“Qarabağın azad olunması əməliyyatı” -2 gün sonra başlayır...
15-09-2018, 08:45
Paşinyanın müharibə bəyanatına Azərbaycandan tutarlı cavab; təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 10-dək qırıcı və bombardmançı cəlb olunacaq; ehtiyatda olan polkovnik: “Rəsmi məlumatda Ermənistanın işğalçı qüvvələrinin darmadağın edilməsindən söhbət gedir”
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.
Budəfəki təlimlərin məqsədi barədə olduqca ilginc məqam var. Rəsmi məlumatda deyilir: “Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək”. Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.
Əvvəlcədən planlaşdırılmış bu tədbir işğalçı Ermənistanın hərbi ritorikaya üstünlük verən rəhbərliyinə ciddi mesaj sayıla bilər. Qeyd edək ki, Nikol Paşinyan son bəyanatlarında diktə dili ilə danışmağa üstünlük verir. Hətta iki gün əvvəl erməni baş nazirin rəhbərliyi ilə Ermənistanda komanda-qərargah təlimləri keçirildi və parlamentdə bu təlimlərə uyğun olaraq “Azərbaycana müharibə elan edilməsi” barədə qərar qəbul olundu. İrəvan bu kimi şoularla Azərbaycana təsir göstərə biləcəyini zənn edir. Amma Azərbaycan rəhbərliyi son günlərdə bir daha xəbərdarlıq etdi və baş verənlərə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıyacağını rəsmən bəyanladı. Sonuncu hərbi təlimlər isə ordumuzun gücünü bir daha nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir.
Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov qəzetimizə bildirdi ki, planlı təlim olsa da, digər vaxtlarda keçirilən təlimlərdən fərqli olan bir məqam diqqəti cəlb edir: “Biz əvvəlki təlimlərdə ssenarini fərqli qururduq. Tutaq ki, düşmən cəbhə xəttini yarırdı, biz onları əks-hücumla məhv edirdik. Burda isə rəsmi məlumatda Ermənistanın işğalçı qüvvələrinin darmadağın edilməsindən söhbət gedir. Bundan əlavə, tanklarla müdafiənin bir neçə istiqamətdən yarılması, dərində strateji obyektlərin, artilleriya və raketlərlə darmadağın edilməsi qarşıya vəzifə kimi qoyulur. Cəm şəkildə bütün bunlar işğalçı qüvvələrin darmadağın edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi məsələsindən söhbət gedir. Belə açıq formada təlimlərin keçirildiyi mənim yadımda deyil. Biz artıq konkret olaraq Ermənistanın işğalçı qüvvələrini darmadağını ilə bağlı təlim keçiririk”. Hərbi ekspert xatırlatdı ki, bundan əvvəl Paşinyanın yersiz bəyanatları olmuşdu: “O, ”Qarabağı Ermənistana birləşdirməliyik", “Azərbaycan güzəştə getməyənədək Ermənistan güzəştə getməyəcək” kimi iddialarla çıxış edirdi. Artıq Azərbaycan prezidenti öz cavab-mesajını verib, deyib ki, bundan sonra bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Hesab edirəm ki, bu təlimlər də konkret ssenari ilə keçirilir və bir daha Azərbaycanın artıq səbrinin tükəndiyini nümayiş etdirmək baxımından vacib addımdır. Azərbaycan hər an öz ərazi bütövlüyünü təmin etməsi ilə əlaqədar əməliyyat keçirməyə haqqı, sözü və gücü olan ölkədir, təlimlər də onun sübutudur".
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə “Yeni Müsavat”a bildirdi ki, Paşinyan hökuməti ordunu normal vəziyyətə gətirmək, onu yeni texnika ilə təmin etməyə cəhdlər göstərir: “Paşinyan yeni gəlib və hakimiyyətdə qalmaq üçün müxtəlif variantlara əl atır. Amma onun əməlləri ilə sözü düz gəlmir. Məsələn, gah deyir Dağlıq Qarabağ Azərbaycanla danışmalıdır, gah da öz oğlunu Dağlıq Qarabağa xidmətə göndərir. Yaxşı, Qarabağın Ermənistana aidiyyatı yoxdursa, sənin oğlunun orda nə işi var? Yaxud həmişə deyir ki, Dağlıq Qarabağın Ermənistana aidiyyatı yoxdur. Sonra isə iddia etdi ki, Dağlıq Qarabağı Ermənistan ərazisi sayır. Yəni bu, ziddiyyətli mövqeyi ilə diqqət çəkir. Erməni baş nazir hansısa yolla xalqı sakitləşdirməyə çalışır, bu gərginliyi aradan qaldırmaq istəyir. Ermənistanda keçirilən təlimlər də erməni xalqının başını aldatmağa xidmət edir”. Keçirilən hərbi təlimləri yüksək qiymətləndirən general qeyd etdi ki, bizim qüvvələrimiz daim döyüş hazırlığı vəziyyətindədir: “Hansısa təxribatçı hərəkət olarsa, ordumuz həmin dəqiqə düşməni məhv etməyə qadirdir”.
Politoloq Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a dedi ki, Ermənistanın son “müharibə elanı” təxribatlarının arxasında Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq niyyəti də dayana bilər: “Paşinyan Hollivud filmlərinin ssenarisinə bənzəyən təlim planında Rusiya və Türkiyənin adını çəkməklə, bu iki ölkə arasında Suriya böhranı ilə bağlı yaşanan son gərginliyi qabartmaq və bundan yararlanmaq istəyir. Ermənistanın Suriyaya Rusiya məxsus humanitar missiya çərçivəsində 100 erməni hərbçi göndərmək qərarı da buradan qaynaqlanır. Düşünürəm ki, Ankara ilə Moskva arasında yaranmış problem qısa müddət ərzində çözüləcək, bunun üçün kifayət qədər səylər göstərilir”.