“Patriot”ların və “tolerant”ların rol dəyişməsi
28-07-2018, 09:18
Son “stəkanda fırtına”, yəni “Jara-Zara qovğası”, bilirsinizmi, hansı zəmində yarandı? Sırf siyasi intriqa zəminində. Bu məsələ ona görə bu qədər böyüdü, yoğunladı, dilə-dişə düşdü ki, bizdə siyasi qruplar hələ də Qarabağ-erməni-vətən-millət-ermənipərəst-düşmən dəyirmanı marşrutu ilə yürüş edir, rəqiblərini bu kartlarla vurmağa çalışırlar.
Son 10 ildə ölkəmizdə bu xətt daima inkişafda olub. Bir yazıçının ermənilərin əlinə oynayacaq, işinə yarayacaq əsər yazdığına görə ictimai rəydə linç edilməsi, Lapşin adlı Belarus vətəndaşının Qarabağa səfər etməsinə görə ölkəmizə ekstradisiya edilib, anası ağladılana qədər (sözün bütün mənalarında) həbsdə saxlanılması, de-yure Azərbaycan ərazisi olan Dağlıq Qarabağa, qondarma “DQR”-ə səfər edən əcnəbilərin XİN-in qara siyahısına salınması, erməni siyasətçiləri və QHT rəhbərləri ilə ortaq sənədlərə qol çəkən, eyni toplantılarda iştirak edən şəxslərin pislənilməsi və başqa bu kimi hadisələr ictimaiyyətdə haqlı olaraq belə bir rəy yaratmışdı ki, ermənilərlə hər hansı bir münasibət, yaxınlaşma ola bilməz, bu, prinsip məsələsidir.
Düzdür, beynəlxalq birlik bir millətin bütün fərdlərinin düşmən elan edilməsi tendensiyasını qəbul etmir, bu işdə şovinizm elementləri tapır, amma bu cür məsələdə yəqin ki, heç bir dövlət ərazisinin 20 faizini işğal edən, ona hər gün güllə atan dövlətin vətəndaşlarını dost saymaz, onlara qucaq açmaz. Dünyaya demokratiya dərsi keçən ABŞ-ın bir dövlətlə düşnüşəndə nə kimi hərtərəfli düşmənçiliklər apardığını çox görmüşük. Başqaları da eləcə.
Yəni müharibənin qaydası budur: düşmənə qarşı prinsipial olacaqsan, yumşaqlıq göstərməyəcəksən, sıyılmayacaqsan, boşluq buraxmayacaqsanE Yoxsa torpaqları həm de-fakto, həm də de-yure itirərsən.
Son ildə məhz Azərbaycan iqtidarı xalqı bu ovqata kökləyib. Ramil Səfərovun Macarıstandan ekstradisiya olunub ölkəyə gətirilməsi, dərhal əfv olunması və hərbi karyerasının bərpa edilməsi hadisəsi də bu xanədən idi. O zaman cəmiyyətə açıq mesaj verildi ki, erməni düşməndir, nə qədər ki, sülh sazişi bağlanmayıb, işğal olunmuş torpaqlarımız azad edilməyib, bu millətlə, dövlətlə yaxınlaşmaqdan söhbət gedə bilməz.
İndi bu qədər təbliğatın, piar işlərinin, cəmiyyətə ötürülmüş uyğun mesajların üstündən ermənilərlə sıx əlaqəsi olan, erməni soyadı daşıyan, ən ümdəsi Ermənistan vətəndaşı olan birinin bəh-bəhlə ölkəyə qonaq gətirilməsi insanlara qəribə, indiyədək aparılan siyasətə zidd görünə bilərdi.
Bu, avtomatik olaraq bəzilərinin əlinə kozır kart düşməsi deməkdir. Fürsət yaranıbsa, həmin kartla rəqibin əlindəki kartları vuracaqlar.
Hətta əksinə olsaydı, hansısa tanınmış müxalifət liderinin ya özü, ya övladı uzaq bir şəhərdə (Moskvada, Praqada) Zara ilə şəkil çəkdirmiş olsaydı, o zaman iqtidar təbliğatçıları o şəkli yayar, qadının erməni olduğunu vurğulayar, onunla şəkil çəkdirən azərbaycanlını isə satqınlıqda təqsirləndirərdilər.
Belə şeylər azmı olub? Çox olub. Artıq heç kəs bu cür həmlələrə önəm vermir, ciddiyə almır. Hamı bilir ki, bu, siyasət davasıdır.
Bu dəfə tərsinə oldu, vaxtilə Ramil Səfərovun ölkədə qəhrəman kimi qarşılanmasına qarşı çıxanlar, bunu aşırı millətçilik olayı hesab edənlərin bir çoxu milliyyətcə heç də erməni olmayan Zaranın verdiyi fürsətdən istifadə edərək patriotluq rüzgarı əsdirdilər. Vaxtilə patriotizm vulkanı püskürdən bəziləri də bu dəfə tolerantlıqdan bəhs etməli oldular.
Bəs əslində necə olmalıdır? Əslində biz bu kimi məsələlərdə qoyunu qoyun, keçini keçi ayağından asmağı, malı-mala qatmamağı, cılız intriqalara meyllənməməyi öyrənməliyik. Düşmənə qarşı yumşalmaq olmaz, amma bunu edərkən şovinistlik etmək də lazım deyil.
İndilikdə Ermənistanla bizim real münasibətimiz “nə ölüsünə, nə ölümə” modundadır. Düşmənçiliyin bu həddindəyik.
Bəzilərinin isə heç nə olmamış kimi, Zaranın gəlişindən vəcdə gəlməsinin də izahı var. O adamlar bu millətlə olmayan, bu millətin dilində danışmayan, bu dövlətdə yaşaya-yaşaya onun gündəmindən, dərd-sərindən bixəbər olanlardır. Onların öz məhdud icmaları var və özlərini Rusiyanın anklavında hiss edirlər.