Trampın Azərbaycana təklif etdiyi səfir Senatda təsdiq olunmaya bilər - GƏLİŞMƏ
27-09-2018, 09:16
Amerikanın Azərbaycandakı səfir postu 6 aydır boşdur. Artıq 20 gündür Ağ Evin sahibi Donald Tramp İrli Litsenbergeri öz ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə təklif edib. Senatın bu təklifi nə zaman müzakirə edib hansı qərarı verəcəyi məlum deyil.
Qaydaların necə olduğu, bu sürəcin nə vaxta qədər uzana biləcəyi yönündə çoxsaylı fikirlər səslənməkdədir. Bundan sonra bir neçə ay da ölkəmizdə ABŞ səfiri postunun boş qalma ehtimallarından söz açılır. Eyni zamanda yeni səfirdən gözlənitlər də müzakirələr sırasındadır.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında onu qeyd etdi ki, ABŞ-ın Azərbaycana səfir təyinatının yubadılması ilk baxışda doğrudan da suallar yaradır: “Cənubi Qafqazın ABŞ üçün əhəmiyyətli olan bir dövlətində aylardır ki, yeni səfirin təyin edilməməsi müxtəlif müzakirələrə səbəb olub. Bir çoxları bunu Azərbaycana olan marağın azalması kimi dəyərləndirir. Mən hesab edirəm ki, bu, təyinatın ləngiməsinin səbəbi deyil. ABŞ hazırda dünyada baş verən proseslərin önündə olan və hər bir xırda detala önəm verən bir dövlətdir. Azərbaycana olan marağında da heç bir dəyişiklik yoxdur. Eyni zamanda bu gün Azərbaycan hansısa proseslərin getdiyi ölkə deyil və bəzi məsələlərdə soyuqluğun olmasına baxmayaraq əlaqələr öz axarında davam edir. Məsələnin bu vaxta qədər uzanmasını isə Azərbaycanla bağlı perspektiv planlara uyğun namizədin müəyyənləşdirilməsi ilə əlaqələndirə bilərəm. ABŞ-da səfir təyinatı proseduru standart qaydada həyata keçirilir. Prezident namizədi təklif edir, Senatda müzakirələrdən sonra səsvermə ilə təsdiq olunur. Təsdiq olunmadığı halda isə yeni namizəd təqdim olunur. Bir çox ölkələrlə bağlı səfir təyinatında buna oxşar hallar olub. Səbəblər isə müxtəlif ola bilər. Prezidentin kadr axtarışı baxımından namizəd seçiminin uzanması, yaxud konkret səbəblərdən dövlətlərlə aralarında olan münasibətə görə saymazlıq görüntüsü yaratmaq naminə təqdimatın gecikdirilməsi və s. Eyni zamanda Senatda namizədin şəxsi keyfiyyətləri, iş təcrübəsi, mövqeyi senatorları qane etməyə bilər. Beləliklə, burada iki məqam görürük. Birincisi, dediyim kimi, səfir təqdim olunmasının gecikməsi, ikincisi isə namizədin Senatdan keçib-keçməməsi. Bunlar tamam ayrı-ayrı məsələlərdir. Bizimlə bağlı hansısa səbəbdən namizədin müəyyənləşməsi geciksə də, artıq prezident yeni səfiri təqdim edib. Bundan sonrakı mərhələ Senatdan asılı olacaq. Orada necə olacağı isə tamam ayrı bir məsələdir. İndiki halda prezidentin təklifindən sonra səfirin Senatın təsdiqindən keçməsi mütləqdir. İstənilən səfir namizədin Senatdan keçməməsi mümkündür. O cümlədən Azərbaycana təyin ediləcək səfirin də. Amma olur ki, müzakirələr uzanır, çoxsaylı dinləmələr olur, yaxud konkret olaraq səs çoxluğu ilə onun təsdiqinin əleyhinə səs verilir. Belə olan halda prezident eyni namizədi bir daha təklif edə və ya yeni namizəd göndərə bilər. Təcrübədə bu çox olub. Xatırlayırsınızsa, illər öncə Azərbaycana səfir təklif edilmiş Metyu Brayzanın namizədliyi Senatda bir il yarım sonra təsdiqdən keçdi. Bu müddət ərzində bir çox senatorlar onun təsdiqini bloklayırdılar. Ermənilərə işləyən lobbi təşkilatları senatorlar vasitəsilə bu təyinatın olmamasına çalışırdılar. Səbəb kimi isə Brayzanın Azərbaycan rəhbərliyi ilə yaxşı münasibətdə olmasını göstərirdilər. Eyni vaxtda Türkiyəyə təyin ediləcək səfirlə bağlı da Senatda problem yaranmışdı. Belə məsələlərdə biz Senatın yox, prezidentin mövqeyini dövlət mövqeyi kimi qəbul etməliyik”.
Ekspert İrli Litzenbergerin Senatda problem yaşayacağını düşünmür: “Hesab edirəm ki, yaxın vaxtlarda İrli Litzenberger təsdiqdən keçib Bakıya gələcək. O, kifayət qədər təcrübəli diplomatdır. Onun son iş yeri Dövlət Departamentində siyasi və hərbi məsələlər üzrə baş müşavir olub. Bu vəzifəni daşıyan bir kadrın kifayət qədər informasiyalı, dünyada baş verən proseslərin mətbəxindən məlumatlı olması şübhəsizdir”.
E.Mustafayev Trampın namizədinin indiyə qədərki fəaliyyətindən də söz açdı: “Diplomatik fəaliyyətində NATO-nun Brüsseldəki mənzil qərargahında missiya rəhbərliyinin müavini, ABŞ-ın Avropa İttifaqındakı missiyasının rəhbəri olub. ABŞ-ın Serbiyada, Qırğızıstanda, Qazaxıstanda, Əlcəzairdəki səfirliklərində çalışıb. Fransanın Marsel şəhərində olan baş konsulluqda, NATO-nun Əfqanıstandakı mülkü nümayəndəliyinin rəhbərinin müavini olub. Göründüyü kimi, dünyanın bir çox sabit, qeyri-sabit və orta sabitlik kimi dəyərləndirilən dövlətlərində diplomatik işdə olub. O, həmçinin ABŞ Dövlət Departamentində Yaxın Şərq Bürosunun katibinin hərbi-siyasi məsələlər üzrə müavini vəzifəsini də daşıyıb. Bunlar onu deməyə əsas verir ki, hərtərəfli təcrübəyə malik bir diplomatdır. Yəni diplomatik tərcümeyi-halından bu nəticəyə gəlmək olar. Amma daha dəqiqini təsdiq olunacağı halda Bakıdakı fəaliyyətinin gedişində söyləmək olacaq. Adətən ABŞ səfirlərinin ilk bir neçə ayda göstərəcəyi işlərdən sonra hansı siyasi missiyanı daşıdığı aydın olur. Diplomatik nəzakət qaydaları, rəsmi və qeyri-rəsmi görüşlər münasibətlərin səviyyəsini ölçməyə imkan vermir. Fəaliyyətin gedişatında rəsmi Vaşinqtondan gələn reaksiyaların necə olacağı səfirin işinin göstəricisi ola bilər. Yəni arada soyuqluq varsa və bu soyuqluğun ortadan qaldırılmasında ABŞ maraqlıdırsa, sözsüz ki, səfir bütün gücü ilə bunu həll etməyə çalışacaq. Yaxud soyuqluğun yaranmasına səbəb olan məsələlərin çözülməsi vacib şərt olaraq gündəlikdədirsə, o zaman bu istiqamətdə fəaliyyətinin şahidi olacağıq”.