"Əxlaqı və tərbiyəsi ilə heç cür efirə yaraşmayan insanlar..." - Millət vəkili ETİRAZ ETDİ
8-06-2018, 14:00
Son dövrlər televiziyalarda müzakirə olunan mövzular narazıçılğa səbəb olur. Milli və ailə dəyərlərinə zidd olan verilişlərin efirdə müzakirə olunması artıq dəb halını alıb. Bundan əlavə davranış mədəniyyəti olmayan insanların efirə çıxarılması insanlarımız tərəfindən etirazla qarşılansa da, bu barədə hələ də tədbir görülməyib.
Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, televiziyalarda gedən verilişlərdən narazı olanlardan biri elə o, özüdür:
“Azərbaycanda telekanallarda kifayət qədər baxılası, tərbiyəvi verilişlər var. Amma təəssüf ki, bir, iki kanalı çıxmaq şərti ilə mənəvi dəyərlərə zərbə vuran verilişlərin sayı həddən artıq çoxdur. Cəmiyyətin etirazına, narazılığına qətiyən fikir verilmir. Əxlaqı və tərbiyəsi ilə heç cür efirə yaraşmayan insanlar, mövzular saatlarla müzakirəyə çıxarılır. İnsanlara mehribançılıq, ailə dəyərləri deyil, əksinə bunları dağıdılması təbliğ edilir. Hətta ailədə gizlin müzakirəyə çıxarılan mövzuları zorla cəmiyyətin, gənclərin beyninə yeridirlər. Bu, çox ciddi məsələdir. Bunun səbəbini soruşanda bu yolla reklam əldə edib, televiziyaların bu cür yaşamasını vurğulayırlar. Məgər bizə bu mövzullarla pula işləyən telekanallar lazımdırmı? Televiziyaların sayı az olsun. Amma cəmiyyətə ailəni möhkəmləndirən mövzular təbliğ edilsin. Mən bundan çox narahatam. Bu cür necə davam edəcəyi tək məndə deyil, bir çox ziyalılarda narahatçılığa səbəb olur. Ola bilsin telekanalların inkişafında dünyada belə bir tendensiya var. Amma bu o demək deyil ki, bu cür qüsurlu tendensiya Azərbaycana gətirilməli və beyinlərə yeridilməlidir. Televiziyalar ilk öncə özlərinə mənəvi senzura tədbiq etməsinə ehtiyac var. Buna çox ehtiyac var. Bu belə davam etsə insanlarımız televiziyalara baxmaqdan imtina edəcək. Bu cür verilişlərə ümumiyyətlə baxmayacaq. Cəmiyyət xəbərlərdən, aktual və tarixi mövzuları təbliğ edən verlişlərdən başqa heç birinə baxmayaraq buna öz etirazlarını bildirəcəklər. Məncə, bu məsələ çox ciddi müzakirə olunmalıdır”.