İsrail müdafiə nazirinin 5 günlük Bakı səfəri - niyə məhz indi?

15-09-2018, 08:46           
İsrail müdafiə nazirinin 5 günlük Bakı səfəri - niyə məhz indi?
Libermanın səfərinin bu cür uzun çəkməsi və danışıqların intensivliyi İsrailin Azərbaycan ətrafında cərəyan edən geosiyasi proseslərə xüsusi diqqətini nümayiş etdirir

Regionda geosiyasi proseslərin gərgin olduğu, İran-ABŞ münasibətlərinin kəskinləşdiyi, Qarabağ məsələsi ilə bağlı hansısa proseslərin getdiyi bir zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfər etməsi bu həftənin ən diqqətçəkən hadisələrindən oldu.

Virtualaz.org xəbər verir ki, Libermanın olduqca sıx qrafiki var. O, sentyabrın 12-də Gürcüstana qısa səfər edib və ertəsi gün dərhal Bakıya yola düşüb. Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə saatlarla sürən danışıqlar aparıb, daha sonra müdafiə naziri, fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı ilə görüşlər keçirib. İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də nəzərdə tutulub.

İsrail Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Libermanın Bakı səfəri sentyabrın 17-nə qədər davam edəcək. Beləliklə, İsrail dövlətinin müdafiə naziri və bu ölkənin aparıcı siyasi xadimlərindən biri Azərbaycanda daha 3 gün qalacaq. Bu, misli görünməmiş haldır və hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib.

Libermanın səfərinin bu cür uzun çəkməsi və danışıqların, görüşlərin intensivliyi Azərbaycanla İsrail arasında münasibətlərin strateji xarakterini, İsrail dövlətinin regionda, xüsusən də Azərbaycan ətrafında cərəyan edən geosiyasi proseslərə xüsusi diqqətini nümayiş etdirir.

İsrail üçün Azərbaycan dünyada əsas hərbi-siyasi tərəfdaşlardan biridir və Liberman özü dəfələrlə Bakıda səfərdə olub. Həm xarici işlər naziri, həm baş nazirin dəftərxanasının rəhbəri ranqında. Ancaq ilk dəfədir ki, o müdafiə naziri statusunda Bakıda beş gün qalacaq. Bu səfər regionda gərginliyin artdığı, Azərbaycan-Ermənistan qarşıdurmasının yeni fazaya daxil olduğu, Rusiya ilə Azərbaycanın hərbi-siyasi tərəfdaşlığının genişlənməsi və İran böhranının dərinləşməsi ilə bir vaxta təsadüf edir.

İsrail müdafiə nazirinin səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirdi ki, Aviqdor Liberman prezident İlham Əliyevlə görüşdə Azərbaycan xalqının tolerantlığından, yəhudlərin Azərbaycanda rahat yaşamalarından danışdı. Buna baxmayaraq, İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin əhəmiyyəti başqa idi: “Liberman tez-tez Bakıya gəlir. Liberman keçmiş illərdə Azərbaycana səfərləninin birində ölkəmizdə hətta 3 gün qalmışdı. İsrailin bölgədə iki müsəlman ölkəsi - Qazaxıstan və Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var. Bu, İsrailin özü üçün faydalıdır ki, özünə düşmən hesab etdiyi dövlətlərlə əhatə olunması fonunda müsəlman aləmində iki tərəfdaşı var. Təsadüfi deyil ki, İsrailin baş naziri bölgəyə son səfərində məhz Qazaxıstanda və Azərbaycanda olmuşdu. Libermanın Azərbaycana səfərinin budəfəki məqsədi də eynidir. İsrail Azərbaycanla hərbi əməkdaşlığı davam etdirmək istəyir. Azərbaycan bu vaxta qədər İsraildən 5 milyard dollar civarından silah və hərbi texnika alıb. Azərbaycan ordusu bu silahlardan 2016-cı ildə erməni separatçılarına qarşı da istifadə edib və hamı bu texnikanın yüksək keyfiyyətini gördü. Azərbaycan İsrailin məşhur ”Dəmir günbəz" raketlərdən müdafiə sisteminə də maraq göstərir. Əgər İsrail bu qurğunu Azərbaycana satsa Rusiyanın Ermənistana verdiyi raketlər Azərbaycan üçün təhlükəli olmayacaq.

Azərbaycan bu il Rusiyadan silah alışının həcmini azaldıb. Buna görə də İsrail silah təminatında Rusiyanı əvəz edə bilər. Rusiya Azərbaycana silah satandan dərhal sonra eyni növ silahları və hərbi texnikanı Ermənistanda yerləşdirir. Rusiya bunu ona görə edir ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə olmasın. Rusiyadan fərqli olaraq İsrail Ermənistana silah vermir. Çünki bu silahı almaq üçün Ermənistanın pulu yoxdur. Digər tərəfdən Liberman Azərbaycana səfərlər edir, rusiyalı rəsmilər kimi daha sonra balans naminə Ermənistana getmir".

Politoloq qeyd etdi ki, Libermanın Azərbaycana səfəri 3 dövləti narahat edir: Ermənistanı, Rusiyanı və İranı: “İsrailin müdafiə nazirinin Azərbaycana səfəri ona görə Ermənistanı narahat edir ki, Azərbaycan ordusu müasir silahlara yiyənlənir və işğala son qoymaq istəyir. Ancaq Ermənistan bunun qarşısını ala bilmir. İsrail Azərbaycana silah satarkən Ermənistanın mövqeyini nəzərə almır.

İsrailin müdafiə nazirinin Azərbaycana səfəri Rusiyanı ona görə narahat edir ki, bölgənin silah bazarında İsrail mövqelərini gücləndirir. Azərbaycan İsraildən milyardlarla dollar silah alırsa bu başqa dövlətlərin də İsrailin istehsal etdiyi silaha və hərbi texnikaya marağını artırır. Bununla da Rusiya rəqabətdə geri qalır.

İsrailin müdafiə nazirinin Azərbaycana səfəri İranı ona görə narahat edir ki, Tehranda bəziləri düşünür ki, İsrail-Azərbaycan hərbi əməkdaşlığı İrana qarşı yönələ bilər. Halbuki Azərbaycanın İsraillə hərbi əməkdaşlığı İrana qarşı deyil. Azərbaycanın İsraillə hərbi əməkdaşlığının yeganə məqsədi Ermənistana hərbi təzyiqi artırmaqdır. Bu isə İranı narahat etməməlidir. Başqa sözlə torpaqlarımız işğal altında olmasaydı Azərbaycan İsraillə hərbi əməkdaşlığa bu qədər maraq göstərməzdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.