İran üçün əsl FƏLAKƏT SSENARİSİ – Partlamağa HAZIRDIR
3-01-2018, 11:56
İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.
Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.
İran hakimiyyəti yaxın günlərdə sabitliyin təmin olunacağına söz versə də, türkiyəli siyasi şərhçi Taha Dağlının sözlərinə görə, əsl təhlükə heç də etiraz aksiyaları ilə bağlı deyil.
Publika.az xəbər verir ki, o, “Haber7” saytında dərc etdiyi yazısında əsl təhlükənin PKK terror təşkilatının İran qolu olan PJAK olduğunu bildirib.
Onun sözlərinə görə, İranın kürdlərlə razılaşma vəziyyətində olmasına baxmayaraq, PJAK İran torpaqlarında partlamağa hazır bombanı xatırladır.
“Türkiyə Suriya və İraq sərhədlərində PKK-ya qarşı bütün təhlükəsizlik tədbirlərini gördü, eyni təhlükə İran üçün də var. Plan daha böyük olarsa, iş İranı İraq və Suriyaya çevirməyə qədər gedə bilər. İranın minilliklərə söykənən dövlətçilik ənənələrini nəzərə alsaq, bu, uzaq ehtimalı olan fəlakət ssenarisi kimi görünür. Amma yenə də ehtiyatlı olmaq lazımdır. Uzaq ehtimal kimi görünsə də, PJAK hər an hərəkətə keçə bilər”, - Taha Dağlı qeyd edib.