Çin İrana qarşı sanksiyaların nəticələrini heçə endirdi: "Total"ı CNPC əvəz edəcək
12-08-2018, 14:11
Fransanın neft və qaz şirkəti Totalın ABŞ-ın yeni sanksiyalarını əsas göstərərək Fars körfəzindəki Cənubi Pars Qaz Sahəsindən çəkilməsi Çinin işinə yarayıb.
Ovqat.com xəbər verir ki, layihədə 30%-lik paya malik olan Çin Dövlət Neft Şirkəti (CNPC) Totalın layihədəki 50%-lik hissəsini satın alaraq öz payını 80%-ə yüksəldib.
Məlumatı İran Dövlət Neft Şirkətinin rəsmisi Məhəmməd Mustafavi də təsdiqləyib.
Mustafavinin İRNA-ya verdiyi məlumata əsasən, CNPC 5 milyard dollarlıq layihədə ən böyük paya malik şirkət halına gəlib.
Qeyd edək ki, ABŞ-ın indiki rəhbərliyi İran ilə imzalanan nüvə müqaviləsindən geri çəkildikdən sonra yenidən sanksiyalara qərar vermişdi. Dünyanın digər ölkə və şirkətlərini də bu qərara uymağa çağıran Tramp, əks halda həmin qurumları da sanksiyaya məruz qoyacağı ilə təhdid etmişdi. Sanksiyalar əsasən İrana ABŞ dollarının daxilolmasını, bu ölkəyə aid dövlət istiqrazını almağı, qızıl, gümüş kimi qiymətli metalların alış-verişini, həmçinin polad, alüminium malları, kömür, neft kimi məhsulların ticarətini, sərnişin təyyarəsi, yaxud onun hissələrinin idxalını qadağan edir. Embarqo 7 Avqust 2018-ci il etibarilə rəsmən qüvvəyə minmişdi.
Bu zamanadək İranın təbii ehtiyatlarının əsas istehlakçısı olan Total və ona müxtəlif mallar satan digər Fransa şirkətləri sanksiyalar üzündən qonşu ölkədəki işlərini dayandırmağa məcbur olmuşdular. Görünən budur ki, son zamanlar ABŞ-la ulduzları barışmayan Çin ağır sanksiyalar qarşısında İranı tək buraxmaq fikrində deyil.
İrana qarşı sanksiyaları rədd edən ölkələrdən biri də Türkiyədir. Qardaş ölkənin bu mövqeyi Vaşinqtonu bərk qəzəbləndirmiş, Tramp hökuməti Türkiyəyə qarşı da sanksiyalara start vermişdi. Nəticədə Türkiyə ağır maliyyə böhranı ilə üzləşmiş, Türk lirəsi ciddi devalivasiyaya uğramışdı. Bəzi ekspertlər Türkiyə-ABŞ ziddiyyətinin hətta defolt ilə nəticələnə biləcəyində ehtiyat edirdilər. Zira Türkiyə iqtisadiyyatı xarici sərmayədarlardan böyük ölçüdə asılıdır. Sanksiyalardan sonra xarici sərmayənin ölkəni tərk etməsi həqiqətən ciddi fəlakətlərlə nəticələnə bilərdi.
Bu mənada Çinin İrana qahmar çıxması Türkiyənin də faydasınadır. Dünyanın bir çox ölkəsinə siyasi şərtlər qoymadan böyük kreditlər verən Çin Türkiyə üçün rahatlıqla ABŞ-ı əvəz edə bilər. Görünür, ABŞ mətbuatında məqalə ilə çıxış edən Rəcəb Tayib Ərdoğan məhz bunu nəzərə alaraq, Vaşinqtona “yeni dost və müttəfiq axaracağı” mesajını vermişdi.