Ukrayna Rusiya ilə dostluq müqaviləsini ləğv etdi- yeni müharibə riski
19-09-2018, 08:55
Ukrayna prezidenti Pyotr Poroşenko Moskva ilə Kiyev arasında imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni ləğv edib. Ukrayna ilə Rusiya federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsini dayandırmaq barədə sənədi prezident iki gün öncə imzalayıb.
Qeyd edək ki, 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”də Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.
Ukrayna prezidentinin 1997-ci ildə Rusiya ilə imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”ni ləğv etməsi regionda yeni gərginliyin hər an baş qaldıracağı, Rusiya ilə Ukrayna arasında istənilən vaxt yeni müharibənin başlaya biləcəyi ehtimalını artırırmı? İki ölkə arasında münasibətlərin artıq daha da pisləşməsinə gətirəcəkmi bu addım?
Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Ukrayna arasında gərginlik neçə ildir davam edir. İki ölkə arasında artıq illərdir ki, elan edilməmiş müharibə gedir: “Nəticədə Ukrayna ərazisinin 20%-ni itirib. Ona görə də Ukrayna prezidentinin Rusiya ilə dostluq müqaviləsini ləğv etməsi çoxdan gözlənilirdi. Əslində hələ indiyə qədər ləğv edilməməsi təəccüblü idi. Rusiya ilə dostluq müqaviləsindən Ukraynanın çıxması irimiqyaslı müharibəyə səbəb olmayacaq. Rusiya ala bildiyini Ukraynadan alıb. Daha böyüyünə risk etməz. Ən azı indi etməz. Artıq xeyli müddət idi həmin dostluq müqaviləsi sənədi əslində formal kağız parçasına çevrilmişdi. İndi Ukraynanın Rusiya ilə dostluq müqaviləsindən rəsmi çıxması təbii ki, bu iki ölkə arasında münasibətləri daha mənfiliyə doğru aparacaq. Əgər bundan da mənfi mümkündürsə. Rusiya Krımı aldı, amma Ukraynanı itirdi. İtki qazancdan daha böyük oldu. Artıq bunun Moskvada da fərqindədirlər. Kreml sona qədər Kiyevi qaytarmağa, əlaqələri əvvəlki vəziyyətə qaytarmağa cəhd edəcək. Bunun mümkün olması isə məncə, Ukraynanın ərazi bütövlüyünün bərpasından sonra baş verə bilər".
Politoloq Elşən Mustafayev isə bildirdi ki, Ukrayna ilə Rusiya arasında davam edən gərginlik dövründə bir-birilərindən uzaqlaşmaq üçün maksimum addımlar atılıb. Bu addımlarda hər iki dövlətin payı var. Rəsmi Kiyev bu istiqamətdə daha çox fərqlənir: “Məktəblərdə rus dilində tədrisin məhdudlaşdırılması, Rusiya kanallarına qadağalar, Rusiyanın qəhrəman saydıqlarını düşmən, düşmən saydıqlarını qəhrəman eləmək, bir-birinə qarşı iqtisadi qadağalar və s. Bu siyahını daha da uzatmaq olar. 1997-ci ildə Rusiya ilə imzalanmış ”Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqaviləsi"nin ləğv edilməsini münasibətlərin məntiqi nəticəsi hesab edirəm. Aralarında hər hansı real dostluq, əməkdaşlıq yoxdursa, açıq şəkildə düşmənçilik ortada varsa, nominal olaraq bir müqavilənin qalmasına ehtiyac qalmamışdı. Təəssüf ki, iki ölkə faktiki olaraq müharibə vəziyyətindədir. Hətta bir çoxları bu müharibənin çoxdan başladığını deyirlər. Problemin həlli ilə bağlı Minsk razılaşdırılması ortada olsa da regiondakı nisbi sakitlik bundan sonra hər zaman pozula bilər. Ən azından Ukrayna hesab edir ki, Şərqi Ukraynada gedən müharibə Rusiya ilədir. Tanınmayan Donetsk və Luqansk respublikalarını da o yaradıb. Odur ki, iki ölkə arasında münasibətlər normallaşmayana qədər bu şəkildə olan addımlarla çox qarşılaşacağıq. Bu dövlətlərin münasibətlərinin necə olması isə digər keçmiş sovet respublikalarına da açıq və ya dolayısı ilə təsirini göstərir".