ABŞ açıqladı: Pakistana qarşı yeni plan hazırlanır
3-01-2018, 11:53
ABŞ terrorçuluğa dəstək məsələsi ilə bağlı Pakistana qarşı yeni tədbirlər hazırlayır. Bunu ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.
Axar.az xəbər verir ki, mətbuat katibinin sözlərinə görə, yeni tədbirlərin yaxın 24-48 saatda elan olunacağı gözlənilir.
ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bundan əvvəl bəyan etmişdi ki, Ağ Ev administrasiyası Pakistanı terrorizmə münasibətdə “ikibaşlı oyunda” təqsirləndirərək, ona kömək üçün nəzərdə tutulan 255 milyon dolları hələlik verməyəcək. Heyli İslamabada yardımın ixtisar olunacağını da istisna etməyib. Haqqında söhbət gedən yardım hərbi sahəyə aiddir.
ABŞ beynəlxalq inkişaf agentliyinin (USAİD) məlumatına görə, 2018-ci ildə beynəlxalq yardımlara 25,8 milyard dollar ayrılması planlaşdırılıb. Bunun 345 milyon dolları Pakistana inkişaf və humanitar proqramlar üçün ayrılacaq.