İki ölkə “Fələstinə muxtariyyət” məsələsində RAZILAŞIBMIŞ
20-09-2018, 20:43
Kemp Devid müqaviləsinin gizli sənədlərinə görə, Misir ilə İsrail İordan çayının qərb sahilində və Qəzzada fələstinlilərə “tam muxtariyyət” verilməsi məsələsində razılaşıblar.
Misir hakimiyyəti ABŞ-ın vasitəçiliyi ilə 1978-ci ildə imzalanan razılaşmanın sənədlərini 40 il sonra ictimaiyyətə açıqlayıb.
Kemp-Devid müqaviləsi, Misir prezidenti Ənvər Sadat ilə, İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından Kemp Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir. Bu müqavilə ilə ilk dəfə bir ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə normallaşdı. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə hava yolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq, Menaxem Begin və Ənvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.
Bu günlərdən Misir İnformasiya İdarəsi tərəfindən açıqlanan 1979-cu il tarixli, Misir XİN-in 6 səhifəlik sənədlərinə görə “Kemp Devid” müqaviləsi danışıqları zamanı Misir ilə İsrail İordan çayının qərb sahilində və Qəzzada “tam muxtariyyət” məsələsində razılaşıblar. Həmin əlavə sənəddə Misir ilə İsrail bu məsələrdə razılaşıblar: İordan çayının qərb sahili və Qəzza azad seçkilərlə vəzifə başına gəlmiş “muxtar rəhbərlik” tərəfindən idarə edilir, İsrailin silahlı qüvvələri Fələstin torpaqlarını tərk edir, yalnız müəyyən bölgələrdə təhlükəsizlik və ictimai asayiş üçün qüvvələr saxlanılır. İordan çayının qərb sahili ilə Qəzza zolağında “tam muxtariyyətə keçid dövrünün” 5 il olacağı vurğulanan sənəddə, fələstinnlilərin həmin yerlərdə “İdarə Məclisi” qurmasından sonrakı 3 il ərzində “muxtar idarəçiliyə keçməsinin qərara alındığı” bildirlir.
Sənəddə yazılıb: “İordan çayının qərb ahili ilə Qəzzanın qonşuları ilə münasibətdə son vəziyyətinin müəyyənləşdirilməsi üçün müzakirələr aparılacaq. Həmin müzakirələrdə Misir, İordaniya, İsrail, Qəzza və İordan çayının qərb sahillərinin nümayəndələri iştirak edəcək. Keçid dövrü başa çatdıqdan sonra İordaniya ilə İsrail arasında sülh müqaviləsi imzalanacaq”. Həmçinin fələstinlilərin öz müqəddəratlarını təyin eləmək hüquqlarının müəyyənləşdiriləcəyi bildirilir.
Sənəddə İsrail ilə qonşularının təhlükəsizliyi üçün bütün tədbirlərin görüləcəyi, Fələstin muxtar rəhbərliyinin yerli qüvvə yaradacağə və bu qüvvənin Fələstinin daxili təhlükəsizliyi üçün təyin edilmiş, İsrail, Misir və İordaniyadan olan zabitlərlə əlaqə saxlayacağı qeyd edilir.
Sənəddə “fələstinli qaçqınlar məsələsində təcili və ədalətli addımlar atılmasına səy göstəriləcəyi” bildirilir.
Fələstin – İsrail müzakirələti 4 il əvvəl İsrailin Fələstin torpaqlarında yaşayış məntəqələri tikməyi dayandırmağı və 1967-ci il sərhədləri çərçivəsində ikidövlətli həll təkliflərini rədd elədiyi üçün dayandırılmışdı.
Kemp Devid razılaşması zamanı ilk dəfə olaraq bir ərəb dövləti – yəni Misir İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını de-yure qəbul eləmişdi.
Hurriyyet.org