Kanada İraqda hərbi missiyasını uzada bilər – «The Canadian Press»
17-09-2018, 07:31
Kanadanın İraqdakı missiyasının komandanı, general Kolin Kiver bəyan edib ki, Ottava bu ölkədə özünün hərbi kontingentinin mandatını uzada bilər. Generalın bəyanatını «The Canadian Press» agentliyi yayıb.
Generalın sözlərinə görə, İraq hökuməti «İslam dövləti» terrorçu qruplaşmasının darmadağın edilməsindən sonra da təhlükəsizliyin təmin olunması məsələsində Kanada və digər beynəlxalq həmkarlara bel bağlaya bilər: «Onlar çağırış edirlər – təhlükəsizliyin təmin olunması, sabitlik və İraqın çiçəklənməsi üçün onlara daimi dəstək lazımdır».
General qeyd edib ki, Kanada missiyasının 2019-cu ilin martına qədər uzadılması barədə təklif artıq payızda Kanadanın müdafiə nazirliyinə (MN) və Baş nazir Castin Tryüdoya göndərilə bilər.
2014-cü ilin oktyabrında, hələ Baş nazir postunda Stiven Harperin çalışdığı dövrdə Kanada dövləti ABŞ başda olmaqla, beynəlxalq koalisiyanın tərkibində «İslam dövləti» qruplaşması ilə mübarizə məqsədilə, Küveytdəki HHQ bazasında kiçik aviaqrupun və texniki personalın yerləşdirilməsi barədə qərar qəbul edib.
Bundan başqa, İraqın şimalına 69 instruktor göndərilib. 2016-cı ilin fevralında, Baş nazir Tryüdonun qərarı ilə Kanadanın HHQ Suriyada və İraqda terrorçuların mövqelərini bombalamağı dayandırıb, ancaq 2 kəşfiyyat təyyarəsi və bir yanacaqdolduran təyyarə müttəfiq aviasiyasına kömək üçün Küveytdə qalıb.
Sonradan Ottava özünün İraqdakı hərbi təlimatçılarının sayını 69-dan 230-ə qədər artırıb, Kanada əsgərinin Yaxın Şərqdəki ümumi sayı isə hazırda 830 nəfərə yaxın artıb.
AzPolitika.info