Səudiyyə şahzadəsinin Türkiyə ilə bağlı fikirləri qalmaqal yaratdı

10-03-2018, 10:26           
Səudiyyə şahzadəsinin Türkiyə ilə bağlı fikirləri qalmaqal yaratdı
Məhəmməd bin Salmanın Misirdə söylədiyi fikirlər Riyad-Ankara münasibətlərindəki gizli nüanslara aydınlıq gətirib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyə haqda fikirləri qalmaqala səbəb olub. BBC-nin məlumatına görə, “The Daily Mail” nəşri Məhəmməd bin Salman Türkiyəni “şər ücbucağının bir tərəfi” adlandırdığını yazıb.

Britaniya qəzeti isə bu məlumatı Misirin Aş-Şuruq qəzetinə istinad edir. Misir qəzeti yazır ki, Səudiyyə şahzadəsi habelə Türkiyəni yüz il əvvəl Osmanlı imperiyası ilə birlikdə çökmüş İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb. Qahirədə qəzet redaktorlarına verdiyi müsahibədə Məhəmməd bin Salman “Müsəlman Qardaşlar” təşkilatını demokratiyadan sui-istifadədə ittiham edib və bildirib ki, bu təşkilatın hamisi olan Türkiyə xilafəti bərpa etməyə çalışır. Əş-Şuruq qəzeti şahzadə Məhəmmədə istinadən yazıb ki, “şərin müasir üçbucağı İran, Türkiyə və ekstremist dinçi qruplaşmalardan ibarətdir”.

Ancaq bu açıqlama yayıldıqdan bir gün sonra təkzib verilib. Krallığın Ankaradakı səfirliyi rəsmi açıqlama yayaraq şahzadənin terror təşkilatları və “Müsəlman Qardaşlar” Hərəkatından bəhs etdiyini bildirib. Ancaq Misir mətbuatı və Qətərə yaxın media orqanları şahzadənin məlum çıxışında İran, Türkiyə və Qətərin adını çəkdiyini qeyd edir.

Qeyd edək ki, son iki ildə hakimiyyət pillələrində sürətlə irəliləyən Məhəmməd bin Salman taxt-tacın növbəti sahibi hesab olunur. Hazırda vəliəhd-şahzadə (növbəti kral olacaq şəxs - K.R.) titulu daşıyan Məhəmməd bin Salman eyni zamanda müdafiə naziri, ölkədə iqtisadi islahatlar prosesinə rəhbərlik edən şəxs və həmçinin ötən ilin noyabrın yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə rəhbərlik edir. Öz ölkəsində bir sıra yeniliklərə imza atıb. O cümlədən, qadınların idman yarışlarını izləməsi, avtomobil idarə etməsi, konsertlərin keçirilməsi kimi yeniliklərə imza atıb. Şahzadə Salman bu addımları ölkəsinin yenilənməsi yolunda islahatlar adlandırıb və bunları davam etdirəcəyini bildirib.

Şahzadə Məhəmməd bin Salmanın Qərblə, o cümlədən ABŞ-dakı siyasi dairələrlə yaxşı əlaqələri var, onlardan dəstək görür. Qərb mediası onu Yaxın Şərqin yenilik ümidi adlandırır. Misir səfəri Məhəmməd bin Salmanın - yeri gəlmişkən Qərb mediası onu adının baş hərfləri ilə MBS adlandırır - ilk xarici səfəri idi. Və indi mübahisə şahzadənin bunu deyib deməməyi ilə bağlıdır.

Maraqlıdır ki, Qərb mediası Məhəmməd bin Salmanın məlum açıqlamasında Türkiyənin adını çəkdiyini inadla yazır. Burada bir qədər inandırıcılıq var. Məsələ ondadır ki, hazırda Misir və Səudiyyə Ərəbistanı arasında müttəfiqlik münasibətləri var və Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətər və Türkiyə ittifaqı ilə ciddi soyuq münasibətlərə malikdir. Ötən ilin iyununda Səudiyyə Ərəbistanı və adıçəkilən müttəfiqləri Qətərə qarşı embarqo elan edəndə Türkiyə açıq şəkildə Dohanın yanında dayandı. Hətta Qətərdə hərbi baza qurdu. Doğrudur, Türkiyə və Səudiyyə Ərəbistanı arasında regional əməkdaşlıq da qırılmadı, davam edir. Suriya, Yəmən, İraq məsələlərində Türkiyə və krallıq arasında əməkdaşlıq davam edir. Ancaq fakt odur ki, Yaxın Şərqdə ərəb ölkələri Qətər və Səudiyyə Ərəbistanı “cəbhələrinə” bölünüb. Digər tərəfdən, Səudiyyə Ərəbistanı hökuməti Yaxın şərqdə və müsəlman aləmində dini radikalizmin əsas nüvəsinin “Müsəlman Qardaşlar” Hərəkatı olduğunu bildirir. 1927-ci ildə Misirdə yaranmış “Müsəlman Qardaşlar” Hərəkatı ötən əsrin 60-cı illərində hakimiyyətin şiddətli təzyiqləri nəticəsində daha da radikallaşıb. Hərəkatın müsəlman dünyasında əsas dəstəkçisi Qətər dövlətidir. Maraqlıdır ki, Amerikada bir neçə siyasətçi Türkiyənin hazırkı rəhbərliyinin “Müsəlman Qardaşlar” Hərəkatına yaxın və hətta bəzi hökumət nümayəndələrinin hərəkatın üzvü olduğunu iddia edib. Görünür ki, Səudiyyə şahzadəsi də çıxışında Türkiyə və Qətəri eyni cərgəyə qoyaraq tənqid edib.

Bu həm də onu göstərir ki, üzdə müşahidə olunmasa da, Səudiyyə Ərəbistanı hakimiyyəti Türkiyənin Qətərə verdiyi dəstəyi unuda bilmir. Ancaq hələlik bu baxış münasibətlərə təsir etməyib, sadəcə şahzadə özünü saxlaya bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.