Tillerson Rusiyanın qurbanı oldu: Vaşinqtonun başağrısı

16-03-2018, 09:20           

Dünyada antirusiya meyilləri genişlənir və bunun nə ilə nəticələnəcəyi BMT-dəki müzakirələrdən asılı olacaq.

Bu sözləri Axar.az-a ABŞ-dakı kadr dəyişikliklərinin Vaşinqtonun xarici siyasətinə və Türkiyə ilə münasibətlərinə təsiri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Reks Tillersonun işdən çıxarılmasında İrana görə Trampla yaşandığı fikir ayrılıqları ilə yanaşı, onun keçmişi də rol oynayır:

“Tillerson “Ekson Mobil”in keçmiş rəhbəri idi və həmin dövrdə şirkət Rusiyada neft istehsalının artmasında böyük rol oynamışdı, hətta buna görə Putin Tillersonu dostluq ordeni təltif etmişdi. İndi isə dünyada antirusiya meyilləri güclənməkdədir. Üstəlik, Böyük Britaniya ilə Rusiya arasındakı münasibətlərin nə dərəcədə gərginləşdiyi ortadadır. Amerika da Şimali Koreya məsələsində guya dil tapa biləcəklərini bəhanə gətirərək və İran məsələsinin üstünü vurmadan bütün diqqəti Rusiyaya yönəldib. Zənnimcə, Tillersonun getməsi təkcə Trampın qərarı deyildi, onun Rusiya ilə yaxın əlaqələri də əsas səbəblərdəndir. Çünki bu gün Qərb dünyası sözün əsl mənasında səfərbər olub və bu proses Rusiyanın yerinə oturdulması ilə nəticələnməlidir”.

Politoloq geosiyasi trafikə baxmayaraq, Türkiyə ilə Amerika münasibətlərinin xeyli yumşalacağı qənaətindədir:

“ABŞ üçün Türkiyəni ram etmək elə də çətin deyil. Vaşinqtonun əsas başağırısı Rusiyadır. Bu baxımdan kadr dəyişikliklərini Tramp həyata keçirsə də, əslində bu siyasət dərin dövlətin sifarişləridir. ABŞ Rusiyanı bir neçə saniyə içərisində darmadağın edəcəyini bəyan edib. Bütün bunlar onu göstərir ki, Qərb ölkələrində, ilk növbədə isə ABŞ-da Rusiyaya qarşı ehtimal edilən müharibənin ssenariləri cızılır və bunun əsasında da Moskvaya təzyiq göstərilməsi nəzərdə tutulur. İngiltərədə baş verən son hadisələr isə bu prosesləri daha da dərinləşdirdi. Rusiyanın kimyəvi silahdan istifadə etməsi və bunun ən təhlükəli formada təzahürü ilə bağlı beynəlxalq səviyyədə fikirlərin formalaşdırılacağı istisna deyil. Beləliklə, hədəfdə Rusiyadır və elə Tillerson da Rusiyanın qurbanı oldu”.

Politoloq bu arada ABŞ-la Türkiyə arasında Menbiç məsələsinin müvəqqəti olaraq təxirə salındığını qeyd edib:

“Çünki gündəmdə birinci yerdə Rusiyadır. Suriya, Afrin, Menbiç və Şimali İraq məsələsində artıq Ankara və Vaşinqton arasında razılşamalar əldə edilir. Yeganə S-400-lərlə bağlı məsələdir ki, Ərdoğan güzəştə getmək istəmir. Ancaq Türkiyə XİN-nin mövqeyi bu məsələdə güzəşt əldə edilə biləcəyini göstərir”.

ABŞ Dövlət Departamentinə Pompeonun rəhbərliyinə gəlincə, politoloq hesab edir ki, Pompeo Amerikanın xaricdəki təsir dairəsinin güclənməsinə xidmət edəcək və xüsusi xidmət orqanlarının işinə daha çox müraciət edəcək: “Bu isə ABŞ-ın aqressviv xarici siyasət yürütməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi təyin edib. MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.