qədər resursları olmayan İranın hər il təxminən 50 milyard $-lıq xarici investisiyaya ehtiyacı var. Ancaq İran iqtisadiyyatı uzun müddətdir ki, ABŞ, Aİ və BMT tərəfindən qoyulan sanksiyaların təzyiqi altında əziyyət çəkir.
Müxtəlif dövrlərdə fərqli səbəblərlə həyata keçirilən sanksiyalar qismən ləğv edilsə də, bir tərəfdən, nüvə razılaşmasının gələcəyinə dair şübhələr, digər tərəfdən, ballistik raket proqramı yenidən sərt sanksiyaların tətbiqi ehtimalını artırır və xarici investorların İran bazarına olan marağını əngəlləyir.
Xarici sərmayə olmadan İran iqtisadiyyatında iddialı bir böyümə gözləmək isə həddindən artıq nikbin yanaşmadır.
Tərcümə Strateq.az-ındır