YAP-ın siyahısında olmayacaq daha bir rektor - Səməd Seyidov
9-09-2015, 12:12
Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə (noyabrın 1-də) az qalır. Seçkilərin yaxınlaşmasına baxmayaraq, namizədlərlə bağlı mənzərə qaranlıqdır. Xüsusilə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) öz namizədlərinin seçki siyahısını açıqlamaması bir sıra suallar doğurur.
Məlumatlara görə, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin səbəblərindən biri idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır. YAP-dan Modern.az-a daxil olan məlumata görə, qarşıdakı seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı konkret qərar verilib. Hazırda dövlət universitetlərinin rektorlarından kiminsə adı YAP-ın seçki siyahısında olacaqsa, həmin şəxs rektorluqdan gedəcək. Və əksinə, adı YAP-ın seçkı siyahısında olmayan rektor öz vəzifəsində qalacaq.
Qeyd edək ki, IV çağırış Milli Məclisdə təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var: Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev. Eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edən və hazırda deputat olan vəzifəli şəxslər də iki yoldan birini seçməli olacaqlar: ya deputat mandatı daşıyacaqlar, ya da vəzifədə çalışacaqlar. YAP-dan Modern.az-a daxil olan məlumata görə, yalnız Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev öz vəzifəsini saxlamaqla yanaşı, həm də deputat kimi fəaliyyətini davam etdirəcək.
Aldığımız son məlumata görə, Dillər Universitetinin rektoru Səməd Seyidov və Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı rektor postundan gedəcəklər. Onların deputat mandatı uğrunda mübarizə aparacaqları bildirilir.